Əlaqə Arxiv
news Image
2019.06.20
09:40
| A A A
ABŞ-dan mühüm Qarabağ gedişi
Məhəmməd Əsədullazadə: “Regionda möhkəmlənməyi qərara alan ABŞ ilk növbədə məhz Dağlıq Qarabağ konfliktinin həllində maraqlı olmalıdır”

İyunun 20-də Vaşinqtonda münaqişə tərəfləri xarici işlər nazirləri arasında baş tutacaq Qarabağ danışıqlarına ABŞ pezidentinin milli təhlükəsizlik müşaviri Con Bolton vasitəçilik edəcək.

Qeyd edək ki, son zamanlar Qarabağ münaqişəsinin həlli prosesində ABŞ-ın fəalışdığı hiss olunur. Bu elə həmin Con Boltonun keçən ilin sonlarına doğru Cənubi Qafqaz ölkələrinə olan səfərləri fonunda aydın sezilməyə başlamışdı. O, həmin səfərləri fonunda münaqişənin həlli vacibliyini dilə gətirmişdi. Nəhayət, bir neçə ay öncə Parisdə və Moskvada olan görüşdən sonra növbəti belə görüşün ABŞ-da təşkil ediləcəyi məsələsi gündəmə gəldi. Son açıqlaması ilə Bolton onu da qeyd edib ki, Vaşinqton regionda sülhün əldə olunmasına dəstək verməyə hazırdır.

Onu da vurğulayaq ki, keçən ilin sonlarında Boltonun bölgəyə olan səfərindən sonra münaqişənin həllilə bağlı gündəmə “Bolton planı” da gəldi. Bolton həmçinin özünün konkret mövqeyilə seçilən bir şəxsdir. Onun vasitəçiliyi danışıqlar prosesində hansı yeniliklərə gətirib çıxara bilər? Bu fonda ABŞ-ın Ermənistana yönəlik təzyiqlərə keçəcəyini gözləmək olarmı?

Politoloq Məhəmməd Əsədullazadənin fikrincə, regionda möhkəmlənməyi qərara alan ABŞ ilk növbədə məhz Dağlıq Qarabağ konfliktinin həllində maraqlı olmalıdır: “Bilirsiniz ki, Dağlıq Qarabağ münaqişəsi uzun illərdir, davam edir. ABŞ bir neçə dəfə münaqişə tərəfləri arasında görüşü öz ərazisində təşkil edib. Amma nəticədə bu görüşlər heç bir nəticə verməyib.

ABŞ son zamanlar Suriya, Cənubi Qafqaz, Mərkəzi Asiya kimi regionlarda öz geosiyasi mövqeyini gücləndirmək yolunu tutub. Bu müstəvidə Vaşinqtonun Cənubi Qafqaza da diqqəti artıb. Təbii ki, bu regiondakı münaqişələr, xüsusən də Qarabağ konflikti ABŞ bölgəmizdə möhkəmlənməsinə maneə olan əsas amillərdəndir. Məhz Cənubi Qafqazda möhkəmlənmək, oradan da Mərkəzi Asiyaya daha rahat yönəlmək üçün ilk növbədə Dağlıq Qarabağ münaqişəsinin həllinə böyük maraq göstərməlidir.

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun ötən ilin sonlarında bölgəyə olan səfəri və bu zaman xüsusən də İrəvanda verdiyi açıqlamalar Vaşinqtonun münaqişəyə ciddi və həssas nöqtədən yanaşdığını göstərir. Bolton məhz İrəvanda qeyd etdi ki, regionun stabilliyi və inkişafı və Rusiya təsirinin aradan qaldırılması üçün ilk növbədə Ermənistan işğal etdiyi ərazilərdən geri çəkilməli və qonşularla əlaqələrini bərpa etməlidir. Bundan əlavə, ABŞ prezidenti Donald Trampın Azərbaycan prezidentinə göndərdiyi məktublarda da münaqişənin tezliklə həlli istiqamətində prosesin daha da irəliləyəcəyini qeyd etdi. Bu mənada Vaşinqtondakı danışıqlar prosesini Bolton öz nəzarətinə götürəcəksə, təbii ki, hər şey ilk növbədə Vaşinqtonun tutacağı mövqedən asılıdır. Ağ Ev işğalçı ölkəyə maliyyə və iqtisadi sanksiyalar tətbiq etməklə münaqişənin həllinə nail ola bilər. Bundan əlavə, Amerika Rusiyanın Ermənistandakı mövqeyinin zəifləməsində də maraqlıdır”.

Ekspert hesab edirki, münaqişə tərəflərinin Vaşinqton görüşü xüsusi önəm kəsb edə bilər:  “Amma burada həmsədrlərin iştirakı fonunda proses fiaskoya da uğraya bilər. Çünki Kreml Ağ Evin vasitəçilik missiyasına qısqanclıqla yanaşır. Moskvada düşünürlər ki, Qafqazdakı proseslər ancaq onun moderatorluğu fonunda həll edilməlidir. Bütün hallarda düşünürəm ki, Vaşinqton görüşündən sonra prosesdə daha dəqiq və real nəticələrə gətirə biləcək siyasi xətt irəli sürüləcək”.

Politoloq bildirdi ki, ABŞ regiondakı siaysi xəttini sona qədər qoruyub saxlamağı düşünürsə, ilk növbədə Ermənistana təzyiq etməli, ondan ərazilərin boşaldılmasını tələb etməlidir: “Bu baş vermədiyi fonda ABŞ təzyiqlərə başlamasa, Vaşinqton danışıqları da  əvvəlki proseslərin sadəcə bir davamı olaraq yaddaşlarda qalacaq. ABŞ öz geosiyasi maraqları naminə münaqişənin həllində maraqlı ola bilər. Hər halda, Vaşinqton görüşü Amerikanın Dağlıq Qarabağ münaqişəsinə hansı prizmadan baxdığına bir aydınlıq gətirəcək”.

Rüfət NADİROĞLU

 

Sizin Reklam Yeriniz