Əlaqə Arxiv
news Image
2019.06.21
09:35
| A A A
Paşinyanın da «ağıllanması» ordumuzun ümidinə qalır
Nəzakət Məmmədova: “Vaşinqton görüşü fonunda Paşinyanın verdiyi açıqlamalar danışıqlar prosesini pozmağa hesablanmış addımlardır”

Ermənistan hər zaman olduğu kimi, münaqişənin tənzimlənməsi üzrə hər hansı bir görüş keçirilən ərəfədə yenə də özünün qeyri-konstruktiv mövqeyilə gündəmə gəlməkdə davam edir. Anoloji vəziyyət xarici işlər nazirlərinin Vaşinqton görüşü fonunda da baş verib.

Belə ki, Ermənistan baş naziri Nikol Paşinyan yenə də görüş ərəfəsi prosesi pozmağa hesablanmış açıqlamalarla çıxış etdi. Ermənistan Silahlı Qüvvələrin hazırlıq səviyyəsini artırmalı olmasına diqqət çəkən Paşinyan çıxışında, ölkəmizi danışıqlar zamanı konstruktiv olmamaqda günahlandırıb və rəsmi İrəvanın son günlər cəbhə xəttində vəziyyəti kəskinləşdirməsinə toxunmayıb. O, Ermənistanın müharibə istəmədiyini bildirməklə yanaşı, ehtimal edilən hərbi əməliyyatlardan guya qorxmadığını ifadə edib: “Lakin müharibə təhdidi ilə heç kim Ermənistanı qorxuda bilməz. Yenə də, atəşkəs rejiminin pozulması mexanizminin zəruriliyi məsələsi gündəmdədir və Ermənistan tərəfinin bu məsələdəki mövqeyi dəyişməz olaraq qalır”. Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü  fonunda Paşinyanın son günlər cəbhə xəttində erməni təxribatlarını gözardına vuraraq, yuxarıdakı ifadələri səsləndirməsi danışıqlar prosesinə birbaşa müdaxilə və Mnatsakanyanın hansı təlimatlarla İrəvandan göndərilməsini aşkara çıxarır.

Politoloq Nəzakət Məmmədovanın fikrincə, Vaşinqton təmasları dönəmində Paşinyanın qeyri-konstruktiv mövqe sərgiləyən çıxışlar etməkdə məqsədi danışıqlar prosesini pozmaq cəhdidir: “Hər zaman danışıqlar prosesində nəsə ümidverici faktlar ortaya çıxan zaman erməni liderləri prosesi pozmaq üçün belə təxribat xarakterli bəyanatlar veriblər, atəşkəsi pozublar. Paşinyan da bu mənada Vaşinqton görüşü ərəfəsi verdiyi açıqlamalarla həmin məqsədi güdür.

Onlar çalışır ki, mümkün qədər çox vaxt udsunlar. Hesab edirlər ki, məsələnin həllinin uzadılması, prosesin qeyri-müəyyən olaraq qalması,  daha çox  onların xeyrinə  işləyir. Hazırkı beynəlxalq şərait tələb edir ki, münaqişə Azərbaycanın xeyrinə həll olunsun. Ancaq İrəvan ümid edir ki, gələcəkdə guya vəziyyət dəyişə və  beynəlxalq aləmdəki aşınma prosesindən yararlana bilərlər.

Bilirsiniz ki, beynəlxalq aləmdə hüquq qaydaları indi daha çox dərəcədə arxa plana atılır. Separatçılar da bu fonda iddia edirlər ki, guya 30 ildən artıqdır müstəqil dövlət olaraq yaşamaq qabiliyyətlərini göstərə biliblər. Yəni münaqişə uzandıqca onlar dünyanı fakt qarşısında qoymağı düşünürlər. Hazırda Dağlıq Qarabağ hüquqi baxımdan Azərbaycanındır, faktiki baxımdan isə onu Ermənistan işğal edib. Yəni məsələ heç bir münaqişə tərəfinin xeyrinə həll olunmayıb. Ona görə də İrəvan “nə hərb, nə də sülh” variantını uzatmağa çalışır, hər gün atəşkəsi pozurlar. Düşünürlər ki, zamanı uzatmaqla nə vaxtsa prosesi öz xeyirlərinə dəyişə bilərlər. Beynəlxalq münasibətlərdə yaranan presedentlərə ümid edirlər. Fikir vermisinizsə, hər zaman danışıqlar prosesini pozanlar daməhz ermənilər olub. Prosesdə hər hansı bir irəliləyiş gözə dəyən kimi, düşmən ölkə aranı qarışdırmaq yolunu tutub”.

