Əlaqə Arxiv
news Image
2019.07.03
10:05
| A A A
İrəvanın regionda mövqeyi tam sarsılır
Nəzakət Məmmədova: “Azərbaycan bundan istifadə edib çox şeylər edə bilər”

Erməni mətbuatının yazdığına görə, regionda vəziyyət sürətlə Ermənistan əleyhinə işləməyə başlayır. Burada həmçinin qeyd edilir ki, xüsusən də Türkiyə və Rusiya formatında İrəvana təzyiqlər artır. Azərbaycan isə bu durumdan istifadə edərək Ermənistanı daha ağır duruma salır. Hadisələrin bu səpkidə inkişafını şərtləndirən səbəblər hansılardır? Bu təzyiqlər fonunda İrəvanı hansı perspektiv gözləyir?

Politoloq Nəzakət Məmmədovanın fikrincə, regionda vəziyyət Türkiyə ilə Rusiyanın yaxınlaşması ilə əlaqədar olaraq bu gün İrəvanın əleyhinə işləyir: “Erməni mətbuatında bu barədə yazılanlarda həqiqət var. Son illər Moskva ilə Ankaranın sürətlə bir-birinə yaxınlaşmalarını müşahidə edirik. Bunun da hər halda Azərbaycanın zərərinə olmadığını gördük. Çünki Türkiyə-Rusiya yaxınlaşması Azərbaycanın xeyrinə, Ermənistanın isə ziyanına olan məsələdir. Ermənistanı yaranmış bu vəziyyət çox narahat edir.

Bütün tarix boyu erməni strategiyasına görə, Rusiya onların yanında olmalı idi ki, Türkiyəyəy qarşı mübarizədə məhz Moskvanın gücündən istifadə edə bilsinlər. Amma hazırda vəziyyət xeyli dərəcədə dəyişib. Rusiya imperiya olandan bəri daima Türkiyə ilə mübarizədə olub və ermənilər də hər zaman ondan faydalanmağa çalışıb. Burada xristian amili də rol oynayıb. İstisna olaraq Rusiya-Türkiyə münasibətlərində yaxınlaşma keçən əsrin əvvəllərində, Atatürkün dövründə baş verib. Bu da qısamüddətli olub. Sonradan sovet imperiyası yenidən Türkiyə ilə münasibətlərin korlanması yolunu tutub. Bu hal özünü xüsusən də Türkiyə NATO-ya qəbul olunduqdan sonra daha qabarıq şəkildə göstərib. Bunları sadalamaqla demək istərdim ki, ermənilər daimi olaraq ruslarla türklər arasında olan ziddiyyətlərdən istifadə ediblər. Ancaq hazırda vəziyyət dəyişir. Moskva-Ankara yaxınlaşması İrəvanın zərərinə işləyir. Ermənilər bu fonda ABŞ-ın müttəfiqi kimi çıxış etməyə çalışır. Yəni xristian təəssübkeşliyini bu dəfə Qərb üzərində qururlar”.

Həmsöhbətimiz qeyd etdi ki, hazırda bölgədə Azərbaycanın vəziyyəti Ermənistanla müqayisədə daha əlverişlidir: “Azərbaycanın Türkiyə ilə münasibətləri tam aydındır. Rusiya il münasibətlərimiz də normal sayıla bilər. Hər hala, indiki situasiyada Rusiya-Azərbaycan münasibətləri Moskva ilə İrəvan arasında olan münasibətlərdən daha yaxşıdır. Bu baxımdan da Bakının bölgədəki siyasi baxımdan indiki vəziyyəti Ermənistana nisbətən daha əlverişlidir. Çünki yaxın qonşularla münasibətin yaxşı olması çox vacibdir. Uzaq müttəfiq nə qədər güclü olsa da, o, yaxın qonşunun yerinə verə bilməz.  ABŞ okeanın o tayından bura gələnə qədər Rusiya və Türkiyənin bölgəyə təsir etmək imkanları daha genişdir. Ermənistan isə indiki halda, özünü müttəfiqi okeanın o tayından seçib. Deyə bilmərik ki, ABŞ Ermənistanı dəstəkləyir. Sadəcə, burada xarici siyasətdə qərar qəbul etməyə təsir etmək gücündə olan müəyyən güclər var ki, onlar da Ermənistanda cərəyan edən proseslərə təsir edirlər.

Ermənistanın özündə də fərqli güc qrupları var. Ordu və “Qarabağ klanı” Rusiyaya bağlıdır. İqtisadiyyat da Rusiya ilə əlaqədardır. Siyasi hakimiyyət isə Vaşinqtonun nəzarətindədir. Yəni Ermənistanda siyasi qərar qəbul etmə prosesinə ABŞ-ın təsiri vardır.  Ancaq ordu, iqtisadiyyat Moskvanın əlindədir. Artıq İran da Ermənistanla məsafəli mövqe tutmağa başlayır. Çünki ABŞ-la münasibətlərin korlanması fonunda İranın şimal sərhədində Vaşinqtona bağlı bir iqtidar hakimiyyətdədir. Bu müstəvidə təbii ki, həmin qüvvədən ABŞ yeri gələndə İrana qarşı da istifadə edəcək. Bu da Tehranda İrəvana qarşı heç də müsbət imiz formalaşdırmır. Ona görə İran artıq şimal sərhədlərilə bağlı narahatlıq keçirməyə başlayıb”.

N. Məmmədova bildirdi ki, Ermənistan etibarlı müttəfiq kimi Moskva və Tehranın gözündə öz statusunu itirib: “Ona görə də indi yeni müttəfiq olan ABŞ qarşısında etimad qazanmağa çalışır. Bunun üçün də İrəvan xarici siyasətini, İrana, Türkiyə və Rusiyaya münasibətdə mövqeyini Ağ Evin istəyinə uyğun qurmalıdır. Təbii ki, bu addımı atmaq Amerikanın gücünə arxalansa da belə, cılız İrəvanın gücündə olan məsələ deyil. Cənubi Qafqaz Rusiyanın ənənəvi təsir zonasıdır. Türkiyənin də burada rolu var. Azərbaycan isə mövcud vəziyətdən fayda götürür. Bütün qonşularla normal münasibətlər saxlayır”.

Bu baxımdan ekspertə görə,  yaranmış vəziyyətdə Ermənistanın durumu daha da pisləşir: “Azərbaycan bundan istifadə edib çox şeylər edə bilər. Bu gün Azərbaycan Ermənistana qarşı hər hansı bir tədbir görsə, Moskva ona əvvəlki tək reaksiya verməyəcək, göz yumacaq. Bəlkə də, Rusiya özü şərait yaradacaq, təhrik edəcək ki, Azərbaycanın əli ilə Ermənistana hərbi-siyasi təzyiqləri artırsın. Ona görə Ermənistanın vəziyyəti acınacaqlıdır. Orada daxili qarşıdurma da qalmaqdadır. Baş nazirin ordu üzərində heç bir təsir gücü yoxdur.  Ermənistanın indiki vəziyyəti hardasa Azərbaycanın keçən əsrin 90-cı illərin əvvəllərində olduğu durumu xatırladır”.

R. SOLTANOV   

  

Sizin Reklam Yeriniz