Əlaqə Arxiv
news Image
2019.06.26
08:00
| A A A
Ermənistanda rüşvətxorluğun kökünü kəsmək mümükün deyil
Bu ölkədə işləmək pul verib pul almaq və qanunları haqq müqabilində saxtalaşdırmaq deməkdir

Ermənistan işğalçı dövlətdir. Bu faktdır. Amma o da faktdır ki, işğalçılar çapıb-talayan, qanunları vecinə almayan, insanların hüquqlarına laqeyd yanaşan və amansız olurlar. Bu mənada ermənilərin rüşvətxorluğu və saxtakarlığı barədə xəbərlər eşidəndə təəccüblü olmur, amma heyrət doğurur: insan pula nə qədər aludə olarmış?! Sözsüz ki, işğalçılar adətən hərb maşınını idarə edənlər olur. Necə ki, Ermənistandakı rüşvətxorluğun başında Müdafiə Nazirliyi durur.

Vaxtaşırı olaraq bu qurumda rüşvətxorluğun baş alıb getdiyi barədə ehtiyata buraxılmış və ya vəzifəsindən çıxarılmış hərbçilər  biabırçı faktlar açıqlayırlar. Keçmiş müdafiə nazirləri Serj Sarkisyan, Seyran Ohanyan, Vigen Sarkisyan və hazırkı nazir David Tonoyanın rüşvətxor əməlləri barədə faktlar mətbuatda ayaq tutub yeriyir. Məlumatlarda qeyd olunur ki, ölkə rəhbərliyi rüşvətxorluğun qarşısını almaqda acizdir. Çünki orduda rüşvətxorluğun bünövrəsi cəmiyyətin işğalçılıq əhval-ruhiyyəsinin özündən doğur.

Hələ  2016-cı ilin aprel müharibəsi zamanı hərbi xidmətdə olan əsgərlərin hərbi biletlərinə müharibədə iştirak etdiklərini təsdiq edən  möhürlər yalnız rüşvət müqabilində vurulurdu.

İş o yerə çatmışdı ki,  bəzi əsgərlər  müharibədə iştirakla bağlı möhürü hərbi biletlərinə vurdurmaq üçün məhkəməyə müraciət etmişdilər. Əsgərlər yaşadıqları rayonların  hərbi komissarlıqları ilə məsələni də dolayı yolla həll edirdilər. O vaxt Aprel müharibəsində iştirak etmiş erməni əsgərlərdən biri adının açıqlanmaması şərtilə mətbuata bildirmişdi ki, hərbi komissarlıq hərbi biletə müharibədə iştirak haqda möhürü yalnız ödəniş, yəni külli miqdarda rüşvət qarşılığında vurur. Axı, müharibə iştirakçıları onlar üçün müəyyən olunmuş imtiyazlardan istifadə edirlər. Ona görə də Müdafiə Nazirliyinin rüşvətxor məmurları və hərbçi komandirləri əsgərlərin haqqını onların özlərinə rüşvətlə satmaqda maraqlıdırlar. Rüşvətin məbləği isə nə az, nə çox, 500-600 dollar civarında idi.

Ötən ilin tək bir ayında – martda hərbi sahədə baş verən oğurluq və rüşvətxorluq halları ölçüyəgəlməz səviyyədə artmışdı. Ay ərzində Ermənistanın Müdafiə Nazirliyinin mərkəzi dərman bazasında fırıldaqçılıq yolu ilə 40 milyon dram məbləğində oğurluq edilməsi barədə  Ermənistan Baş Prokurorluğu məlumat yaymışdı. Ermənistan vətəndaşlığı alan, amma digər ölkədə hərbi xidmətdə olmalarına dair saxta sənədlər təqdim edən, 40-dək xaricdən gələn erməni orduda məcburi hərbi xidmətdən rüşvət qarşılığında yayınmışdı. Ermənistanın cinayət qanunvericiliyinə əsasən saxta sənəd tərtibatında, satışında hazırlanmasında ittiham edilərək, 1 nəfər xarici vətəndaş olmaqla, 11 nəfərə qarşı ittiham irəli sürülüb. İttiham edilənlərdən 4 nəfər həbs edilib, 7 nəfər isə ölkəni tərk etməməyə dair imza müqabilində azadlığa buraxılıb. Bir aylıq xronikada Ermənistan müdafiə nazirliyinin maddi vəsaitlərlə təminat müsabiqəsi sahəsində 2008-2013-cü illər ərzində mənimsəmə ittihamı ilə Ermənistan müdafiə nazirliyinin idarə rəisinin müavini 29.220.000 erməni dramı məbləğində rüşvət iddiası ilə həbs edilmişdi. Müdafiə nazirliyinin başqa bir əməkdaşı isə 3 min dollarlıq korrupsiya faktına görə cinayət məsuliyyətinə alınmışdı.
Hazırkı baş nazir Nikol Paşinyan hakimiyyətə gələndə verdiyi vədlərdən biri korrupsiyanın aradan qaldırılması idi. Aradan keçən bir il ərzində nə baş verib? Ordudan yayınmağa görə keçən il verilən 600 dollar indi 1500 dollara qədər artıb. Budur inqilabın erməni cəmiyyətinə töhfəsi. Səbəb də çox sadədir: rüşvərxorluğun kökünü kəsmək üçün təcavüzkar siyasətdən yaxa qurtarmaq lazımdır. Çünki, insanlar övladlarının özgə torpağına, Qarabağa ölməyə göndərmək istəmirlər. Övladlarından ötrü canlarından belə keçməyə hazır olan valideynlərin bu məhəbbətindən məmurlar və hərbçilər korrupsiyanın çiçəklənməsi üçün istifadə edir, yaxşıca varlanır və işğalın davam etməsinə maraq göstərirlər. Belə bir situasiyanın yaranması erməni cəmiyyətinin faciəsidir və xalqın daim qorxu və dəhşət içərisində yaşamasının əsas səbəbidir.

N.NOVRUZ

 

Sizin Reklam Yeriniz