Əlaqə Arxiv
news Image
2019.05.31
10:20
| A A A
Azərbaycan regionda ABŞ-ın əsas tərəfdaşına çevrilir
Nəzakət Məmmədova: “Müasir dövrdə Rusiya ilə İranın qovşağında yerləşən Azərbaycan ABŞ üçün çox vacibdir”

Son bir həftə ərzində Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevə ikinci dəfə məktub ünvanlayıb. Onun son belə məktubu Azərbaycanda keçirilən XXVI Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisilə bağlıdır. Bu məktubda ABŞ-ın dölət başçısı yazıb ki, Azərbaycan özünün tarixində bugünkü qədər firavan və qlobal iqtisadiyyata bağlı olmayıb. Cənub Qaz Dəhlizi daxil olmaqla, Azərbaycanda hasil olunan neft və qaz dünya enerji bazarlarında sabitliyi artırmaqda davam edir. 

Tramp həmçinin, Azərbaycanın enerji sahəsində daha böyük lider rolunda çıxış edəcəyinə əminliyini ifadə edib: “Türkmənistan və Şərqi Aralıq dənizi hövzəsi ölkələri kimi digər potensial təchizatçılarla tərəfdaşlıq quraraq Azərbaycan daha böyük liderlik rolu oynaya bilər. Ölkənizin uğurlarını genişləndirməyin əsl vaxtıdır.  Amerika Birləşmiş Ştatları xarici sərmayələrin cəlb edilməsi və innovasiyaların təşviqinə xidmət edəcək iqtisadi islahatların davam etdirilməsində səylərinizi dəstəkləyir. Azərbaycanın iqtisadi uğuru bütün regiona sabitliyin gətirilməsinə yardım edəcəkdir”. Sonda ABŞ prezidenti birgə səylərlə Cənubi Qafqazın  daha da dinc, demokratik və firavan olması üçün əməkdaşlığın davamlı olmasını arzulayıb. 

Qeyd edək ki, bu, son bir həftədə Trampın Azərbaycan Prezidentinə yazdığı ikinci məktubdur. O, bundan əvvəlki məktubu mayın 24-də ünvanlayıb. Həmin məktubda Azərbaycanı Respublika Günü münasibətilə təbrik edib.

Göründüyü kimi, bu məktublarda ABŞ prezidenti Azərbaycanın lider ölkə rolunun  daha da artırılmasının vacibliyini vurğulayıb. Həmçinin, o qeyd edib ki, Azərbaycan öz uğurlarını genişləndirmək üçün bütün imkanlara malikdir. Bu amillər ABŞ-ın Azərbaycana verdiyi strateji əhəmiyyətin göstəricisidir və ölkəmizlə əlaqələrin inkişafında xüsusi marağın olmasının təsdiqidir. Bunu şərtləndirən səbəblər hansılardır və tərəflərin qarşılıqlı əməkdaşlıqdan qazanacaqları üstünlüklər nədən ibarət olacaq?

Politoloq Nəzakət Məmmədova qeyd etdi ki, Trampın bu məktublarında yeni və maraq kəsb edən nüanslar öz əksini tapıb: “ABŞ kimi fövqəldövlətin birinci şəxsinin istənilən ölkənin dövlət rəhbərinə yazdığı məktub hər zaman xüsusi diqqət mərkəzində olur. Bunu obrazlı şəkildə bir nömrəli məktub da adlandıra bilərik.

Bu məktublarda ABŞ-ın Azərbaycana münasibəti, gələcək strategiyasına dair müəyyən çalarları sezə bilərik. Trampın məktubu da bu mənada ona görə əhəmiyyətlidir ki, burada yeni və maraqlı nüanslar öz əksini tapıb. Məktublar təkcə protokol xatirinə göndərilən məktub xarakteri daşımır. Burada eyni zamanda, Bakı ilə Vaşinqton arasında münasibətlərin müasir səviyyəsinə və gələcək perspektivlərə aid fikirlər də yer alıb. Bu məktblarda Azərbaycanın heç zaman bu qədər firəvan və qlobal iqtisadiyyata malik olmadığı göstərilr. Yəni ABŞ prezidenti də Azərbaycanın bu rolunu etiraf edir. Beynəlxalq reytinq agentlikləri tərəfindən də Azərbaycan iqtisadiyyatı ən uğurlu və ən sürətlə inkişaf edən iqtisadiyyat kimi qiymətləndirilib”.

Həmsöhbətimiz bildirdi ki, Tramp tərəfindən Azərbaycan həmçinin dünya neft bazarında sabitləşdirici rol oynayan ölkə kimi də qeyd edilib: “Məktubda ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rol qeyd edilərək, dünya neft-qaz bazarında Azərbaycanın sabitləşdirici ölkə qismində çıxış etməsi də xüsusi olaraq vurğulanıb. Uzun illər bildiyimiz kimi, Türkmənistan ümumən neytral ölkə kimi çıxış edirdi. İndi isə bu ölkə də özünün qaz ehtiyatları ilə Avropa bazarına çıxmağa çalışır. Təbii ki, burada Amerikanın da rolu vardır. Azərbaycan da burada əvəzolunmaz tranzit və birləşdirici ölkə kimi qeyd olunur. Son dövrlər ölkəmizdə iqtisadi, siyasi sahələrdə mühüm islahatlar həyata keçirilir. ABŞ prezidenti də ölkəmizdə keçirilən islahatlardan məmnun olduğunu və bunun sülhə, sabitliyə töhfə vercəyini qeyd edib. Azərbaycan elə ölkədir ki, buradakı sabitlik və iqtisadi inkişaf bütün bölgədə sabitlik və inkişafın olmasına təsir etmək gücündədir.

Bu gün Gürcüstan Azərbaycanın hesabına ayaqda qalır, Mərkəzi Asiya isə məhz ölkəmizin hesabına dünya bazarına çıxır. Yəni Azərbaycan sabitlik sindromu gətirmək mənasında Mərkəzi Asiya, Cənubi və Şimali Qafqaz, İrana təsir etmək gücündədir. Tramp da məktubunda bu amilləri qabardıb. Bütün bunlar bölgədə Azərbaycanın artan rolunun fövqəldövlətin rəhbəri tərəfindən etirafıdır”.

N. Məmmədova onu da vurğuladı ki, əvvəllər ABŞ-la Azərbaycan arasında ikitərəfli münasibətlərdə ölkəmizdə insan haqları məsələsinə xüsusi önəm verilirdisə, Trampın son məktublarında artıq bunların olmadığını görürük: “Nə Trampın məktublarında bu məqamlar qeyd olunmayıb, nə də ABŞ-ın ölkəmizdəki səfiri bu kimi məsələni xüsusi olaraq vurğulamayıb. Bu, o deməkdir ki, əvvəllər ABŞ insan haqları məsələsilə Azərbaycana açıq şəkildə təsir etməyə çalışdığı halda, artıq Vaşinqton belə bir iddiasından geri çəkilib. Bəzi qüvvələrin də bu fonda ümid etdikləri kimi ABŞ Azərbaycanda dəyişikliklərə cəhd göstərəcəyi və müəyyən müxalifət qüvvələrini dəstəkləyəcəyini artıq görmürük. ABŞ səfiri gələndən bəri müxalifətlə görüşməyib, çıxışlarında ölkəmizi insan haqlarına görə tənqid etmir. Bu da o deməkdir ki, ABŞ Azərbaycandakı insan haqları məsələsindən məmnundur. Bu istiqamətdə onun hər hansı bir narahatlığı yoxdur. Olsaydı, Tramp məktublarında bunu açıq şəkildə etiraf edərdi.

Bilirik ki, ABŞ bir neçə sferada, demokratiya, insan haqları, təhlükəsizlik və enerji sahələri üzrə hər zaman Azərbaycanla münasibətlər qurmağa çalışıb. İndi isə məktubların məzmunundan da göründüyü kimi Vaşinqtonun Azərbaycanda insan haqları sahəsində heç bir narahatlığı yoxdur. Əvvəllər isə ABŞ-Azərbaycan münasibətlərində məhz bu amil əsas problem yaradırdı. Bu gün isə ABŞ-ın həmin istiqamətdə narahat olduğunu hiss etmirik. Belədə bundan sonra ABŞ Azərbaycanla daha yumşaq davranacaq. Burada İran amilinin, Türkmənistan qazının dünya bazarına çıxmasının da xüsusi rolu vardır. Ona görə də müasir dövrdə Rusiya ilə İranın qovşağında yerləşən Azərbaycan ABŞ üçün çox vacibdir”.

R. SOLTANOV

 

Sizin Reklam Yeriniz