Əlaqə Arxiv
news Image
2019.06.11
08:39
| A A A
Xilaskarlıq missiyası
Azərbaycan ulu öndər Heydər Əliyev dühası ilə getdikcə daha böyük uğurların müəllifinə çevrilir

15 iyun Qurtuluş günüdür. Həmin gün niyə bayram edilir, xalq nədən qurtulub?! Bu sual həmişə düşündürücüdür və cavabı da insanların hafizələrində, xatirələrində və tarixi sənədlərdə dəqiq təcəssüm olunub. Azərbaycan xalqı 26 il əvvəl dəhşət saçan xaosdan, gələcəyə olan inamsızlıqdan, quldur dəstələrinin insafsız müdaxilələrindən, Qarabağı işğal edən düşmənin hücumu qarşısında duruşsuzluqdan, siyasi korazehinlikdən, dəstəbazlıqdan, pərakəndəlikdən, tarixin arxivinə atılmaqdan qurtulub. Yox, bunu sözlə ifadə etsək də, sözlə anlaşılan deyil. Həmin günlərin şahidləri və işçtirakçıları vəziyyətin nə qədər ciddi və həlledici olduğunu daha aydın bilirlər. İyunun 15-nin Qurtuluş günü seçilməsi də onların təşəbbüsüdür. Çünki, Heydər Əliyev adlı şəxsiyyəti tələb edərək hakimiyyətə gətirən xalq cəmi iki həftə ərzində nə qədər doğru seçim etdiklərinin fərqinə vardı və 15 rəqəmini ölkəmizin tarix salnaməsinə qızıl hərflərlə qeyd etdi.

1993-cü il. Bir il idi ki, Azərbaycan Xalq Cəbhəsi adı ilə bir qrup şəxs torpaqların mühafizəsi adı ilə hakimiyyətdə idilər. Nə baş vermişdi həmin bir ildə. Prinsipcə, heç nə. Heç bir təcrübəsi olmayan, dövlətçilikdən, qanunlardan baş çıxarmayan, millətçilikdən dəm vurub millətin əleyhinə işləyən cəbhəçilər çığır-bağırın gücü ilə dövlət əhəmiyyətli qanunlar qəbul edir, insanları vəzifədən qovur, “xalq” adı ilə orta məktəbi bitirməmiş və həyatı boyu fəhləlik etmiş dünyagörüşcə qapalı şəxsləri dövlət vəzifələrinə təyin edirdilər. Əhali naşı kadrların əlindən “dad döyürdü”.

Ermənistan məhz AXC-nin bilavasitə iştirakı ilə ölkədə yaranmış xaos vəziyyətdən istifadə edərək Qarabağın şəhər və kəndlərini bir-bir ələ keçirirdi. Düzdür, erməni separatçılarına xaricdən havadarlıq edənlər vardı. Lakin belə çətin dövrdə xalqı birləşdirməyi bacaran lider olsaydı, Qarabağı düşmən istilasından qorumaq mümkün olardı. Azərbaycan həmişə var-dövləti, potensialı ilə regionda güclü olub. Ancaq bu potensialı görüb üzə çıxarmaq, ondan məqsədyönlü və təyinatı üzrə istifadə etmək daha vacib məsələ idi, nəinki həmin potensial üzərində pafoslu danışmaq. AXC isə məhz bu yolla gedirdi. Bu təşkilatın və onun rəhbərlərinin devizi “bizimlə deyilsənsə, demək düşmənsən” idi. Halbuki, dar gündə düşmənə sinə gərmək üçün birliyə ehtiyac vardı.

Bəs, bu təşkilat necə hakimiyyətə gəlmişdi? Xalq köhnə, imperialist təfəkkürlü sovet rejimindən yenicə qurtulmuşdu və erməni separatçılarına qarşı mübarizədə qəhrəmanlıq alibi axtarırdı. Milli xəyalpərəst Əbülfəz Əliyevin başına toplaşanlar da əsasən onun şüarları ilə nəfəs alırdılar. Onlar elə bilirdilər ki, ölkəni idarə etmək üçün kabinetləri və kresloları ələ keçirməklə hər şeyi həll edəcəklər. Bu səbəbdən gözləri ayaqlarının aıtını görmürdü və bacarıqlı adamları özlərinin potensial rəqibləri və düşmənləri kimi görürdülər. Buna görə də idarə etmək üçün küçədən keçənləri vəzifəyə gətirirdilər. Ali təhsil almağına baxmayaraq bazarda məhsul satan dünənki kəndli AXC dövründə ali dövlət vəzifəsinə təyin olunurdu. Boğazının yoğun yerinə salıb mitinqlərdə daha bərkdən çığıran fəhlə, sovet sistemindən çəkdiyi əzaba görə danışanda ağzından od püskürən vətəndaş insanların taleyinə bağlı strukturlarda qərarverici missiyalara yiyələnirdilər. Halbuki, Azərbaycana təcrübəli, dövlətçiliyin nə olduğunu bilən kadrlar lazım idi. Çünki, yox yerdən ordu yaratmaq, dağılmış iqtisadiyyatı bərpa etmək, ölkənin təbii sərvətlərindən istifadəni lazımı istiqamətə yönəltmək gərəkirdi. AXC isə öz hakimiyyətini möhkəmləndirməklə məşğul idi.  

Həmin bir il ərzində səlis və məntiqi danışığı belə olmayan dövlət rəhbərinin və baş nazirin lətifəyə çevrilən idarəetmə qaydaları onları xalqın gözündən salırdı. Cinayətkarlar, cibgirlər, alverçilər vəzifə tutmaq üçün AXC biletini satın alırdılar. Bu biletləri asanlıqla alver predmetinə çevirib pul əldə edənlər eyni soyuqqanlılıqla dövlət vəzifələrini də işbazlara satırdılar. Acınacaqlı vəziyyət hökm sürürdü. Xalq görürdü ki, onların hakimiyyətə gətirdiyi əli kərimlilər nə Qarabağı qoruya biləcəklər, nə də xalqı bir yana çıxaracaqlar. Ən əsası isə Azərbaycan dövlətçiliyinin taleyi qaranlıq qalırdı. Biz hara gedirik və yaxud bizi hara aparırlar? Xalq bu suallara cavab axtarırdı və bunun cavabını məhz 1993-cü il yayın əvvəlində tapdı. Əhali qaragüruhçuların əlindən cana yığılmışdı və Qarabağda vəziyyəti normallaşdırmaq, ölkəni böhrandan çıxarmaq üçün zəngin təcrübəyə, azərbaycançılıq üçün canından keçməyə, həyatını xalqına həsr etməyə hazır və qabil olan böyük dövlət xadimi, uzaqgörən siyasətçi Heydər Əliyevin hakimiyyətə gətirilməsi üçün həlledici qərar verdi. Azərbaycanı məhvolmadan xilas edən, bugünkü lider ölkə səviyyəsinə çatdıran, dövlətçiliyi möhkəmləndirən, hakimiyyəti daimi rels üzərinə qoyan, xalqın rifah halının yaxşılaşdırılmasını əbədi təmin edən həmin qərar oldu. Ölkəmiz əzab-əziyyətdən qurtulmağın yolunu tapdı və bu yol Heydər Əliyev dühası ilə əbədi şöhrət qazandı.   

N.NOVRUZ

Sizin Reklam Yeriniz