Əlaqə Arxiv
news Image
2019.06.28
10:40
| A A A
Gürcüstan və Ermənistanda vəziyyət yenə «rusca»dır
Elman Nəsirov: “Gürcüstanda vəziyyətin gərginləşməsi prosesə beynəlxalq siyasi dairələrin müdaxiləsilə bağlıdır”

Gürcüstan Baş Prokurorluğu iyunun 20-də keçirilən mitinq zamanı kütləvi iğtişaşların törədilməsində şübhəli bilinə deputat Nika Melianın (müxalif Vahid Milli Hərəkat Partiyasının deputatı) həbsinə icazə verilməsi ilə bağlı parlamentə müraciət edib. Parlamentin komitələri və bürosu N.Melianın deputat toxunulmzalığının ləğvinə razılıq verib. Analitiklərin fikrincə, deputatın həbsi yeni etraz dalğalarına səbəb olacaq.

Müxalif “Güc birlikdədir” birliyi parlamentin Nika Melianın həbsi ilə bağlı Baş Prokurorluğun qərarına etirazlarını bildiriblər. Qeyd edək ki, etiraz aksiyaları Gürcüstanın bölgələrində də keçirilib. “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının sədri Bidzina İvanişvilinin Qara dəniz sahilində, Şekvetili adlanan ərazidə yerləşən iqamətgahı yaxınlığında etiraz aksiyası keçirilib. Aksiyaya müxalif “Avropalı Gürcüstan” və Vahid Milli Hərəkat partiyalarının üzvləri ilə yanaşı, ictimai fəallar və gənclər də qoşulub. Aksiyaların yaxın tezlikdə sona çatması gözlənilmir. 

Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirdi ki, Gürcüstanda vəziyyətin gərginləşməsi prosesə beynəlxalq siyasi dairələrin müdaxiləsilə bağlıdır: “Hesab edirəm ki, Gürcüstanda baş verən hadisələr heç də göründüyü kimi deyil. Həmin hadisələrin arxasında müəyyən beynəlxalq siyasi dairələrin olması ehtimalı elə Gürcüstandan olan ekspertlərin özləri tərəfindən də ciddi şəkildə araşdırılır.

Proseslə bağlı müxtəlif mülahizə və yanaşmalar var. Həmin hadisələrə daha çox antirusiya istiqamətli hadisə kimi qiymət verilir. Baş verən hadisəni məhz bu kontekstdə izah etmək meyli güclüdür. Rusiya Dövlət Duması təmsilçisinin Gürcüstan parlamenti spikerinin yerində əlyəşməsi baş verən gərginliyin heç bir halda səbəbi ola bilməz. Bu, sadəcə, bir bəhanədir. İndiki halda kresloda əyləşmək məsələsi baş vermiş böhran üçün mövcud problemləri qabardan katalizator rolunu oynadı. Məlum oldu ki, 2008-ci ilin avqust müharibəsindən sonra yaranan sakitlik sanki tufanqabağı sakitlik olub. Həmin olaydan bəri Rusiya- Gürcüstan münasibətlərində ancaq xalça altında müharibə gedir və üzə çıxmırdı. İndi isə üzə çıxıb.

Hesab edirəm ki, bu hadisəyə ABŞ başda olmaqla Qərb ilə Rusiya, habelə Vaşinqtonla Tehran  arasında gərginliyin daha da artması kontekstində qiymət vermək lazımdır. Hazırda ABŞ Rusiya və İrana müxtəlif istiqamətlərdən təsir göstərir. Bu təsirlər təkcə iqtisadi-maliyyə nöqteyi-nəzərindən deyil, həm də geosiyasi kontekstdə də baş verir. Ona görə hesab edirəm ki, Gürcüstanda baş verən hadisələrə yalnız görünən hissəsi nöqteyi-nəzərindən qiymət vermək düzgün olmazdı”.

