Əlaqə Arxiv
news Image
2019.05.30
17:00
| A A A
"Çelsi" - "Arsenal": nə üçün Britaniya KİV finalda "uduzdu"?

Rusiyanın "News.ru" portalı Azərbaycan paytaxtının avrokubokun finalının təşkilinin öhdəsindən şərəflə gəlməsi, iki London komandasının isə azarkeşlərə əla tamaşa nümayiş etdirməsi haqqında yazı hazırlayıb. Movqe.az həmin yazını təqdim edir...

Güzgünü günahlandırmağa dəyərmi?

"Çelsi" və "Arsenal" arasındakı Avropa Liqasının final oyunu ərəfəsində La-Manşın o biri tərəfində belə mühüm matça ev sahibliyi etmək üçün Azərbaycan paytaxtını seçən Avropa Futbol Assosiasiyaları İttifaqına (UEFA) qarşı əsl informasiya kampaniyası başlandı. Britaniya mediasında çox müxtəlif arqumentlər irəli sürülürdü. Əvvəlcə, məsələn, "Arsenal"ın və Ermənistan millisinin forvardı Henrix Mxitaryanın təhlükəsizlik səbəbləri ilə Bakıya uçmaqdan imtina etməsi mövzusunda narazılıqlarını bildirdilər.

Əslində bu qərar birmənalı deyildi. Məsələn, ötənlərin tanınmış sovet və ukraynalı futbolçusu Oleq Bloxin Mxitaryanın Avropa Liqasının final oyununda iştirakdan könüllü imtinasını axmaqlıq adlandırdı. Elə görüşün yekun nəticəsi - "Çelsi"nin böyük hesablı qələbəsi (4:1) də erməni futbolçunun meydanda olması ilə "Arsenal"ın daha yaxşı oynaya biləcəyinin mümkünlüyünü göstərir. Lakin bu məhz elə haldır ki, futbolçunun istənilən qərarına hörmət və onu qəbul etmək lazımdır. Çünki bu yalnız onun seçimidir, başqa heç kimin yox.

Yeri gəlmişkən, oyun günündə Mxitaryanın soyadı yazılmış futbolkalarda Bakıda gəzişən indoneziyalı azarkeşlərin yerli polis tərəfindən saxlanılması ilə bağlı video internetdə çoxsaylı baxış topladı. Amma tabloidlər buna da "ilişə bilməzdi". Çünki ekzotik azarkeşlər saxlanıldıqları kimi sakit şəkildə də sərbəst buraxıldılar.

Ardından çərşənbə günü Azərbaycan paytaxtından başqa bir qaynar xəbər gəldi - azarkeşlər arasında dava barədə. Amma Britaniyanın başverənləri görüb güzgüyə baxmaqdan başqa çarəsi qalmamışdı... Gördüklərinin nə olduğu isə aydın məsələdir. Axı başqa planetdə, hətta başqa qalaktikada olsalar da, yumruqla münasibətləri ayırd etmək şakərindən əl çəkməyən ingilis azarkeşlər öz aralarında dava etmişdilər.

Logistika ilə bağlı çətinliklər barədə də Bakının ünvanına çoxlu tənqidlər ünvanlanmışdı. Guya Londondan Xəzər dənizinin sahillərinə birbaşa reyslər azdır, başqa ölkələrdən tranzit yolu ilə uçmaq isə çox uzun və bahadır. Hətta belə bir rəqəm də göstərilirdi: qeyd olunan yol problemləri səbəbindən Bakıya səfərdən imtina etmək məcburiyyətində qalan London klublarının azarkeşləri tərəfindən altı min bilet alınmayıb və ya geri qaytarılıb.

Çeferindən tərif

Nəticədə kimisi təəssüflə, kimisi isə pis niyyətli Avropa Liqasının final matçında Bakı Olimpiya Stadionunun yarı boş tribunalarını görməyi gözləyirdi. Bəli, obyektiv olsaq, hətta televiziya görüntülərindən də tribunaların tam dolmadığı nəzərə çarpırdı. Amma statistik məlumat da var ki, ona qarşı gəlmək olmaz. Statistika deyir ki, Bakı finalının tamaşaçı auditoriyası 51370 nəfər olub. Bu isə turnir tarixində həlledici matçın azarkeş sayı baxımından üçüncü göstəricisidir. Rekord azarkeş sayı isə ötən il Fransanın Lion şəhərində Marsel "Olimpik"i ilə Madrid "Atletiko"su arasında oynanılmış qarşılaşmada (55768 nəfər) qeydə alınıb. Gördüyünüz kimi, fərq çox cüzidir və buna görə Azərbaycanın paytaxtındakı finalın təşkilatçıları fəxr edə bilərlər.

