Əlaqə Arxiv
news Image
2019.06.26
07:00
| A A A
Balansı saxlamaq bacarığı sabitliyin açarıdır
Hər işin öz vaxtında görülməsi, hər sözün öz yerində deyilməsi fayda verər

Gürcüstan “gözlənilmədən” qarışıb. Rusiyalı deputatın bir səhv “hərəkəti” müxalifətin ayağa qalxmasına və hakimiyyəti istefaya səsləməsinə rəvac verib. Lakin hadisələrin spontan inkişafı ilk təəssüratda belə görünür. Çünki, gürcü cəmiyyəti “partlamağa” hazır idi. Rus deputatın parlament sədrinin kürsüsündə əyləşməsi isə, çox güman ki, cəmiyyətin əsəblərini yoxlamaq üçün atılan addım idi. Kreml bilmək istəyirdi ki, Gürcüstana münasibətdə hansı gedişləri edə bilər. Göründüyü kimi, gürcülər geri qayıtmağa hazır deyillər.

Məsələ burasındadır ki, Saakaşvilinin zamanında daxili siyasətdə korrupsiyaya və qanunların pozulmasına qarşı mübarizədə əldə edilmiş nailiyyətlər xalqı nə qədər razı salırdısa, xarici siyasətdə birtərəflilik ölkə ərazisinin bir hissəsinin işğalı ilə nəticələnmişdi. Yəni, Saakaşvili siyasətdə balans prinsipini radikal addımlara qurban verirdi. Buna görə də müəyyən müddət daxili və xarici təsirlərə dözə bilsə də, sona qədər davam gətirə bilmədi və seçkiləri uduzaraq hakimiyyətdən uzaqlaşmağa məcbur oldu. Onun sələfi isə Rusiyanın adamı kimi tanınan milyarder Bidzina İvanişvili oldu. Lakin bu adam sərvətini qorumaq üçün ölkəni kulisdən idarə etməyə qərar verdi və yerini gənc və təcrübəsiz şəxslərə həvalə etdi. Təbii ki, o, Rusiya ilə münasibətləri yoluna qoymağa, bəlkə də məhz Rusiyanın patronajlığını qəbul etməyə əsas yaratmaq istəyirdi.

Ancaq keçmiş prezident Mixail Saakaşvili də asan sınan “qoz” deyildi. Onun Qərbdən aldığı dəstək daim siyasi gündəmdə qalmağa və Gürcüstanın Qərbə inteqrasiya səylərini davam etdirməyə imkan verirdi. Buna görə də hakim “Gürcü arzusu” partiyasına qarşı müxalif qüvvələrin meydanda olması təmin edilirdi. Son prezident seçkilərində müxalifət qələbəyə yaxın idi. Ancaq İvanişvilinin iqtisadi tryukları bunu önlədi və ölkə üçün səhv, İvanişvili üçün sərfəli  olaraq Fransanın gürcü əsilli vətəndaşı Salome Zurabişvili prezident seçdirildi. Yox, ona səsi xalq verdi, İvanişvili isə xalqı buna yönləndirdi. Abxaziya və Cənubi Osetiyanın işğalı zamanı o vaxtkı Fransa prezidenti Nikola Sarkozinin fəalıiyyətini gürcü xalqı və siyasiləri unutmamalıydı. Fransızların Rusiyaya loyal münasibət bəsləmələri politoloqlara yaxşı məlumdur. Parisin siyasi mühitində yetişmiş S.Zurabişvilidən də yeni bir dəst-xətt gözləməyinə dəyməzdi. Gürcülər bu amili nəzərdən qaçırmamalı idilər.

