Əlaqə Arxiv
news Image
2019.06.05
07:00
| A A A
Azərbaycan və Türkiyədən Ermənistana yeni hərbi mesaj
Üzeyir Cəfərov: “İrəvan bu təlimlərdən narahat olmaq istəmirsə, işğala son qoymalıdır”

Son bir ay ərzində Azərbaycanla qardaş Türkiyə arasında birgə hərbi təlimlər daha intensiv xarakter alıb ki, bu da Ermənistanı əməlli-başlı təşvişə salıb. Qeyd edək ki, Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, mayın 1-dən 3-nə kimi ölkəmizdə “Mustafa Kamal Atatürk-2019” Azərbaycan-Türkiyə döyüş atışlı birgə taktiki təlimi keçirildi.

Həmin təlimin əsas məqsədi qərargahların müştərək planlarının hazırlanması, şəxsi heyətin döyüş hazırlığı səviyyəsinin artırılması, onların birgə əməliyyatlar keçirmək vərdişlərinin inkişaf etdirilməsi ilə Azərbaycan və Türkiyə hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinin əlaqələndirilməsinə nail olmaq, həmçinin təcrübə mübadiləsi yolu ilə iki ölkənin hərbi qulluqçularının qarşılıqlı münasibətlərini və anlaşmasını yüksək səviyyədə saxlamaqdan ibarət olub. Sözügedən birgə təlimə iki ölkə ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, Hərbi Hava Qüvvələrinin döyüş və nəqliyyat helikopterləri, həmçinin hava hücumundan müdafiə və zenit-raket bölmələri cəlb edilib. Ardınca növbəti birgə hərbi təlim “Anadolu Ankası-2019” adı altında mayın 13-24 arasında Türkiyənin Konya vilayətində oldu. Hansı ki, bu təlimlərdə Türkiyə və Azərbaycanla yanaşı Qətər, Gürcüstan, İtaliya, Pakistan və Rumıniya Hərbi Hava Qüvvələrinin təyyarələri də iştirak edib.

İyunun 7-dən 11-nə kimi isə Naxçıvanda “Sarsılmaz qardaşlıq-2019” adı altında birgə döyüş atışlı taktiki təlimlərə start veriləcək. Artıq təlimə cəlb edilmiş Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyət və hərbi texnikası Naxçıvana gəlib.  İki qardaş ölkə arasında intensivləşən birgə hərbi təlimlərin keçirilməsinə səbəb nədir? Təlimlərin belə intensiv xarakter alması artıq onsuz da həyəcan içində olan ermənilərin daha da narahat olmalarına gətirib çıxarmayacaq ki? 

Hərbçi-ekspert Üzeyir Cəfərov qeyd etdi ki, Türkiyə-Azərbaycan birgə hərbi təlimləri əvvəlcədən planlaşdırılmış formada həyata keçirilir: “Bildiyim qədər iki qardaş ölkə olan Azərbaycanla Türkiyə bu il üçün daha bir neçə birgə hərbi təlimlər keçirəcəklər. Hətta üçtərəfli, Azərbaycan-Türkiyə-Gürcüstan birgə hərbi təlimləri də olacaq.

Təlimləri nə ermənilər, nə də digər kimlərəsə görə planlaşdırıb həyata keçirmirik. Sadəcə son vaxtlar vaxt baxımından həqiqətən də ard-arda hərbi təlimlər keçirilir. Əvvəlcə bu tip təlimlər Azərbaycanda baş tutdu. Ardınca isə Türkiyənin Konya şəhərində olub, indi də Naxçıvanda keçirilir. Türkiyə ərazisində praktik təlimlər baş tutdu. Yaxın aylarda isə Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakı ilə böyük bir hərbi təlimin keçirilməsi planlaşdırılıb. Bu təlimləri hazırlayıb keçirmək bir qədər zəhmət tələb edən məsələdir. Amma Azərbaycan və Türkiyə tərəfi buna tam şəkildə hazırdırlar. Bilirsiniz ki, son zamanlar Azərbaycanın haqqı işi uğrunda mübarizədə, Dağlıq Qarabağ məsələsində bəzi dövlətlər ölkəmizə dəstək nümayiş etdirmək üçün bəyanatlar səsləndirməyə başlayıb. Bu bəyanatlar içərisində Azərbaycanın ərazi bütövlüyünün tam şəkildə təmin olunması məsələsidir”.

Həmsöhbətimiz keçirilən bu sayaq birgə hərbi təlimlərə indiyə kimi bu istiqamətdə olan hərbi təlimlərin final nöqtəsi kimi baxır: “Görünən odur ki, İrəvan hələlik konstruktiv mövqeyə gələrək işğal etdikləri ərazilərimizdən çıxmaq niyyətində deyil. Ona görə də onları buna məcbur edəcəyik. Məcbur edəcək yeganə qüvvə isə Azərbaycan əsgəridir. Azərbaycan əsgərləri keçirilən təlimlərlə müəyyən bilik və bacarıq əldə edir.

Bu mənada Türkiyə ilə keçirilən birgə təlimlərə indiyə kimi keçirilən hərbi təlimlərin final nöqtəsi kimi də baxmaq olar. Həmin təlimlərdə də Azərbaycan tərəfi əvvəlki təlimlərdə yerinə yetirilərək tam, ideal forma almış bir neçə elementləri də sınaqdan keçirirlər”.

Ü. Cəfərov bildirdi ki, İrəvan bu təlimlərdən narahat olmaq istəmirsə, işğala son qoymalıdır: “Bütün bunları, Azərbaycan ordusunun keçirdiyi hərbi təlimləri, burada güclü təcrübə toplamağımızı düşmən tərəfi, o cümlədən ona havadarlıq edənlər həzm edə bilmir. Həzm edə bilmədiklərindən də mütəmadi olaraq Azərbaycan Ordusunun hərbi təlimlərindən, xüsusən də Türkiyə ilə birgə keçirilən təlimlərdən belə narahat olur, əndişələnirlər. Ermənilər bu müstəvidə narahat olmaq istəmirsə, tez bir zamanda işğal etdikləri ərazilərimizi boşaldaraq, beynəlxalq hüquqla tanınan öz ərazilərində məskunlaşmalıdır. Əks təqdirdə, torpaqlarımızın işğaldan azad olunması üçün günü-gündən güclənən, hərbi təlimlərlə püxtələşən Azərbaycan Ordusunun güc və bacarığından istifadə edilməsi məqamı daha da yaxınlaşacaq”.  

Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz