Əlaqə Arxiv
news Image
2019.06.08
08:00
| A A A
Naxçıvan təlimləri erməni cəmiyyətində ruh düşkünlüyünü artırır
Düşmən ölkədə belə fikir hakimdir ki, Azərbaycan Naxçıvanı Ermənistan üçün olduqca təhlükəli zonaya çevirir

Naxçıvan muxtar respublikasında Azərbaycan və Türkiyə silahlı qüvvələrinin birgə “Sarsılmaz qardaşlıq-2019” hərbi təlimlərinin keçirilməsi İrəvanda təşvişlə izlənir. İrəvan Dövlət Universitetinin iranşünaslıq kafedrasının müdiri Vardan Voskanyan Ermənistanın Naxçıvanla və Azərbaycanla bağlı “iki ayrı siyasət aparmalı olduğunu” deyib.

“Prezident İlham Əliyev tədricən Naxçıvanı bizim üçün olduqca təhlükəli zonaya çevirir. Bunun son sübutu Türkiyə ilə birlikdə keçirilən yeni hərbi təlimlərdir. Təlimlərin məqsədi təkcə döyüş vərdişlərinin işlənməsi deyil, ora əlavə təbliğati məzmun da qatılır. Bunu başa düşmək üçün təlimlərin adına baxmaq kifayətdir. Ona görə də Ermənistan Naxçıvanla bağlı ayrıca siyasi xətt işləyib hazırlamalıdır”-Voskanyan bildirib.

Türkiyə və Azərbaycan silahlı qüvvələrinin iştirakı ilə sayca dördüncü “Sarsılmaz qardaşlıq-2019” taktiki  təlimlərinin döyüş atışlı mərhələsi iyunun 7-də başlayıb və iyunun 11-nədək davam edəcək. Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, təlimlər Azərbaycan və Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq sazişi çərçivəsində keçirilir. Əlahiddə Ümumqoşun Ordunun və Naxçıvan Muxtar Respublikanın güc strukturlarının, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələrinin bölmələrinin iştirakı ilə keçirilən təlimə 5000-ə qədər şəxsi heyət, 200-dən artıq tank və digər zirehli texnika, 180-ə yaxın müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 21 ədəd təyyarə, helikopter, pilotsuz uçuş aparatı və silahlanmaya yeni daxil edilmiş müxtəlif növ müasir silah və hərbi texnika nümunələri cəlb olunacaq. Təlimin məqsədi qərargahların müştərək döyüş əməliyyatları planlarının hazırlanması, şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması və onların birgə tapşırıqları icra etmək vərdişlərinin inkişaf etdirilməsi ilə Azərbaycan və Türkiyə hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinin koordinasiyasına nail olmaqdır. Rusiyanın “regnum.ru” portalı yazır ki, təlimlərdən İrəvanın ciddi narahatlıq keçirməsi başadüşüləndir: “Naxçıvan ərazisində belə hərbi təlimlər ilk dəfə keçirilmir. Sadəcə, bu dəfə Azərbaycanın keçirdiyi silsilə hərbi təlimlər kontekstinə sığır. Bu, təkcə bu ildə dördüncü təlimdir. Üçüncüsü mayın 20-24-də, amma Azərbaycanın daxili ərazisində keçirilib. Durumun başlıca özəlliyi də məhz bundan ibarətdir. Daxili ərazidə keçirilən təlimlər, əlbəttə, təkcə Ermənistana ünvanlanıb, Dağlıq Qarabağ münaqişəsini güc vasitələrilə həll etmək imkanlarını sərgilməkdir.

Bəs Azərbaycandan uzaq düşmüş Naxçıvandakı hərbi təlimlər nəyi və kimə sərgiləyir? Azərbaycanın bir çox hərbi eksperti bununla bağlı iddia edir ki, Ermənistanla savaş başlayacağı halda Naxçıvan bu ölkəyə zərbə endirmək üçün ən uyğun əməliyyat meydanıdır. Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində istənilən variantda Zəngəzur üzərindən Türkiyə və Naxçıvana çıxışı saxlamaq planlarını çoxdan fikrində tutub. İndi Azərbaycan və Naxçıvan arasında ümumi sərhəd yoxdur. 1921-ci il 16 mart tarixli Moskva Rusiya-Türkiyə sazişinin 3-cü maddəsinə görə, Naxçıvan muxtar ərazi hüququnda Azərbaycan SSR-in tərkibinə daxil edilib. Bu maddə özəlliklə bildirir: “Razılaşmaya gələn hər iki tərəf yekdildir ki, Naxçıvan vilayəti indiki sazişin əlavəsində göstərilən sərhədlərdə Azərbaycanın bu protektoratı heç bir üçüncü dövlətə güzəştə getməyəcəyi şərtilə Azərbaycanın himayəsi altında muxtar ərazi formalaşdırır”. Bu sazişi hələlik heç kim ləğv etməyib. Bax, Qarabağ problemi buna görə məhəlli səciyyədən çoxdan çıxıb”.

Xatırladaq ki, son illərdə Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordu güclü və müasir silah sistemləri, o cümlədən aviasiya texnikası ilə silahlanıb. Bu ordunun qüvvələri Ermənistanın paytaxtı da daxil olmaqla bir çox yaşayış məntəqələrini atəş altında saxlamaq imkanındadır. Ötən il Ümumqoşun Ordunun bölmələri uğurlu Günnüt əməliyyatı həyata keçirərək min hektarlarla ərazini nəzarət altına alıblar və Ermənistandan Dağlıq Qarabağa gedən əsas yola nəzarət imkanı əldə ediblər. Azərbaycanın Naxçıvana qüvvə cəmləşdirməsi və orada keçirilən təlimlər hər dəfə Ermənistanda ciddi təşviş yaradır.

“Mövqe”

Sizin Reklam Yeriniz