Əlaqə Arxiv
news Image
2019.06.15
10:00
| A A A
Yeni Qarabağ savaşı başlanır
Elman Məmmədov: “Düşmənə sarsıdıcı zərbə endirməyin zamanı yetişib”

Düşmənin cəbhə təxribatları intensivləşir. Minatanaların istfiadəsindən sonra düşmən Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələrinin planlı təlim uçuşları zamanı “OSA” zenit-raket kompleksini tətbiq etməklə aviasiya vasitələrimizi vurmağa cəhd göstərib. Zenit-raket kompleksindən buraxılan 2 ədəd raket hədəfə dəyməyərək havada partlayıb.

Yaranmış vəziyyət bir daha onu göstərir ki, İrəvan təxribatları dayandırmaq əvəzinə, onu daha da artırır. Aydın məsələdir ki, bu kimi təxribatlara getmək, onu intensivləşdirməklə Ermənistan hansısa yeni bir avantüraya yol açmaq istəyir. Əks halda, son zamanlar atəşkəsin pozulması hallarının azalmasına rəğmən, belə təxribatlar da olmazdı. Ermənistanın artan bu təxribatları nə ilə bağlıdır? Düşmən yeni savaş istəyir? 

Milli Məclisin deputatı Elman Məmmədovun fikrincə, ermənilərin cəbhə xəttində artan təxribatlarının kökündə Ermənistan hakimiyyəti və separatçı rejim arasında hökm sürən gərgin münasibətlər dayanır: “Bu gün Ermənistanda mövcud olan siyasi gərginlik, siyasi çəkişmələr keçmiş rəhbərliklə indiki hakimiyyət arasında olan gərgin münasibətlər cəbhə xəttində belə təxribatların baş verməsi və müharibənin başlanmasına səbəb ola bilər. Bu təxribatlar məni təəccübləndirmir. Həm də arzu etdiyim məsələdir. Ermənistan bu kimi təxribatları bir qədər də artırsın ki, nəhayət Azərbaycanda sonda düşmənə daha güclü cavab verməklə işğalçını yerində otuzdursun.

Dağlıq Qarabağda olan separatçı siyasi-hərbi rəhbərlik demək olar ki, Nikol Paşinyana o qədər də tabe olmur. Görünən odur ki, Paşinyan hərbçiləri hələ tam olaraq idarə edə bilmir. Digər tərəfdən, Köçəryan-Sarkisyan tərəfdarlarının həm Ermənistanda, ordularında və Dağlıq Qarabağdakı separatçı rejim arasında nüfuzu çoxdur. Ona görə də hesab edirəm ki, yaxın gələcəkdə Paşinyan elə özününkülər tərəfindən zərbələrə məruz qalacaq. Bəlkə də Paşinyan çabalamaqla təxribatlar vasitəsilə baş qatmağa, özünə qarşı olan hücumları səngitməyə çalışır. Bunu qarşıdakı hadisələr göstərəcək”.

Həmsöhbətimiz bildirdi ki, ermənilərin bu təxribatları əvvəl-axır savaşın yenidən alovlanmasına gətirib çıxaracaq. Çünki Azərbaycan mövcud vəziyyətlə sona qədər barışmayacaq: “Azərbaycan olduqca səbirlidir. Fikirləşirəm ki, bizim səbr kasamız nə zaman daşacaq? Azərbaycan təyyarələri ölkəmizin öz hava məkanında, Füzuli istiqamətində təlim uçuşları edərkən hücuma məruz qalıb. Bu da düşmənin həddən artıq qudurmasının nəticəsidir. Düşmənin həmin  atəş açdığı nöqtələr darmadağın edilməlidir. Daha gözləmək lazım deyil. Düşmənin həmin təxribatına elə o andaca cavab verilsəydi, onlar bu qədər qudurmazdılar. Erməniləri qudurdan isə prosesə bizim hələlik dözümlü, səbirli yanaşmağımızdır. Düşmənə sarsıdıcı zərbə endirməyin zamanı yetişib”.

Rüfət NADİROĞLU

 

Sizin Reklam Yeriniz