Əlaqə Arxiv
news Image
2019.06.28
08:22
| A A A
İrəvan buynuzunu yenə Kremlin çomağına sürtür
Ermənistan hakimiyyətinin Rusiya ilə açıqlanmayan müharibəsi şiddətlənir

Ermənistanın baş naziri Nikol Paşinyan malik olduğu hakimiyyət resursundan istifadə edərək keçmiş prezident Robert Köçəryanı yenidən həbs etdirib. Düzdür, bu barədə qərarı məhkəmə hakimi verib. Lakin erməni siyasi ekspertlər bildirirlər ki, məhkəmələr siyasi sifarişləri yerinə yetirirlər.

Köçəryanın həbsi haradan qaynaqlanır? Bu haqda yəqin ki, Paşinyanın özündən məlumatlı adam ola bilməz. Lakin ümumi siyasi ab-hava kontekstində bu addımın Qərbdən gələn dəstək sayəsində atıldığı güman edilə bilər. Qafqazda Rusiyanın təsirini azaltmaq bu gün ABŞ-n İrana qarşı siyasətində ona çox gərəkli olar. Çünki, İran hər hansı xarici dövlətin, hətta “nəhəng” olsa belə, dağıda biləcəyi ölkələrdən deyil. Bu ölkəni zəiflətmək üçün amerikalı strateqlər 40 ildir ki, çalışır, amma hələ də əhəmiyyətli bir nəticəyə gəlib çıxmayıblar. ABŞ-ın indiki rəhbərliyi bu istiqamətdə uğur qazanmaq üçün İrana qarşı tətbiq etdiyi sanksiyaların tam yerinə yetirilməsinə nail olmaq istəyir. Bunun üçün isə, onu blokadaya almağı düşünür. Amma necə? Rusiya amili bu işdə ən böyük maneədir və Kreml müttəfiqi İranı açıq-aşkar müdafiə edir. Ancaq Rusiyanın İranla birbaşa sərhədi yoxdur. Buna görə də Rusiyanın əlaltısı olan Ermənistanın Qərbin təsir dairəsinə keçirilməsi vacib şərtdir. Yeri gəlmişkən, Gürcüstanda hazırda yaşanan və güclənən anti-rus əhval-ruhiyyəsinin də bu siyasətlə əlaqəsi olmamış deyil. “Total hücum” taktikası bu bölgədə ABŞ-ın təsirinin güclənməsinə və nətivə etibarı ilə İrana qarşı beynəlxalq koalisiyanın yaranmasına xidmət etməlidir.

Bu planda, təbii ki, İranla qonşu olan Azərbaycanın resursları daha əhəmiyyətlidir. Lakin əcnəbilər, o cümlədən amerikalılar yaxşı anlayırlar ki, Azərbaycana bu sahədə təsir imkanları sıfır səviyyəsindədir. Birincisi, Azərbaycan üçün müstəqillik, müstəqil siyasət daha önəmlidir. İkincisi, İranla Azərbaycanın milli, dini və tarixi bağlılıqları çox güclüdür. Buna görə də ümid qalıb digər iki ölkəyə. Lakin onların qarşısında Cənubi Qafqazın kiçik və miskin Ermənistanı yox, supergüc Rusiya dayanıb.

Belə bir beynəlxalq situasiya fonunda Köçəryanın yenidən həbsə atılmasının əsas səbəbi Ermənistanda anti-rus dalğasının güclənməsinə xidmət edə bilər. Ancaq bu, Ermənistan kimi forpost dövlətin oynaya biləcəyi oyun deyil. Yəni, nəticələri ölkə üçün ağır ola bilər. Onsuz da ölkə iqtisadiyyatının cilovu Moskvanın və ya Kremlin erməni əsilli adamlarının ılindədir. İstədikləri vaxt ölkəni istənilən istiqamətə yönəldə bilirlər. Elə bu səbəbdəndir ki, Paşinyan Köçəryanı həbs etmək üçün 2008-ci ildə baş vermiş 1 mart hadisələrini əsas göstərir. Bəs, Köçəryanın dövlətdən və xalqdan oğurladığı 5 milyard dollar vəsait nə olsun? Axı, bu tutarlı səbəbdir və Paşinyan hakimiyyətə gələndə söz vermişdi ki, oğurlanan milyardları xalqa qaytaraqcaq. Açıq cəmiyyət institutu bu günlərdə apardığı təhqiqatın nəticələrinə görə bildirib ki, 2004-2014-cü illər arasında Ermənistanda 9 milyard dollar vəsait hakimiyyət mənsubları tərəfindən oğurlanıb. Bunun 3-4 milyardı da Serj Sarkisyanın payına düşür. Nədənsə, Paşinyan hökuməti bu faktdan yan keçir. Görünür, hakimiyyətə məsələni siyasi müstəvidə reallaşdırmaq daha vacibdir ki, əhalini Rusiyaya qarşı daha mütəhərrik hazırlaya bilsin.

Köçəryan və digər əlaltıları barədə Kremlin mövqeyi aydındır. Rusiya öz adamlarını Paşinyanın güdazına verməyəcək. Onsuz da paşinyan hakimiyyətə gəldiyi gündən dəfələrlə Putin və onun komandasının üzvləri tərəfindən saymazyanalığın qurbanı olub. Hesab etmək olar ki, inqilabçı Nikolun Rusiyaya qarşı nifrətinin əsasında tək qərbpərəstliyi yox, həm də şəxsi motivasiyası durur. Amma hazırda Ermənistanda hər hansı siyasi qüvvənin heç cür Rusiyanın təsirindən çıxması məntiqli görünmür. Paşinyan sadəcə “özünü yandırmaq” yoluna qədəm qoyub və o, atdığı addımlıarın altını çəkəcək. Təbii ki, o, bunları bilməmiş deyil. Lakin arxasında Qərbin dəstəyini hiss etdiyindən radikal addımlar atmaqdan çəkinmir.

Robert Köçəryanın həbsini Ermənistan respublikaçılar partiyası tərəfindən siyasi qisas kimi qiymətləndirilib. Partiyanın icra orqanı tərəfindən bununla əlaqədar yayılmış bəyanatda qeyd edilir ki, Apellyasiya məhkəməsinin qərarı demokratiya, qanunların aliliyi və məhkəmə hakimiyyətinin müstəqilliyi ilə bir araya sığmır və xalqın diqqətini ölkədə yığılıb qalmış çoxsaylı problemlərdən yayındırmaq məqsədi daşıyır. “Ölkədə daim cəmiyyətin parçalanması prosesi təşviq edilir ki, bu da olduqca həyəcanlı regional çağırışlar fonunda çox təhlükəli şərait yaradır” ittihamı isə belə siyasətə görə gözlənilən təhlükələr barədə xəbərdarlıqdır. İndi erməni politoloqlar Paşiyana görə cəmiyyətin alacağı zərbələri proqnozlaşdırmaqla məşğuldurlar.

N.NOVRUZ

Sizin Reklam Yeriniz