Həmsöhbətimiz düşünür ki, qonşu ölkədə hadisələr mürəkkəb ssenari üzrə inkişaf etməkdə davam edəcək:  “Hətta bölgələrdə də gərginlik artır. Bu müstəvidə Rusiya prezidenti Vladimir Putin də Gürcüstana münasibətdə bir sıra təsir mexanizmlərini işə salıb. Bu ölkəyə təyyarə uçurları dayandırılıb. Rus turistlərinə də Gürcüstana getməmək tövsiyə olunub. Bu da müəyyən mənada Gürcüstanda iqtisadi gərginliyin artmasına səbəb ola bilər. Antirusiya meylli qüvvələr bu hadisənin özündən də yararlanmaqla özlərinin haqlı olduqlarını sübut etməyə çalışırlar. Bu kontekstdə Ermənistanda antirusiya proseslərinin getməsi də təsirsiz qalmır. Yəni burada bir sinxronluq var. Bilirsiniz ki, Paşinyanın demək olar bütün komandası antirusiya meylli siyasətçilərdən təşkl olunub. Rusiyanın Avropa Şurası Parlament Assambleyasının iclaslarına qatılması məsələsinin müzakirəsi zamanı da müttəfiqi olan ermənistanlı deputatlar Moskva əleyhinə səs veriblər. Bütün bunlar onu göstərir ki, antirusiya mövqeyində dayanan beynəlxalq güclər Gürcüstan və Ermənistan faktorundan istifadə etməyə çalışırlar”.

E. Nəsirov cərəyan edən hadisələrin çevrilişlə nəticələnəcəyi ehtimalını isə qəbul etmir: “ Hadisələrin hazırkı ssenari üzrə inkişafına nəzər yetirdikdə, Gürcüstanda yaşanan vəziyyətin çevriliş həddinə gəlməsi ehtimalı elə də böyük deyil. Burada sadəcə, ayrı-ayrı vəzifəli şəxslərin, spikerin istefası məsələsi gündəmə gəlir və bu tələblər ümumən reallaşır. Hesab edirəm ki, bu çevrilişi yuxarılar özləri daha az itkisiz həyata keçirmək xəttini seçiblər.  Yəni aşağıdan dövlət çevrilişinin reallaşmasındansa, yuxarılar özləri bəzi məmurları qurban verə bilərlər. Hazırda Gürcüstanda məhz bu tendensiya gedir. Ona görə hesab edirəm ki, Ermənistanda olduğu kimi, dövlət çevrilişi, hakimiyyətin zəbt edilməsi ehtimalı Gürcüstanda elə də ciddi deyil. O səbəbdən ki, Gürcüstanda hakimiyyətdə olanların özləri də qərbyönümlüdür. Amma ayağa qalxan insanları sakitləşdirmək, məmnun etmək üçün müəyyən kadr dəyişikliklərinin olması ehtimalı böyükdür. Lakin bütövlükdə, Ermənistan ssenarisinin tətbiq olunacağı, yeni siyasi qüvvənin hakimiyyətə gələcəyi, inqilab olacağı ehtimalı çox aşağı səviyyədədir. Bunu da Gürcüstanda hakimiyyətdə olanların qərbyönümlü olması ilə izah etmək istərdim”.

Deputatın fikrincə, qonşu ölkədəki olayların tranzit yolları məsələsinə hər hansı bir təhdidi yoxdur: “Nəzəri baxımdan ən mürəkkəb ssenarilər reallaşsa, dövlət çevrilişi baş versə də belə,  kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq Gürcüstan dövləti və rəhbərliyi gözəl dərk edir ki, bu ölkənin iqtisadi rifahı ərazisindən keçən və Azərbaycanın müəllifi olduğu layihələrlə bağlıdır.  Yəni bu ölkədə kimlərin hakimiyyətdə olmasından asılı olmayaraq, Bakı-Tiflis-Çeyhan neft kəməri, Bakı-Tiflis-Ərzurum qaz kəməri və Bakı-Tiflis-Qars dəmir yolu xətti öz aktuallığını qoruyub saxlayır. Bu tranzit yollarının əleyhinə çıxan hər hansı bir dövlət rəhbəri artıq özü-özünə siyasi hökm verir və özləri özlərini bununla siyasi cəsədə çevirə bilərlər. Ona görə hesab edirəm ki, bu məsələ əslində müzakirə məsələsi deyil. Bu layihələr Gürcüstan üçün strateji əhəmiyyət kəsb edir, ölkənin büdcəsini dolduran əsas amillərdən biridir. Həmin səbəbdən düşünürəm ki, tranzit yolları məsələsində elə bir təhlükə mənbəyi yoxdur. Təhlükə mənbəyi sadəcə Gürcüstanın özü ilə bağlıdır”.

Rüfət NADİROĞLU

 

 

Sizin Reklam Yeriniz