Əlaqə Arxiv
news Image
2019.07.04
10:00
| A A A
İrəvana sancılan Bakı-Moskva-Tehran oxu
Məhəmməd Əsədullazadə: “Azərbaycanın apardığı siyasət, Rusiya və İranla birlikdə üçtərəfli formatı gücləndirməsi işğalçı Ermənistanı pat vəziyyətə salıb”

Rusiya, İran və Azərbaycan prezidentlərinin bu ilin avqust ayının 14-də görüşü gözlənilir.

Bu barədə Rusiya Federasiya Şurasının sədr müavini İlyas Umaxanov məlumat verib. “Yeni format hazırlanıb – Rusiya, İran və Azərbaycan. Belə başa düşürəm ki, görüş 14 avqustda Rusiyada baş tutacaq”, – deyə Umaxanov İran parlamentinin birinci vitse-spikeri Məsud Pezeşkianla görüşündə bildirib. Məlumata əsasən, 3 ölkənin dövlət başçılarının görüşü Soçidə keçiriləcək.

 Politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, iki ölkə lideləri arasında baş tutan görüşlər humanitar, kənd təsərrüfatı, iqtisadiyyat və sənaye istiqamətində əlaqələrin daha da dərinləşməsinə gətirib çıxaracaq: “Azərbaycanla Rusiya yaxın, qonşu, dost və starateji baxımdan tərəfdaş ölkələrdir. Hər iki tərəf qarşılıqlı etimad mühitində müxtəlif istiqamətlərdə əməkdaşlığı davam etdirir, daha da gücləndirirlər. Əsasən də iqtisadi, ticari, siyasi, hərbi-texniki sahələr üzrə bu əməkdaşlıq inkişaf edir. Məhz bu istiqamətlərdə əməkdaşlıq son illər daha da yüksəlib. Azərbaycan Rusiyadan 5 milyard dollar civarında silah-sursat alıb. Bu da onu göstərir ki, hər iki ölkə hərbi-texniki əməkdaşlığa ciddi önəm verir. Hərbi əməkdaşlığın bu fonda növbəti mərhələlərdə də davam etməsi gözlənilir. Təbii ki, bu mənada hər iki dövlət başçılarının tez-tez görüşmələri də iki ölkə arasında münasibətlərin yüksələn xətt üzrə getməsinə müsbət təsir göstərir.

Belə görüşlər iki ölkə arasında bundan sonra müxtəlif sahələr, humanitar, kənd təsərrüfatı, iqtisadiyyat və sənayə istiqamətində əlaqələrin daha da dərinləşməsinə gətirib çıxaracaq. Həmin görüş əsasənda müəyyən əməkdaşlıq formatları razılaşdırıla bilər. Təbii ki, Rusiyanın regionda maraqları var. Azərbaycan da daima Moskvanın bu maraqlarını nəzərə alaraq balanslaşdırılmış siyasət həyata keçirir. Bildiyimiz kimi, hazırda Qərblə Rusiya arasında soyuq müharibə gedir. Məsələyə bu kontekstdən baxanda qonşuluq əlaqələri baxımından Bakı ilə Moskva arasında əlaqələrin yüksək inkişaf xəttinə malik olduğunu görürük. Cənubi Qafqazın digər ölkələri olan Gürcüstan və Ermənistanla Rusiyanın münasibəti isə pisləşməkdə davam edir. Rusiya regionu özünün arxa baxçası elan etsə də, Qafqazın bu iki ölkəsilə soyuq münasibətlərdədır. Azərbaycan isə daima Rusiyanın iqtisadi tərəfdaşı olub. Hətta Ermənistan və Gürcüstandan fərqli olaraq Bakı ilə Moskvanı daha ciddi siyasi, iqtisadi, hərbi əməkdaşlıq telləri bağlayır”.

M. Əsədullayev qeyd etdi ki, Azərbaycan Rusiya və İranla birlikdə üçtərəfli formata böyük önəm verməklə Ermənistanı pat vəziyyətinə salıb: “Azərbaycan regionda həm də İran və Rusiya ilə birlikdə üçtərəfli formata geniş yer verir. Ölkəmiz bu fonda demək olar ki, Rusiya və İranla həm də siyasi cəhətdən ittifaqdadır. Onun nəticəsidir ki, Xəzər dənizinin hüquqi statusunun  müəyyənləşməsi məsələsində hər üç ölkə müəyyən dərəcədə ortaq məxrəcə gəliblər. Hər üç ölkənin regionda siyasi, iqtisadi maraqları da dmək olar üst-üstə düşür. Bunu həm iqtisadi, həm də siyasi layihələrdə görə bilərik. Ermənistanın isə bu fonda təkcə Rusiya ilə deyil, o cümlədən İranla da münasibətləri korlanır. Azərbaycan isə yaranmış bu vəziyyətdə İran və Rusiya ilə siyasi-iqtisadi əməkdaşlığı genişləndirməklə Ermənistanın regionda siyasi-iqtisadi izolyasiyasının daha da dərinləşməsinə səbəb olacaq. Ona görə də ölkəmizin belə bir üçtərəfli əməkdaşlıq formatına üstünlük verməsi çox doğru addımdır.  Düşünürəm ki, həmin üçtərəfli format bundan sonra da inkişaf edəcək. İranla Azərbaycan arasında son illər iqtisadi layihələr də intensivləşib. Rəsmi Bakının atdığı addımlarla İran həm də Ermənistanla bir sıra müştərək layihələrdən geri çəkilərək onu Azərbaycanla birgə reallaşdırmağa üstünlük verib.

Göründüyü kimi, Azərbaycanın apardığı siyasət, üçtərəfli formatı gücləndirməsi işğalçı Ermənistanı pat vəziyyətinə salıb. Hər bir ölkənin inkişafı üçün ilk növbədə iqtisadi əməkdaşlığın olması önəmlidir. İranla Azərbaycan arasında da bu fonda iqtisadi əməkdaşlıq genişlənir. Azərbaycanın İran və Rusiya ilə üçtərfəli əməkdaşlıq formatı yaratması və iqtisadi-siyasi cəhətdən ona inteqrasiya regionda yeni siyasi-iqtisadi mərhələyə rəvac verəcək ki, bu fonda da Ermənistanın iqtisadi blokadası daha da güclənəcək. Bu fonda Azərbaycanın regionda apardığı siyasəti daha məqsədyönlüdür və ölkəmizin milli, iqtisadi təhlükəsizliyinə və Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə gətirib çıxaracaq. Azərbaycan regionda söz sahibi olan Rusiya və İranı öz ətrafında birləşdirməklə manev imkanlarını daha da inkişaf etdirəcək”.

Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz