Əlaqə Arxiv
news Image
2019.06.01
09:00
| A A A
Cəbhə təxribatları yeni Qarabağ savaşını körükləyir
Ekspert: “Azərbaycan tərəfinin verdiyi bəyanatlarda müharibə ritorikasının artması İrəvana verilən açıq mesaj kimi qiymətləndirilməlidir”

Cəbhədə düşmən təxribatı yenidən artıb. Yenə də işğalçı ölkə təmas xəttində atəşkəsi pozmaqda, təxribatlara əl atmaqda davam edir. Nəticədə mayor Aqil Omarov qəhrəmancasına həlak olub. Məsələ barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunur: "Xüsusilə qeyd etmək istərdik ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bölgəyə səfəri zamanı Ermənistan silahlı qüvvələri tərəfindən törədilən bu qanlı əməl təxribat xarakteri daşıyır və münaqişənin həlli üzrə aparılan danışıqları pozmaq məqsədinə xidmət edir. İşğalçı Ermənistan rəhbərliyinin sözdə münaqişənin həlli üzrə sülh şəraitinin yaradılması bəyanatlarının real və praktiki addımlarla müşayiət olunmadığını, əksinə Ermənistanın təxribatçı fəaliyyəti ilə sülh danışıqlarına xələl gətirmək niyyətini açıq şəkildə nümayiş etdirən bu qanlı əməl qəti qəbuledilməzdir və danışıqlar prosesinə zərbə vurur. Törədilmiş qanlı cinayətin bütün mümkün mənfi nəticələrinə görə məsuliyyət tam şəkildə Ermənistanın üzərindədir". Bununla Bakı bir daha bəyan edir ki, cəbhə insidentləri nəticəsində müharibənin yenidən alovlanmasına görə bütün məsuliyyət məhz erməni tərəfinin üzərinə düşür. 

MDHP-nin sədr müavini, politoloq Elşən Mirzəoğlu bildirdi ki, erməni təxribatlarının artmasına səbəb İrəvan hakimiyyətinin konstruktiv danışıqlardan qaçmaq niyyətindən qaynaqlanır: “Düşünürəm ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin bölgəyə səfəri ərəfəsində Azərbaycan-Ermənistan təmas xəttində atəşkəsin pozulması, ermənilərin yenə də təxribata əl atmaları təbii ki, İrəvan tərəfindən artıq ənənə halını alıb. Bunun da səbəbi ilk növbədə Paşinyan  hakimiyyətinin münaqişənin tənzimlənməsilə bağlı məsələdə sərgilədiyi qeyri-konstruktiv mövqedir”. 
E. Mirzəoğlu qeyd etdi ki, hazırda Paşinyan iqtidarı Qarabağ probleminin çözülməsilə bağlı konkret siyasi mövqeyə malik deyil: “Ermənistan xarici işlər nazirinin bu günlərdə yaxın perspektivdə münaqişənin həllilə bağlı addımlar atılacağı və belədə pozitiv qərarların qəbulunu istisna etməməsinə rəğmən, bu fonda Ermənistan tərəfindən təxribatla bağlı atılan addımlar göstərir ki, əslində, Paşinyanın özü də mövcud problemə münasibətdə ikili standartlardan yanaşır. Bu, bir tərəfdən, onun komandasının “Qarabağ klanı” ilə həlledici mübarizəyə hazır olmaması ilə bağlı olaydan irəli gəlir. Yəni ilk baxışda parlament seçkilərində Paşinyan qalib gəlsə də, sabiq prezident Robert Köçəryanın azad edilməsi fonunda Ermənsitanın məhkəmə strukturlarının sərgilədiyi mövqeyi də gördük. Hansı ki, bu mövqeyin arxasında hüquqi müstəvidən daha çox geosiyasi maraqlar, hətta Rusiyanın müəyyən təzyiq rıçaqları da var. Çünki, Moskva “Qarabağ klanı”nın fəallaşması və siyasi hakimiyyətə qayıdışında maraqlıdır.  Ona görə ki, Paşinyanın özünü müəmmalı şəkildə aparması Kremli narahat edir. Bu səbəbdən də Paşinyan hakimiyyətinin kifayət qədər ziddiyyətli mövqe sərgilədiyini müşahidə edirik. Onun siyasi komandası da yetərincə formalaşmayıb. Paşinyan baş nazir olsa da, prezident kürsüsündə köhnə komandanın təmsilçisi əyləşib. Ona görə də Paşinyan problemin həlli istiqamətində atıla biləcək məsuliyyəti öz üzərinə götürmək meylindən uzaqdır. Ona görə də vaxtı uzadır, danışıqları danışıqlar naminə aparır, ara-sıra da təmas xəttində təxribatlara gedirlər. 
Paşinyan Qərbin müxtəlif qurumları qarşısında bəzi öhdəlklər götürüb.  Məlumdur ki, Paşinyan Soros Fondunun maliyyə dəstəyilə hakimiyyətə gəlib. 
Götürdüyü bu öhdəliklər və bir il ərzində xalqın maddi durumunu yaxşılaşdırmaq istıqamətində konkret addımlar ata bilməməsi, klan tərəfindən təpkiyə məruz qalan kimi xalqı yenidən küçələrə çaöırması göstərir ki, Paşinyanın sosial bazası artıq kifayət qədər zəifləyib. Ona görə də danışıqları da ancaq danışıqlar naminə aparırlar”. 
Ekspertqin qənaətincə, erməni təxribatlarının davam etməsi fonunda Azərbaycan tərəfinin düşmənə güc nümayiş etdirməsinə də zərurət yarana bilər:  “Ermənistan tərəfi Azərbaycan tərəfinin 2016-cı ilin aprel döyüşlərində hansı güc və qüdrətə malik olduğunu anlayıb. Hərbi ekspertlər də qeyd edir ki, yay aylarında hərbi əməliyyatların başlama ehtimalı kifayət qədər böyükdür. Azərbaycanın müdafiə naziri qeyd edib ki, Ermənistan problemi danışıqlar masası arxasında həll etmək istəmirsə, onda burada diplomatları hərbçilər əvəz edə bilər. Düşünürəm ki, bu mənada Azərbaycan tərəfinin verdiyi bəyanatlarda müharibə ritorikasının artması İrəvana verilən açıq mesaj kimi qiymətləndirilməlidir”. 
Rüfət NADİROĞLU 
  

 

Sizin Reklam Yeriniz