Əlaqə Arxiv
news Image
2019.06.05
09:30
| A A A
Erməni cəmiyyətinin Qarabağ bədbəxtçiliyi
İşğalçının aqibəti onun necə hərəkət edəcəyindən, hansı yolu seçəcəyindən asılıdır

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi: problemin mənbələri və nizamlanma perspektivləri” məqaləsi müasir dövrdə aqressiv rolları yerinə yetirən Ermənistanın bir dövlət kimi hazırkı mövqeyi və gələcək perspektivi haqda siyasi traktatdır. Müəllif dövlətçiliyin, beynəlxalq hüququn və dinc yanaşı yanaşma prinsiplərinin bütün aspektləri baxımından işğalçı dövlətin fəaliyyətini siyasi hüquqlar və reallıqlar baxımından təhlil edərək Qarabağ münaqişəsinin siyasi anatomiyasını açıb göstərir və itirilmişlərin geri qaytarılması yollarını ortaya qoyur. Düşmən nəyi seçəcək, necə edəcək, bu onun öz seçimidir. Lakin bir həqiqət də var ki, dünya siyasətində geostrateji maraqlar həmişə üstün mövqedə olub və dövlətlərin iqtisadi-siyasi gücünə arxalanıb. Bunlara malik olmayan bir dövlətin “ayağını yorğanına görə uzatmaması” isə son nəticədə onun özü üçün ziyanlı olub. Akademikin dərin siyasi çalarlarla bu məqaləsi indiyədək yazdığı eyni mövzu istiqamətində olan əsərlərin məntiqi davamı olaraq situasiyanın dəqiq təhlilini verir.

Biz məqalədə verilmiş təhlilin bir istiqamətinə toxunmaq istərdik. Bu, hazırda “ölü” təsərrüfata malik Ermənistanın iqtisadiyyatı barədədir.  R.Mehdiyev yazır ki, Ermənistan rəhbərliyi bir məsələni başa düşə bilməyib ki, qonşu dövlətə təcavüz etməklə, onun ərazisini işğal etməklə, etnik təmizləmələr aparmaqla, şəhər və kəndlərini viran qoymaqla, Ermənistan, əslində, qalib gəlməyib, uduzub! O, bu qədər fürsəti əldən verərək, sülhü uduzub. Müəllif, oxucuların və xüsusilə də ermənilərin bunu başa düşmələri üçün bildirir ki, bugünkü Azərbaycanı Ermənistanla müqayisə etmək, onların sosial-iqtisadi inkişafında fərqi qiymətləndirmək kifayətdir və bu fərq ildən-ilə daha da artacaq: “Məsələn, 2018-ci ilin sonuna olan vəziyyətə gorə, Azərbaycan iqtisadiyyatı Ermənistan iqtisadiyyatını 4 dəfə üstələyib, Azərbaycanın strateji valyuta ehtiyatları Ermənistanın analoji gostəricilərindən 20 dəfə, əhalisi isə 3,3 dəfə çoxdur. Təəssüf ki, erməni cəmiyyəti münaqişəyə münasibətini rasionallaşdırmağa və münaqişənin ədalətli həllinin real iqtisadi faydasını görməyə hələlik özündə güc tapmayıb”.

Akademik verdiyi təhlili və tövsiyələri gücləndirmək üçün xarici qurumların apardığı araşdırmalara da müraciət edib və misal olaraq “BE Berlin Economics GmbH “ konsaltinq şirkətinin Berlin qərargahının 2019-cu ilin yanvarında Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının Ermənistana və Azərbaycana iqtisadi təsiri” adlı araşdırmadan faktları sadalayıb.

Həmin sənədə əsasən, Ermənistan üçün sülhün əsas iqtisadi faydaları, məsələn, aşağıdakı sahələrdə ola bilər:

1. Dövlət maliyyələri, çünki hərbi və müdafiə xərclərinin azaldılması büdcə vasitələrinə qənaət edilməsinə, büdcə kəsirinin kəskin azalmasına və sosial sahədə xərclərin əhəmiyyətli dərəcədə artmasına gətirib çıxara bilər. Təcavüzkar siyasət militarizmin mənbəyidir və milyonlar, milyardlar tələb edir. Halbuki, bu vəsaitlər xalqın rifah halının yaxşılaşdırılmasına yönəldilsə daha məqbul olar.

2.Energetika və su təsərrüfatı, çünki iki ölkənin enerji sistemləri birləşdiriləcəyi halda elektrik enerjisinin istehsalı daha ucuz başa gələr, bu isə Ermənistan üçün xüsusilə faydalı olardı. Azərbaycan hazırda inkişaf etmiş Avropaya elektrik enerjisi ixrac edir. Rusiya, Gürcüstan və Azərbaycan enerji sistemlərinin birgə fəaliyyətini təmin ediblər. Bu sistemə qoşulmaq Ermənistan iqtisadiyyatına nə qədər fayda verə bilərdi.

3. Maliyyə bazarları və investisiyalar, çünki münaqişənin həlli birbaşa xarici sərmayələrin artmasına, kredit reytinqinin yaxşılaşmasına və faiz dərəcələrinin azalmasına gətirib çıxaracaq. Regionda Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata vəsiqə alan beynəlxalq layihələrin sayı kifayət qədərdir. İşğalçı fəaliyyətinə görə Ermənistan bu layihələrdən kənarda qalıb. Və təbii ki, milyard dollarlarla gəlir itirib. Bunlara qoşulmaq üçün sülhə ehtiyac var.

4. Ticarət, çünki Azərbaycan və Turkiyə ilə sərhədlərin açılması ikitərəfli ticarətin və tranzitin genişlənməsinə gətirib çıxaracaq. Bu da Ermənistandan Turkiyəyə illik ixracı 123 milyon dollara, Ermənistanın ticarət dövriyyəsində Türkiyənin payını isə 13 faizə çatdırmağa imkan verəcək. Ermənistan Azərbaycanın yaratdığı tranzit nəqliyyat şəbəkəsinə qoşulmaqla həm valyuta qazanar, həm də bir dövlət kimi başqalarının ianəsindən asılılığa son qoyar.

Məqalədə göstərilən bu istiqamətlər Cənubi Qafqazda düşmənçiliyə meyilli olan Ermənistan üçün sülhə aparan böyük yol xəritəsidir. Buna görə də akademik Ramiz Mehdiyevin yeni əsəri düşmənə yol göstərərn, onu sülhə və əmin-amanlığa, inkişafa səsləyən siyasi-iqtisadi traktatdır.

N.NOVRUZ

 

 

Sizin Reklam Yeriniz