Bütün bu saydıqlarımızın fonunda Rusiya Dumasının üzvü olan şəxsin özünəvurğun gürcülərin parlamentinin baş kürsüsündə əyləşməsi, təbii ki, antirus ehtirasların alovlanması üçün yaxşı qığılcım rolunu oynaya bilərdi və bu baş verdi. Aksiya iyunun 20-də Tbilisidə keçirilən Pravoslav Parlament Assambleyasının iclasında Rusiyadan olan deputatların iştirakına və rus nümayəndə heyəti başçısının spikerin kürsüsündə oturmasına etiraz olaraq başlayıb. Həmin gün gecə polislə aksiya iştirakçıları arasında qarşıdurma yaranıb. Nümayişçilər parlamentin binasını ələ keçirməyə cəhd ediblər. Polis gözyaşardıcı qazdan, rezin güllələrdən və su şırnağından istifadə edərək mitinqi dağıdıb. Qarşıdurma zamanı 80-ni polis, 31-i jurnalist olmaqla, ümumilikdə 240 nəfər yaralanıb, 300-dən çox nümayişçi polis tərəfindən saxlanılıb. Baş verən hadisələrə görə artıq parlamentin sədri İrakli Kobaxidze istefa verib.

Gürcüstanın paytaxtı Tbilisidə müxalifətin kütləvi etiraz aksiyası iyunun 24-də yenidən başlayıb. Günorta saatlarında Birinci Respublika Meydanından başlayan yürüş-mitinq Daxili İşlər Nazirliyinin binası qarşısında başa çatıb. Müxalifət liderləri tələbləri tam yerinə yetirilənədək etiraz aksiyasını davam etdirəcəklərini bildiriblər. Aksiya parlamentin binası qarşısında saat 19:00-da yenidən başlayıb. Mitinqdə yüzlərlə insan iştirak edib. Daxili İşlər naziri Qeorqi Qaxariyanın istefası, iyunun 20-də keçirilmiş aksiyada saxlanılan 300-dən çox insanın azadlığa buraxılması tələb olunub.
Məsələ burasındadır ki, indiki gürcü siyasi hakimiyyəti də Saakaşvili kimi balanslı siyasətin tərəflərinin bərabərliyini təmin edə bilmir. Bu, gah nala, gah da mıxa vurmaq kimi bir şeydir. Əvvəl rusları başda oturtdurur, sonra isə onların əleyhinə danışır. Şübhə yoxdur ki, balans pozulur.

İndi müxalifət əlinə düşmüş girəvədən faydalanmaq istəyir. Hakimiyyət əleyhinə mitinqlər, istefa şüarları davam edir. Etirazları yatırmaq üçün polisin qüvvəsindən radikal şəkildə istifadə etmək azadlığın dadını görmüş insanları daha da coşdurub. Mitinq edənləri döyən polislərin işdən qovulması, iki nəfərinin məsuliyyətə cəlb edilməsi də camaatı sakitləşdirə bilmir. İş gedib prezident Salome Zurabişvilinin istefasını tələb etməyə çıxa bilər. Və bu hakimiyyətin buraxdığı səhvlərin acı sonluğu demək olar.

Cənubi Qafqazın qaynar siyasi həyatı iri dövlətləri həmişə cəlb edib. Azərbaycanın geosiyasi mövqeyi də daim beynəlxalq qüvvələrin diqqət mərkəzindədir. Lakin bir fərq var ki, dövlətimizin siyasi sükanı bacarıqlı əllərdə olduğundan mükəmməl xarici balanslı siyasət əcnəbilərin təsir qüvvələrini vaxtında uzlaşdıra və səmərəli məcraya yönəldə bilir. Bu, tək bizim rəyimiz deyil. Beynəlxalq miqyasda Azərbaycan dövlətinin xarici siyasətinin uğurlu olması haqda faydalı rəy formalaşıb. Hətta çox dövlət başçıları mahiyyət etibarı ilə “balans” meyarını qəbul etməyə çalışsa da, istədiyinə nail ola bilməyib. Çünki, Ermənistan siyasiləri kimi balanslı siyasəti “iki qucaqda oturmaq” kimi anlayıblar və bu səbəbdən uğursuzluğa düçar olub,  Azərbaycanın müstəqilliyinə kənardan boylana-boylana qalıblar. Amma bizim cəmiyyətimizdəki sabitliyin davamlı olmasının açarı məhz dediyimiz “balans” dəyərindədir.

N.NOVRUZ

 

Sizin Reklam Yeriniz