Doğrudur, London derbisini canlı izləyən azarkeşlərin çoxu sosial şəbəkələrdə tribunaların meydandan uzaq olmasının - Bakı stadionunda azarkeş sektorları qazondan qaçış zolaqları ilə ayrılır - izləmə təəssüratlarını pozmasından şikayətlənib. Ötənlərin tanınmış ingiltərəli futbolçusu, hazırda isə teleekspert işləyən Qari Lineker də bu mövzuya şərh verərək "Twitter" səhifəsində "Stadionda yerinizi aldıqdan sonra meydana evdən çıxdığınız zamandakından çox da yaxın olmursunuz" yazıb.

Mübahisə etməyəcəyik: meydan ətrafında qaçış zolaqları olan arenalar müasir təmiz futbol stadionları dövründə anaxronizm kimi görünür. Amma birincisi, azarkeşlər belə çatışmazlıqla yalnız Azərbaycan paytaxtında qarşılaşmırlar - bu cür universal arenalar hələ də Avropada, xüsusilə də futbol planında elə də inkişaf etməyən ölkələrdə kifayət qədərdir. İkincisi, hətta bu konstruksiya çatışmazlığı da "Köhnə dünya"nın 11 şəhəri ilə yanaşı, Bakıda da AVRO-2020-nin bir neçə oyununun keçirilməsinə heç bir təsir göstərməyəcək.

Ümumiyyətlə, UEFA prezidenti Aleksander Çeferin təşkilatçıların Avropa Liqasının finalına hazırlıq işlərini yüksək qiymətləndirib.

"Burada hər şey ideal təşkil edilib və Bakı turnirin finalına hazırdır. Hazırda hər şey qonaqpərvər və əla görünür. Düzünü desəm, iradları başa düşmür, heç bir çətinlik görmürəm. Əlbəttə, azarkeşlərə Bakı və ya məsələn, Bilbao ilə müqayisədə London və Romada bilet almaq və otel bron etmək asandır. Amma bu, o demək deyil ki, biz bu şəhərlərdə oyunlar keçirməməliyik", - UEFA rəhbəri bildirib.

Azarın dublu, Çexin üzüntüsü və 60 ildə ilk kubok

Komandalar ilk hissəni bir qədər çəkinərək keçirdi və nəticəsə fasiləyə qədər hesab 0:0 qaldı. Əvəzində görüşün ikinci hissəsi istənilən zövqdə vurulan qollarla yadda qaldı. "Arsenal" tərəfdarları üçün təəssüf doğuran məqam o idi ki, oyunda havanı Obameyanq-Lyakazett tandemi müəyyənləşdirmirdi. Diqqəti üzərinə çəkən "Çelsi"nin əsas ulduzu Eden Azar oldu: belçikalı "Real Madrid"ə keçidi öncəsi "mavilər"lə effektiv şəkildə vidalaşdı. Azara oyunda ikinci - ən əhəmiyyətli qolu vuran Pedro Rodriges də böyük kömək etdi.

"Topçular"ın qapısına vurulan qollardan birinin müəllifi isə Olivye Jiru oldu. "Arsenal"ın sabiq hücumçusu "Çelsi"nin keçmiş qapıçısı Petr Çexi məyus etdi - necə də intriqalıdır! Final fitindən sonra məşhur qoruyucu dəbilqəli çexiyalı qapıçıya baxmaq üzücü idi. Axı o, mövsümün sonunda karyerasını bitirəcəyini açıqlamışdı və böyük futboldan heç də belə kədərli notlarla ayrılacağını düşünməzdi...

Futbol belədir: Çex və "Arsenal" tərəfdarları məyus oldular, əvəzində "göylər"in düşərgəsində əsl bayram ab-havası hökm sürürdü. "Çelsi" Avropa Liqasında ikinci dəfə (ilk dəfə 2013-cü ildə) qalib gəldi, komandanın italiyalı baş məşqçisi Mauritsio Sarri isə 60 yaşında məşqçilik karyerasında ilk kubokunu qazandı. Futbolda belə şeylər də olur.

Heç şübhəsiz, Avropa Liqasının Bakı finalı yüz faiz uğurlu alındı və futbol tarixinə növbəti parlaq səhifə kimi daxil oldu.

Sizin Reklam Yeriniz