Əlaqə Arxiv
news Image
2019.07.02
18:40
| A A A
KOBİA xarici dövlətlər və beynəlxalq təşkilatlarla bağlanan sazişlərə cəlb olunacaq - Fərman

Prezident İlham Əliyev sahibkarlığın dəstəklənməsi məqsədilə xarici dövlətlərin və beynəlxalq təşkilatların maliyyələşdirdikləri proqramların (layihələrin) əlaqələndirilməsi haqqında Fərman imzalayıb.

Fərmanda qeyd edilir ki, xarici dövlətlərin və beynəlxalq təşkilatların Azərbaycan Respublikasında mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsi məqsədilə kredit, texniki yardım və ya qrant formasında maliyyələşdirdikləri proqramlar (layihələr) Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (bundan sonra – Agentlik) ilə əlaqəli şəkildə həyata keçirilsin.

Nazirlər Kabinetinə tapşırılır ki, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin (bundan sonra – KOB subyektləri) dəstəklənməsi məqsədilə xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla bağlanılan kredit, texniki yardım və ya qrant alınmasına dair sazişlərə əsasən (bundan sonra - sazişlər) həyata keçirilən proqramlara (layihələrə) Agentliyin cəlb olunmasını təmin etsin, Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin və bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlətin adından yaradılan publik hüquqi şəxslər və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər sazişlər üzrə həyata keçirilən proqramlarda (layihələrdə) KOB subyektlərinə dəstəyin istiqamətləri, məqsəd və məzmunu, gözlənilən nəticələr, belə dəstəklə əhatə olunan KOB subyektlərinin sayı barədə məlumatların sazişlərlə bağlı danışıqlara başlanılmasına dair təkliflərə əlavə olunmasını təmin edəcəklər; sazişlər üzrə həyata keçirilən proqramlara (layihələrə) cəlb edilən KOB subyektlərinin seçilməsini “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanının 8.2-ci bəndində nəzərdə tutulan reyestr vasitəsilə həyata keçirəcəklər; KOB subyektlərinin adları ayrı-ayrılıqda qeyd edilməklə, KOB subyektlərinə ünvanlanmış dəstək tədbirləri haqqında məlumatların Agentliyə təqdim olunmasını təmin edəcəklər; sazişlərin əhatə etdiyi proqramlar (layihələr) üzrə KOB subyektləri üçün həyata keçirilmiş dəstək tədbirləri haqqında aşağıda qeyd edilən məlumatların ildə bir dəfədən az olmayaraq, proqram (layihə) tam başa çatdıqdan sonra isə yekun məlumatların Agentliyə təqdim olunmasını təmin edəcəklər:

KOB subyektinin dəstək aldığı proqramın (layihənin) məqsədi, istiqaməti və məzmunu;

- müvafiq proqram (layihə) vasitəsilə dəstək almış KOB subyektinin adı;

- KOB subyektinə göstərilmiş dəstəyin növü, forması və ölçüsü;

- KOB subyektinə dəstək göstərmiş təşkilatın adı;

- KOB subyektinə dəstəyin göstərilmə müddəti və tarixi;

- dəstəyin göstərilməsi, yaxud dayandırılması haqqında qərarın tarixi;

- dəstəkləmə qaydasının və şərtlərinin pozulması, o cümlədən məqsədli təyinatını pozmaqla dəstəkdən istifadə edilməsi haqqında məlumat (olduğu halda);

- dəstək proqramının (layihənin) KOB subyektinin sahibkarlıq fəaliyyətinə təsiri.

İqtisadiyyat Nazirliyinə tapşırılır ki, Ədliyyə Nazirliyinin məlumatları əsasında xarici dövlətlərin və beynəlxalq təşkilatların maliyyələşdirdikləri KOB subyektlərinin dəstəklənməsi proqramları (layihələri) üzrə qeydə alınan texniki yardım və qrant müqavilələri (qərarları) barədə məlumatların Agentlik vasitəsilə ümumiləşdirilməsini təmin etsin.

Agentlik xarici dövlətlərin və beynəlxalq təşkilatların maliyyələşdirdikləri proqramların (layihələrin) reallaşdırılması nəticəsində dəstək almış KOB subyektlərinə dair məlumatların “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanının 8.2-ci bəndində nəzərdə tutulan reyestrə daxil edilməsini təşkil edəcək; təqdim edilmiş məlumatlar əsasında xarici dövlətlərin və beynəlxalq təşkilatların maliyyələşdirdikləri proqramların (layihələrin) KOB subyektlərinin inkişafına təsiri səviyyəsini öyrənərək, növbəti dövrlərdə xarici dövlətlərin və beynəlxalq təşkilatların maliyyələşdirəcəyi proqramların (layihələrin) istiqamətlərinə dair təkliflər hazırlanmasını təmin edəcək; bu Fərmandan irəli gələn digər məsələləri həll edəcək.

Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat vermək tapşırılır.

Sizin Reklam Yeriniz