Əlaqə Arxiv
news Image
2019.06.14
09:00
| A A A
Azərbaycan Ermənistanı aciz duruma salıb
Ölkəmizin bütün istiqamətlərdə apardığı uğurlu diplomatiya Erməmnistanın əl-qolunu bağlayıb

Bir neçə gün əvvəl ABŞ-ın paytaxtı Vaşinqton şəhərində fəaliyyət göstərən nüfuzlu düşüncə mərkəzi -  Atlantik Şurada keçirilən Azərbaycanın xarici siyasətinə həsr olunmuş tədbirdə  ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent ABŞ-Azərbaycan münasibətləri ilə bağlı çıxışında əlaqələrin strateji əhəmiyyəti barədə danışıb. O, Cənubi Qafqazın əhəmiyyətindən bəhs edərkən Azərbaycanı vacib tərəfdaş kimi xarakterizə edib, iki ölkə arasında təhlükəsizlik, enerji və iqtisadi inkişafın təmini sahələrində uğurla davam edən əməkdaşlıqdan söz açıb. Əsasən Vaşinqtonda akkreditə olunan diplomatik korpusun nümayəndələrinin və regionla bağlı araşdırma aparan analitiklərin iştirak etdikləri tədbirdə ictimaiyyət üçün açıq olmasından istifadə edən xeyli sayda erməni lobbiçilərinin nümayəndələri də iştirak edib. Daha sonra ABŞ-ın Azərbaycanda keçmiş səfiri R.Morninqstarın moderatorluğu ilə Hikmət Hacıyev ilə söhbət baş tutub. H.Hacıyev Azərbaycan xarici siyasətinin əsasları, onun strateji mövqeyi, region dövlətləri ilə münasibətləri, həyata keçirdiyi  və regionun xəritəsini dəyişən enerji və nəqliyyat layihələri, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin hazırkı mərhələsi barədə danışıb.

Dünyanın ən güclü dövləti ilə belə bir görüşün keçirilməsi və Azərbaycana Cənubi Qafqazın ən önəmli dövləti kimi yüksək tərəfdaşlıq münasibəti sərgilənməsi beynəlxalq aləmdə diqqətdən kənarda qalmayıb. Düşmən Ermənistanda isə bu hadisə “siyasi bomba” effekti yaradıb. Razmik Akopcanyan adlı müəllif “armenianreport.am” saytında bu mövzuya həsr etdiyi yazısına “Boş suallar deyil” başlığı qoyub. Akopcanyan ABŞ-ın Ermənistana laqeydliyi üzrə verdiyi sualları belə adlandırır. O, aciz şəkildə bildirir ki, axı, hər şey başqa cür ola bilərdi. Onun fikrincə, Bakının həmlələrinə istehza ilə də yanaşa bilərdilər, xüsusilə də müharibə haqda bəyanatlara. Amma, bununla belə hər şeyə, xüsusilə də diplomatiya xətti ilə görülən işlərə istehza ilə yanaşmağı rədd edir. Çünki, Azərbaycan diplomatiyasının uğuru şəksizdir.

R.Akopyan yazır: “Ayrı vaxt, biz Azərbaycan tərəfinin özünü Birləşmiş Ştatların tərəfdaşı kimi təqdim etməsinə gülürük. Amma vəziyyət biz anladığımız kimi deyil. Nə olursa olsun, ABŞ son vaxtlar Azərbaycana xüsusi diqqət yetirir. Həm də Azərbaycan qazını Avropanın bazarında Rusiyaya alternativ kimi istifadə etmək istəyi və İranla gələcək mümkün müharibə səbəbindən bu diqqət ayrıca seçilir. Təəssüf ki, ölkəmnizin hazırkı rəhbərliyinin başı öz şəxsi problemlərinin həllinə və opponentləri ilə münasibətləri araşdırmağa qarışdığından İrana qarşı müharibənin qaçılmazlığı fonunda amerikalıların gözündə Ermənistanın əhəmiyyətini artırmaq kimi gözəl bir şansı qaçırıb. Ağıllı yanaşma regionda güz tarazlığını dəyişə bilərdi.Bu imkanın buraxılması baş nazir Nikol Paşinyanı diletantizmdə günahlandıranların tənqidlərinin əsaslı olduğunu sübut edir”.

Müəllif bakılı diplomatların haqlı olduğunu etiraf edərək bildirir ki, “onlar Azərbaycanın Çin, ABŞ və Aİ ilə yaxşı əlaqələr qurduqlarını deyən zaman haqlıdırlar”. Razmik erməni xislətini biruzə verməkdən qala bilməyərək böhtan atmaqdan da çəkinmir: “Düzdür, bu münasibətlərin özülündə demokratiya və insasn hüquqları yox, neft və qaz siyasəti durur, lakin hazırkı konkret tarixi məqamda bu Ermənistana siyasi təzyiq faktoru kimi dilxorçuluq yaratmaya bilməz. Üstəlik, Azərbaycan bizim AİB və KTMT üzrə müttəfiqlərimiz olan Rusiya, Qazaxıstan və Belarus ilə sıx əlaqələr yaratmağa nail olub. Bundan başqa biz hazırda Qəbələdə nələr baş verdiyini görürük. Gürcüstanın müdafiə naziri Levan İzoriya orada azərbaycanlı həmkarı Zakir Həsənovla ikitərəfli danışıqlar aparıb və 2019-cu il üçün müdafiə sahəsində ikitərəfli əməkdaşlıq planı imzalayıb”.

Akopcanyan Azərbaycanın Türkiyə, İsrail ilə əlaqələrinə də toxunur və belə nəticə çıxarır ki, Azərbaycan bütün istiqamətlərdə fəaliyyətini inkişaf etdirir. Bütün bunların müqabilində isə bir ildən çoxdur  ki, Paşinyan ha çalışır, hətta ABŞ-ın dövlət katibi ilə də görüşə bilmir: “Onun və bizim digər dövlət rəsmilərimizin səfərləri qəm və kədərlə bitir. Belə hiss yaranır ki, ümumiyyətlə ABŞ-da Ermənistana onları hansısa keyfiyyətdə maraqlandıran ölkə kimi baxmırlar”.

Bəli, nəhayər Ermənistanın politoloqları xoş-naxoş Azərbaycanın regiondakı lider rolunu təsdiqləməyə məcburdular. Bu reallıqdır. Bəs, görəsən Ermənistan hakimiyyəti, necə, bu reallığı bilirmi və ya qəbul edirmi? Təbii ki, qəbul etməyi bacarsa, onda qonşuları ilə dinc yanaşı yaşamağım yollarını da başa düşər.

N.NOVRUZ  
 

Sizin Reklam Yeriniz