Əlaqə Arxiv
news Image
2019.06.05
10:00
| A A A
Ermənistanda ikitirəlik güclənir
Nikol Paşinyan hökuməti və Qarabağ separatçıları arasında gərginlik ölkəni daha ağır vəziyyətə sürükləyir

Ermənistan və Qarabağ separatçıları arasında gərginlik var. Bu etirafı “168 Jam” qəzetinə açıqlamasında qondarma Qarabağ rejiminin “təhlükəsizlik şurası”nın rəhbəri Vitali Balasanyan deyib: “Müəyyən gərginlik var və bunu danmaq olmaz. Xankəndiyə son səfərindən sonra Paşinyan hansı əsasla torpaqları verməyə hazır olan qüvvələrin olduğunu deyir? Biz bunu anlamırıq”. O, həmçinin Paşinyanın “Qarabağın taleyini xalq həll etməlidir” çıxışı ilə məsuliyyəti üzərindən atmağa çalışdığını deyib.

Paşinyanın məsuliyyətdən qaçması barədə Balasanyanın dediklərində həqiqət var və bu, vəziyyəti daha da gərginləşdirir. Niyə işğal edəndə Ermənistan öndə idi, indi arxada gizlənməlidir? Törədilən əməllərə görə Ermənistanda hakimiyyətə gələn və ya onu zəbt edən bütün siyasi fiqurlar məsuliyyət daşıyırlar. Əgər belə deyilsə, onda zəhmət çəkib siyasi dairələr Ermənistanın dövlət olmadığını rəsmi şəkildə bəyan etsinlər. Yox, əgər Paşinyan bu yolla demək istəyirsə ki, Qarabağ erməni torpağı deyil və bu səbəbdən yad torpaq uğrunda insanların məhv olmasına qarşıdır, onda zəhmət çəksin erməni qoşunlarını Azərbaycan ərazisindən çıxartsın. Axı, o, ali baş komandan sayılır.

Amma məsələnin daha əsaslı kökləri var. Bu, əsas etibarı ilə Ermənistanın siyasi hakimiyyəti uğrunda Qarabağ klanı ilə İrəvan klanı arasında gedən mübarizənin qızışmasıdır. Bu klanlar həm də ruspərəstlər və amerikapərəstlər kimi iki yerə bölünüblər. Kremlçilər və Sorosçular arasında gedən davada Qarabağ separatçıları birinçiləri dəstəkləyirlər. Çünki, Azərbaycan ərazisində onlarla birgə cinayət törədənlər məhz Qarabağ klanının üzvləridir.

İrəvan klanı ilə separatçılar arasında gərginliyin artmasının bir səbəbi də birincilərin Azərbaycan ərazisində özlərini müstəqil dövlət saymalarına rəğmən Ermənistandan hər cür yardım ummaları və əslində olan-qalan nə varsa hamısı qamarlamaq istəkləridir. İrəvanda, belə görünür ki, heç vaxt Azərbaycan ərazilərini Ermənistana qata bilməyəcəklərini anlamağa başlayıblar. Buna görə də işğal edilmiş ərazilərin taleyində üzərlərinə düşən məsuliyyətdən qaçmağa çalışırlar. Əslində Ermənistanın özündə bəzi oliqarxları da bu məsuliyyətdən qaçmaq maraqlandırır. Ona görə ki, əgər müharibə alovlansa, Azərbaycan ərazi bütövlüyünü bərpa etmək üçün hər an bu addımı atmağa hazırdır, onda yığdıqları milyardaları itirmək məcburiyyətində qala bilərlər. Axı, Qarabağın ərazisindən narkotrafik, beynəlxalq terrorçuların yetişdirilməsi, “blokada” adı ilə xaricdən yardımlar alıb mənimsəmə faktları kifayət qədərdir. Eyni səbəbdən Qarabağ klanı məsuliyyəti Ermənistanla bölüşmək istəyir, ona görə ki, Azərbaycan ərazilərini geri qaytarandan sonra bütün müharibə caniləri məhkəmə qarşısına çıxarılacaq. Üçüncü bir qüvvə də var. Bunlar avantüristlərə aldanıb azərbaycanlılara qarşı cinayət törədən üzdəniraq vətənpərvərlərdir. Heç şübhəsiz, sonda bunlar da əldə etdikləri “qəhrəmanlıqlarını” itirəcəklər. Bütün bu səbəblər iki klan arasında, coğrafi anlamda Azərbaycan ərazisindəki separatçılarla Ermənistan siyasi hakimiyyəti arasında gərginliyi durmadan artırır.

“Torpaqları verməyə hazır olan qüvvələrin” olması fikri gedən mübarizədə qarşı tərəfi ittiham etmək üçün bəhanədir. Sadəcə, Azərbaycanın topladığı hərbi-siyasi və iqtisadi güc fonunda hər iki tərəf qorxur ki, bir gün Azərbaycan Ordusu hücuma keçsə məsələni qısa müddətdə həll edəcək və həmin gün üçün özünü sığortalamaq bəhanəsi axtarırlar. Təsadüfi deyil ki, keçmiş səlahioyyətli erməni hərbçiləırindən biri Aprel döyüşlərinin nəticələrini araşdıran parlament komissiyasının yaradılmasını “qorxunc addım” kimi səciyyələndirib. Bəli, həqiqətlər açılsa erməni hərbçilərinin Azərbaycan silahlı qüvvələri qarşısında aciz qalması üzə çıxacaq və həqiqəti öyrənən erməni xalqı özü hakimiyyəti və separatçıları ölkədən qova bilər. İndilikdə isə həqiqəti bilən siyasi hakimiyyət və ali hərbi vəzifə daşıyanlar öz paxırlarını ört-basdır etməklə məşğuldurlar.  

Bu günlərdə Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki separatçı ordunun keçmiş komandanı Samvel Babayanın ofisinə hücum olub. Yolu bağlayan silahlı şəxslər ofisi gülləbaran ediblər. Daha sonra isə hücum edən Aleksey Balayan və Roland Aydinyan həbs olunub. Bunun ardınca indiki baş naziri müdafiə edən “sorosçular”ın əleyhinə İrəvanda mitinq təşkil edilib. Erməni siyasi-təhlilçilər bütün bu olaylarda Moskvanı və Bakını günahlandırmağa çalışırlar. Amma anlaya bilmirlər ki, Rusiya bu olaylardan kənarda qala bilməz ona görə ki, Ermənistanın cilovu onun əlindədir. Azərbaycan da torpağını erməni əsarətindən qurtarmaq üçün öz anını gözləyir. Ermənistan hakimiyyəti bu həqiqəti anlamalı və beynəlxalq hüquqa əsaslanan strategiya qurmalıdır. Əks halda onu gözlədiyindən də ağır perspektiv gözləyir.

N.NOVRUZ 

 

 

 

Sizin Reklam Yeriniz