Əlaqə Arxiv
news Image
2019.06.21
09:15
| A A A
Qərb ölkələri Azərbaycanla hərbi əməkdaşlığın yeni mühüm mərhələsinə start verir
Üzeyir Cəfərov: «Fransa ilə sözügedən əməkdaşlıq ciddi perspektivə malikdir»

Azərbaycan və Fransa birgə zirehli texnika istehsalına hazırlaşır. Bu məsələ  Fransa Kosmik Sənaye Assosiasiyasının himayədarlığı ilə Parisdə keçirilən və hərbi aviasiya sahəsində dünyanın ən nüfuzlu sərgilərindən olan "Paris Air Show-2019" sərgisində  gündəmə gəlib.

Sərgi çərçivəsində Müdafiə Sənayesi nazirinin müşaviri Fərrux Vəzirov Fransanın "Nexter", "Thales", "CS Communication", "Lacroix" və Türkiyənin "TAİ" şirkətlərinin rəhbərləri ilə görüşüb. Görüşlərdə hərbi-texniki əməkdaşlığa dair məsələlər müzakirə edilib.

"Nexter" şirkətinin rəhbərliyi ilə görüşdə müxtəlif növ müdafiə təyinatlı məhsulların, o cümlədən Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində mövcud olan istehsal sahələrində təkərli zirehli texnikanın birgə istehsalı, robot texnikası sahəsində dəniz və hava platformaları üzərində müxtəlif növ silahların istehsalı və inteqrasiyası da daxil olmaqla əməkdaşlığın yaradılmasına dair danışıqlar aparılıb. Tərəflər arasında bu layihələrin həyata keçirilməsi üzrə yol xəritəsi müəyyən edilib. Görüşdə "Nexter" şirkətinin ekspertlərinin iyulda Azərbayacana nəzərdə tutulan səfərləri çərçivəsində danışıqların davam etdirilməsinə dair razılıq əldə edilib.

"Thales" şirkətinin rəhbərliyi ilə görüşdə Azərbaycanda və qonşu ölkələrdə bu şirkətin məhsullarına texniki xidmətin göstərilməsi və təmiri üzrə birgə regional servis mərkəzinin yaradılmasına dair məsələlər müzakirə edilib.

Səfər çərçivəsində İtaliyanın "Leonardo" şikətinin nümayəndələri ilə də görüş olub. Görüşdə şirkətlə Müdafiə Sənayesi Nazirliyi arasında birgə layihələrlə bağlı aparılan danışıqlar davam etdirilib. Bunlarla yanaşı, Avropada aviasiya sahəsində ən böyük transmilli şirkət olan "Airbus" ilə də danışıqlar aparılıb və aerokosmik sahədə layihələrin icra edilməsi ilə bağlı razılıq əldə edilib. Sərgi çərçivəsində Fransa Müdafiə Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Thomas Lorne ilə görüş olub. Görüşdə iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığın yaradılması istiqamətində danışıqlar aparılıb.

Buradan göründüyü kimi, Azərbaycan artıq Qərb ölkələrilə də zirehli hərbi texnika istehsalı sahəsində əməkdaşlığa başlayıb. Fransa və digər Qərb ölkələrinin hərbi müəssisələrinin Azərbaycanla artan əməkdaşlığa səbəb nədir və bu hal ölkəmizə hansı üstünlüklər vəd edir?

Hərbçi ekspert Üzeyir Cəfərov qeyd edir: “Son illər bildiyiniz kimi, Azərbaycan hərbi sənaye kompleksi də sürətlə inkişaf edib. Fransa ilə Azərbaycanın birgə hərbi təyinatlı zirehli texnika istehsal etmələri hər iki dövlət üçün ciddi perspektivlər vəd edən mühüm bir addımdır. Bildiyiniz kimi, son illər Azərbaycan hərbi sənaye kompleksi sürətlə inkişaf edir. Ona görə də Qərb də daxil dünyanın bir sıra ölkələri Azərbaycanla birgə hərbi əməkdaşlığa maraq göstərməyə başlayıblar. O ölkələrdən biri də Fransadır.

Paris Bakı ilə birlikdə hərbi təyinatlı məhsullar buraxmaq niyyətindədir. Parisin bəyan etdiyinə görə, bu istiqamətdə məqsədləri ciddidir. Onlar həm də regiona gələrək Azərbaycan müdafiə sənayesinin gücündən istifadə etmək istəyirlər. Birgə istehsal layihələri nəzərdən keçirilir. Bu istiqamətdə maraq göstərən Fransa şirkətləri dünyada tanınan ciddi şirkətlərdir, “Nexter”, “Thales” və digərləri. Bu şirkət nümayəndələri gələn ay Azərbaycana gələcək və artıq bu istiqamətdə müəyyən planlar mövcuddur. Çünki əvvəlki görüşlərdə region və dünya bazarı üçün birgə hərbi zirehli texnikanın buraxılması imkanları müzakirə olunub. Həmçinin birgə robort texnikasının buraxılması da gözlənilir. Hansı ki, həmin məhsullara həm Fransa, həm Azərbaycan, həm də qonşu ölkələrdə təlabat var. Beləliklə, bu fonda  həm hərbi-hava qüvvələri, həm də quru qoşunlar üçün hərbi təyinatlı məhsulların buraxılması gözlənilir. Habelə, hərbi-dəniz qüvvələri üçün də birgə məhsulların buraxılması nəzərdə tutulur.

Fransa ilə Azərbaycan dənizdə müəyyən avadanlıqlqrın quraşdırılmasını birgə həyata keçirəcəklər.  Hamin layihə Azərbaycan üçün çox mühüm hadisədir. Fransa ilə bu kimi birgə layihənin perspektivi böyükdür. Özü də həmin proses təkcə hərbi sənayeni əhatə etməyəcək. Burada mülki aviasiya ilə bağlı da layihə vardır. Bütün bu istiqamətlərdə Fransa böyük təcrübəyə malikdir.  Fransa ilə bu mənada sözügedən əməkdaşlıq ciddi perspektivə malikdir”.

Həmsöhbətimiz qeyd etdi ki, Fransa Azərbaycanla müqayisədə Ermənistana daha çox yaxın olsa da, hər iki ölkənin iqtisadi imkanlarını nəzərdən keçirməklə, ona uyğun olaraq hərəkət edir: “Ermənistanın potensialı imkan vermir ki, Fransa onunla uzunmüddətli hansısa perspektivli layihələr həyata keçirsin. Fransızlar Azərbaycanla isə bunun mümkün olduğunu görürlər. Çünki ölkəmizin Müdafiə Sənayüsi Nazirliyi qısa müddərdə dünya silah bazarına xeyli miqdarda hərbi və mülki təyinatlı məhsullar təqdim etməyi bacarıb. Bu da diqqəti cəlb etdiyindən Paris ölkəmizlə həmin istiqamətdə layihələr həyata keçirmək istəyir. Aparılan işlər nəticəsində belə başa  düşürəm ki, cari ildə Fransa ilə həmin istiqamətdə əməkdaşlığın olduqca uğurlu nəticələri olacaq. Ermənistan isə işğalçılıq siyasətini davam etdirdikcə, bölgə üçün mühüm əhəmiyyətə malik bu kimi layihələrdən kənarda qalmaqda davam edəcək”.

Rüfət NADİROĞLU

 

Sizin Reklam Yeriniz