Əlaqə Arxiv
news Image
2013.05.15
13:05
| A A A
Azərbaycanın hərbi sistemində yeni təchizatın yaradılması təklif olunur

Hərbi ombusman institutunun yaradılması Azərbaycanın təcrübəsində çox işlək bir model olar və ölkənin təhlükəsizlik maraqlarına, vətəndaşların hərbi xidmət zamanı hüquqlarının qorunmasına müsbət təsir göstərərdi. Bunu çərşənbə günü Trend-ə millət vəkili, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib:

"Təəssüf olsun ki, Azərbaycanda yalnız bir müvəkkil modeli qəbul olunur. Halbuki hərbi ombusmanın silahlı qüvvələrin bütün sahələrini, hərbi strukturları nəzarət altında saxlayan həmin heyətin işindən daha mükəmməl bir fəaliyyət ortaya qoyardı".

Deputat hesab edir ki, hərbi ombusman mövcud Ombusman Aparatında deyil, ayrıca bir qurum kimi yaradıla bilər. Çünki cəmi 17 nəfərdən ibarət Ombusman institutu böyük kontingentə sahib orduya effektiv nəzarət edə bilməz.

Xatırladaq ki, Cəzaların İcrası Məcəlləsi, "İnformasiya əldə etmək haqqında" qanun və digər qanunvericilik aktlarına dəyişiklik edildikdən sonra İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) və Milli Preventiv Qrup üzvləri istənilən vaxt, əvvəlcədən xəbərdarlıq etmədən maneəsiz şəkildə hərbi qarnizonların hauptvaxtlarına daxil ola bilərlər.

Zahid Oruc bildirib ki, hazırda əsgər-zabit, zabit-zabit arasındakı münaqişələrə dərhal hərbi prokurorluq orqanları müdaxilə edir:

"Halbuki ombusman tamam fərqli bir yanaşmadır. Ombusman daha çox ictimaiyyətin, millətin təmsilçisidir".

Millət vəkili deyib ki, hərbi sahə vətəndaş müşahidələri altında olmadan, yalnız məxfilik anlayışlarını rəhbər tutacağı təqdirdə unikal səviyyəyə çata bilməz və vətəndaş hüquqlarının təminatı mükəmməl ola bilməz.

O qeyd edib ki, son zamanlar hərbidə insanların yol qəzalarında, digər qeyri-döyüş hallarında əlil olması, həyatını itirməsi faktları müşahidə olunur və bu məsələlərin araşdırılması üçün hərbi ombusman mühüm mexanizmlərdən biri ola bilər.

Sizin Reklam Yeriniz