Əlaqə Arxiv
news Image
2019.06.26
10:00
| A A A
Regionda Ermənistanın mövqeyi sarsılır
Məhəmməd Əsədullazadə: “Bu halda Ermənistanın iqtisadi vəziyyəti daha da pisləşəcək, işğalçı ölkədə qida problemləri yaranacaq”

Rusiya və Gürcüstan arasında gərginləşən münasibətlər Ermənistanda ciddi təşviş yaradıb. Burada hesab edirlər ki, bu gedişlə Gürcüstan Rusiyadan gələn yüklərin ərazisindən Ermənistana daşınmasını dayandıracaq. Qeyd edək ki, Rusiyadan Ermənistana yüklər ikincinin işğalçılıq siyasəti səbəbindən ancaq Gürcüstan vasitəsilə daşınır. Hətta bu yaxınlarda Rusiyanı Ermənistanla birləşdirəcək Abxaziya dəmir yolunun yenidən işə salınacağı barədə də fikirlər səslənirdi. Ancaq indi görünür, Tiflislə Moskva arasında yenidən münasibətlərin kəskinləşməsi fonunda Kremlin rus turistlərinə Gürcüstana getməyi qadağan etməsinə cavab olaraq sonuncu da şimal qonşusuna münasibətdə müyyən addımlar atmalı olacaq. Həmin addımlardan biri də Gürcüstanın öz ərazisindən keçməklə Rusiyadan Ermənistana gedən yüklərin daşınmasını dayandırması ola bilər.   

Bu mümkündürmü və iki ölkə arasında gərginlik Ermənistan üçün hansı problemlər yaradır?

Politoloq Məhəmməd Əsədullazadə qeyd etdi ki, İrəvan Gürcüstanda baş verənləri həyəcanla izləmək məcburiyyətindədir. Çünki, ekspertə görə, Gürcüstanla Rusiya arasında yaşanan gərginlik fonunda Moskvadan Ermənsitana Tiflis vasitəsilə yollanan yüklərin daşınmasına da son qoyula bilər: “Tiflislə Moskva arasında yaşanan siyasi gərginlik təbii ki, burada separatçı Abxaziyanı dəstəkləyən bir rus deputatının parlament kürsüsünə çıxması ilə bağlamadı. Burada geosiyasi maraqların, xüsusən də ABŞ-la Rusiyanın maraqlarının toqquşması da baş verir. Vaşinqton hazırda rəsmi Tiflisin bir sıra məsələlərə münasibətindən narazıdır. Çünki oliqarx Bdzina İvanişvili hakimiyyəti birbaşa Rusiya ilə müəyyən ilişgilərə malikdir. Prezident xanım Zurabaşvili ötən ay antiamerika bəyanatları ilə çıxış edib. Təbii ki, bu mənada baş verənlər Rusiyadan olan deputatın Gürcüstan parlamentində spikerin kürsüsünə çıxaraq çıxış etməyə calışması prosesdə bir alışqan rolunu oynadı. Bununla Tiflisdə etirazlar baş qaldırdı. Təbii ki, burada baş verən etirazlardan istifadə edərək bir sıra qərbyönümlü partiyalar etirazları Rusiya əleyhinə yönəldərək, “Gürcü arzusu” koalisiyasını hakimiyyətdən uzaqlaşdırmağa çalışırlar. Təbii ki, Tiflisdə baş verənlər Ermənistanda da narahatlıqla izlənilir. Geosiyasi maraqların toqquşması, Cənubi Qafqaza, xüsusən də Ermənistana mənfi təsir göstərir. Ermənistanın Rusiya ilə yalnız Gürcüstan ərazisindən keçməklə avtomobil yolları vasitəsilə quru xətt əlaqəsi var. Ermənistan şəhərlərini Rusiya şəhərlərilə bağlayan Yuxarı Laz, Cənubi Osetiyadan keçən quru yolunun bağlanması,  həmçinin açılması gözlənilən Abxaziya dəmir yolunun bağlı olaraq qalması düşmən ölkəyə növbəti zərbələr vuracaq. Bildiyiniz kimi Ermənistanda Abxaziya dəmir yolunun açılmasını səbirsizliklə gözləyirdilər”.

Ekspert hesab edir ki, yaranmış situasiyada onsuz da ağır durumda olan Ermənistanın iqtisadi vəziyyəti daha da pisləşəcək:

“Düşünürəm ki, Tiflislə Moskva arasında münasibətlərin gərginləşməsi Ermənsitanın özünə də bu mənada mənfi təsir edəcək. Ermənistana Rusiyadan daşınan mal və məhsulun həcmi kəskin azalacaq. Nəticədə Ermənistanda hətta qida problemləri də yarana bilər. Bilirik ki, Türkiyə və Azərbaycan Ermənistanı işğalçılıq siyasəti səbəbindən iqtisadi blokadaya alıb.

Bu mənada Gürcüstanla Rusiya arasında yaşananlar fonunda birincinin sözügedən addımı atması ilə Ermənistan tamamilə iqtisadi defolt vəziyyətinə düşəcək. Gürcüstanda cərəyan edən etiraz aksiyaları hətta hakim “Gürcü arzusu” hökumətinin istefaya getməsilə də nəticələnə bilər. Rusiya ilə Gürcüstan arasında müəyyən iqtisadi problemlər də yaranıb. Moskva Tiflisə iqtisadi sanksiyalar tətbiq edib. Təbii ki, bu mənada Tiflis də Moskvaya münasibətdə adekvat addımlar ata bilər. Bu addımlardan biri də Gürcüstanın Rusiya ilə olan əlaqələrinin zəiflədilməsinə yönələ bilər. Bu müstəvidə Tiflisin Rusiyadan Gürcüstan vasitəsilə Ermənistana gedən marşurut yollarını bağlaması gözləniləndir. Ona görə də İrəvanda belə həyəcanlanıblar. Bu səbəbdən də ermənilər Gürcüstanda baş verənləri diqqətlə izləyirlər. İqtisadi vəziyyət pisləşdikcə bu, Nikol Paşinyan hakimiyyətinə qarşı daxili etirazlara səbəb olacaq. İnqilab nəticəsində erməni əhalisi iqtisadi inkişafın olacağını gözləyirdi. Ancaq Tiflis-Moskva münasibətlərinin pozulması fonunda Rusiyadan Ermənistana idxal olunan məhsullar bahalaşa, həmçinin bu müstəvidə düşmən ölkədə ərzaq qıtlığı yaşana bilər. Hansı ki, həmin fonda yaşananlar Ermənistanda daxili vəziyyətə mənfi təsir göstərəcək. Bu da sözsüz ki, Azərbaycanın maraqlarına uyğun bir prosesdir. Hesab edirəm ki, bu fonda Ermənistana istiqamətlənən Abxaziya dəmir yolunun açılması məsələsi də gündəmdən çıxacaq. Cənubi Osetiya ilə Ermənistana gedən yol da qapana bilər. Yuxarı Laz yolu isə havaların kəskin soyuması ilə tamamilə keçilməz olur. Göründüyü kimi, qarşıdan gələn aylarda Ermənistanı olduqca çətin vəziyyət gözləyir. Nəticədə əlacsız qalan erməni əhalisi kütləvi şəkildə xarici ölkələrə üz tutacaq. Bu fonda Paşinyan hakimiyyəti də zəifləyəcək”.

R. SOLTANOV

Sizin Reklam Yeriniz