Əlaqə Arxiv
news Image
2019.06.20
09:30
| A A A
Paşinyan qorxudan “əsməcə” azarına tutulub
Ermənistan vətəndaşlarının Qarabağda nə işi var?

Nikol Paşinyan Ermənistanın baş naziri olar-olmaz “mən qarabağlılar adından danışa bilmərəm” deyib dad döyür. Təbii ki, məsələyə beynəlxalq hüquq və məntiq sarıdan yanaşsaq, həqiqətən bu onun işi deyil. Axı, qarabağlılar həm də azərbaycanlılardır, necə ki, Qarabağ Azərbaycan Respublikasının bir parçasıdır. Amma reallıq baxımından yanaşanda, bəli, Nikol Paşinyan-Ermənistanın baş naziri Qarabağ münaqişəsinin nizamlanması üzrə Ermənistan-Azərbaycan danışıqlarında işğalçı tərəfin nümayəndəsi kimi danışmalıdır. Ona görə ki, birincisi, bu ərazini Ermənistan qoşunları işğaql edib. Baxmayaraq ki, onlara xarici qüvvələr də kömək edib. Hər bir halda fakt olaraq Ermənistanın adı ortadadır. İkincisi, hazırda Azərbaycanın Qarabağ bölgəsində yaşayan əhalinin böyük əksəriyyəti Ermənistan Respublikasının pasportunu daşıyır və bu ölkənin vətəndaşlarıdır. Üçüncüsü, işğal zamanı törədilən bütün dəhşətlər, cinayətlər və soyqırımlar  Ermənistan vətəndaşları olan ermənilər tərəfindən edilib. Bu ölkənin keçmiş prezidentləri də bu cinayətlərdə iştirak edib və bunu beynəlxalq səviyyədə etiraf ediblər. İndi Paşinyan özündən “Amerika kəşf etmək” istəyir. Amma belə görünür ki, bu istəyin sətiraltı mənası ayrıdır.

Bu vaxtadək ermənilər öz ölkələrini fəxrlə “əriklər ölkəsi” kimi təqdim edirdilər. Amma bu il Ermənistanda ərik meyvəsi qəhətə çıxdığından bazarda ərik tapmaq müşkülə dönüb. Amma əvəzində klounlar meydan sulamağa başlayıb. Bunlardan ən istedadlıları arasında İrəvanın yeni meri Ayk Marutyandır. Erməni KİV-ləri yazır ki, Marutyan üçün Qarabağdakı erməni separatçıları ilə süləngi küçə itləri arasında elə bir fərq yoxdur. Belə ki, mer hər ikisini ürəkdən sevir. Hazırkı mer, keçmiş məzhəkəçi öz facebook səhifəsində avar itlərlə şəklini paylaşaraq yazıb ki, “bizim itlərlə təsadüfi görüş. O istəyir ki, biz onu sığallayaq. Biz onu sığallayırıq. Biz onu sevirik. Bu günəşli gündə onlar sevinirlər”.

Qəribədir ki, bundan bir gün əvvəl Qarabağa-başqa ölkənin işğal edilmiş ərazisinə qanunsuz səfər edən İrəvan meri buradakı separatçılara da eyni nəvazişi göstərib. “Mənim üçün ilk səfəri məhz Qarabağa etmək prinsipial məna daşıyır. Biz qarabağlıların ən səmimi arzular və emosiyalar ilə qayıtdıq və bunları sizinlə bölüşürəm, əziz irəvanlılar” deyə, keçmiş məzhəkəçi sevgisini izhar edib. Amma bu daha çox qarabağ separatçıları ilə irəvanlıları bir yerdə sığallamaq jestinə oxşayır. Çünki, politoloqlar bir ağızdan “oxuyurlar” ki, meri işğal edilmiş əraziyə Paşinyan göndərib. Səbəb? Çox sdədir. Baş nazir separatçıların könlünü almaq istəyir. Paşiyan “ümumerməni lider” statusunu əldə etməyi arzulayır. Lakin Qarabağ klanı bu işdə ona ciddi maneədir.

Ancaq məsələnin məğzi heç də Paşinyanın arzuları ilə ölçülmür. Baxmayaraq ki, o, xarab olmuş qrammafon valı kimi hey eyni şeyi təkrarlayır. Naşı olduğundan, bununla o, hətta anlaya bilmir ki, “çevir tatı, vur tatı” adəti siyasətçini gözdən salır. Yeri gəlmişkən, indi Qarabağ münaqişəsi üzrə ABŞ-da MQ-nin iştirakı ilə Azərbaycan və Erməniustan xarici işlər nazirlərinin görüşü keçirilir. Belə olan halda Paşinyan nə üçün xarici işlər nazirini həmin görüşə göndərib? Demək, onun bütün bu söhbətləri bir komediyada deyildiyi kimi “boş-boş qırıldamaq”dan başqa bir şey deyil. Yeri gəlmişkən, baş nazirin “kimi seçiblərsə, qoy o da danışsın” tezisi ən azı savadsızlıq və gülüncdür. Axı, Qarabağda hansı dövlət var ki, hələ bir seçki də keçirsin. Nə olsun ki, 30-40 minin adından seçki oyunu oynanılır. Bu cür legitimlik olsa, onda dünyada yüz minlərlə “dövlət” yaranar və... bundan sonra nə baş verəcəyini təsəvvür etmək mümkündürmü? Üstəlik, bütün beynəlxalq qurumlar və ATƏT-in Minsk qrupu bu fikirlərə görə Paşinyanın ağzından tərs siyasi “şapalaq” vurublar: formatı dəyişdirmək olmaz.

İndi siyasilər, o cümlədən bəzi erməni politoloqlar deyirlər ki, Paşinyan qorxusundan belə tərdlik edir. O, Azərbaycanla müzakirədən qaçmaq və mümkün məsuliyyəti üzərindən atmaq üçün “tutuquşuluq” edir. Çünki, yaxşı bilir ki, Qarabağ Azərbaycana məxsusdur və bu bölgədə ikinci erməni dövlətini yaratmaq mümkün deyil. Heç Ermənistana birləşdirmək də olmayacaq. Azərbaycan bölgə üzərində hakimiyyətini gec-tez bərpa edəcək. Onda prosesdə kim iştirak edib sənədlərə imza atacaqsa, o da məsuliyyət daşıyacaq. Məqsəd bundan qaçmaqdır. Ay səni, Paşinyan! Quyruğun qapı arasında qalanda aradan çıxmaq istəyirsən. Deyəsən, elə köhnə klan da bu səbəbdən hakimiyyəti ona maneəsiz təslim edib.

N.NOVRUZ    

Sizin Reklam Yeriniz