N. Məmmədova bildirdi ki, Paşinyan Vaşinqton görüşü ərəfəsi belə cəfəng fikirləri səsləndirməklə ATƏT-in Minsk qrupuna saymazyana münasibət göstərdiyini də nümayiş etdirdi: “Paşinyan bu mənada Minsk qrupunun qəbul  etdiyi qərar və bəyanatlara saymazyana yanaşdığını ortaya qoymuş olur. Bu kimi hərəkətlərilə Paşinyan həm də erməni cəmiyyəti arasında özünü sığortalamağı düşünür. Bununla öz cəmiyyətinə bildirmək istəyir ki, danışıqlarda konstruktiv mövqe tutmayacaq. Belədə Minsk qrupuna da başa salmaq istəyir ki, əvvəlki mövqedə qalır. Yəni dünyanı fakt qarşısında qoymaq istəyir”.

Ekspert  qeyd etdi ki, Paşinyanın həmin açıqlaması da Vaşinqton görüşündə heç bir nəticə əldə olunmayacağını bəri başdan söyləməyə əsas verir: “Burada hansısa bir nəticə olacağına inanmıram. Burada Rusiya faktoru da var. Minsk qrupunda təmsil olunan tərəflərdən heç biri istəmir ki, digər tərəf danışıqlarda aktiv söz sahibinə çevrilsin və münaqişəni həll etsin. Çünki, Vaşinqton danışıqlarında sülh əldə olunsa, həmin hadisə “Vaşinqton razılaşması” kimi tarixə düşəcək ki, bu da Moskvanı qane etmir. Bilirsniz ki, Ki-Uest, Kemp-Devid danışıqları ilə ABŞ öz adını sülhpərvər dövlət kimi tarixə yazdıra bildi. Bu mənada Rusiya Qarabağ münaqişəsində də ABŞ-ın aktiv rol oynamasında maraqlı deyil. Ona görə Rusiya da imkan verməyəcək ki, sözügedən danışıqlarda nəticə əldə olunsun. Paşinyan da öz çirkin məqsədlərinə nail olmaq üçün danışıqlar ərəfəsi Rusiyanı ABŞ-a qarşı mövqe tutmaq üçün qızışdırmağa çalışır. Yəni o həmin hərəkətlərilə həm də Rusiyanı aktiv olmağa, ABŞ-ın təşəbbüsünün qarşısını almağa səsləyir”.

Politoloq onu da vurğuladı ki, Paşinyan ABŞ və Rusiya kimi iki böyük dövləti qarşı-qarşıya qoymaqla da prosesi pozmağı düşünür: “Çünki tərəflərdən biri daha fəal olsa, münaqişənin həllində irəliləyiş yarana bilər. Amma indiki halda, bu  məsələdə iki böyük dövlət baş-başa gəlib ki, ermənilər də bundan istifadə etmək istəyir. Belədə, Paşinyan separatçı rejimi tərəf kimi göstərməklə Rusiyanı təhrik edir ki, ABŞ-ın planı pozulsun. Prosesin gedişi göstərir ki, 2020-ci ildə  separatçı Dağlıq Qarabağdakı “seçkilər” ərəfəsi nəsə baş verəcək. Paşinyan və Qərb orada da rəngli inqilab etmək istəyir. Bu mənada Amerika orada da öz adamını hakimiyyətə gətirə bilsə, danışıqlar prosesində də təşəbbüs tamamilə Vaşintonun əlinə keçə bilər”.

 

Rüfət NADİROĞLU

        

Sizin Reklam Yeriniz