Əlaqə Arxiv
news Image
2019.07.06
09:00
| A A A
Azərbaycan-Gürcüstan dostluğuna erməni qibtəsi
Siyasi kələkbazlıq Ermənistana yaxşı heç nə verməyib

Bu gün gürcülərlə azərbaycanlıların həm dövlət səviyyəsində, həm də fərdi qaydada münasibətləri bir çox qonşu dövlətlər arasında olan münasibətlərə rəğmən həsəd doğurmaya bilməz. Həyatın bütün sahələrində qarşılıqlı əlaqələrin səviyyəsi hər iki tərəfi qane edir və ara-sıra kənardan edilən məqsədli mənfi xarakterli müdaxilələr də xoş münasibətlər fonunda dəf edilir. Ancaq nə edəsən ki, neqativ təmayüllü dövlətlər, dəqiq olaraq, Ermənistan bu münasibətləri pozmaq üçün müxtəlif xəyallara dalmaq vərdişindən qurtula bilmir. Bir tərəfdən bu, erməni xislətinə bağlıdırsa, digər tərəfdən Ermənistan hakimiyyətinin apardığı siyasətə görə ayrı çıxış yolu yoxdur.

Bir müddət əvvəl Azərbaycan və Türkiyə silahlı qüvvələrinin Naxçıvan bölgəsində keçirdiyi 5 günlük “Sarsılmaz qardaşlıq-2019” birgə təlimi işğalçı Ermənistanda heç vaxt olmadığı qədər təlaşla izlənildi və bu ovqat hətta ən yuxarı səviyyəsində özünü büruzə verdi. Naxçıvan təlimlərindən dərhal sonra Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri Qəbələdə üçlü formatda bir araya gəldilər. Ardınca üçtərəfli hərbi əməkdaşlığın daha da dərinləşdirilməsi, o sırada birgə hərbi təlimlərin keçirilməsi barədə anlaşma əldə edildi. Levon İzoriya gürcü ordusunun Azərbaycan və Türkiyənin ortaq təlimlərində iştirak edəcəyini açıqladı. Bu da İrəvanda təlaşı daha da artırmış oldu. Çünki nə qədər bəyan edilsə də ki, Ankara-Bakı-Tiflis hərbi alyansı dördüncü ölkəyə qarşı yönəlməyib və sırf bölgədən keçən boru kəmərlərinin təhlükəsizliyini təmin eləmək niyyəti güdür, yenə Ermənistanın təşviş keçirməyə haqqı var.

Birinci o səbəbə ki, Rusiyanın marioneti olan işğalçı Ermənistanın bölgədə siyasi-hərbi təcridi güclənir. İkinci yandan, İrəvanın hər üç ölkəyə - Türkiyə, Azərbaycan və Gürcüstana qarşı ərazi iddiası var. Yəni bu üç dövləti birləşdirən təkcə strateji və iqtisadi-energetik maraqlar deyil.

Düşmən ölkədən gələn reaksiyalar onun nə dərəcədə təlaş içində olduğuna yaxşı dəlalət edir.

Amma iş bununla bitmir. Axı, Ermənistan təcavüzkar siyasətinə görə blokadadadır. Onu “mühasirədən” çıxaran bircə yol var ki, o da Gürcüstan ərazisindən keçən Yuxarı Lars yoludur. Yüksək dağlıq ərazidən keçən bu yol isə ilin əksər vaxtı ya qar yağması, ya da uçqunlar baş verməsi səbəbincə bağlı olur. Ermənilər də qalır əli bağlı öz təcavüzkarlıqlarının girdabında.

Belə vəziyyətdən ən çox zərərçəkən Ermənistanın ixracatçılar birliyini sədri Raffi Mxçyan Yuxarı Lars nəzarət-buraxılış məntəqəsinin problemlərini “fəlakətli situasiya” adlandırır. O, ölkəsi üçün vəziyyətin kədərli olduğunu bildirərək 1in.am saytına açıqlamasında bu yola alternativ marşrutun tapılmaması təqdirdə baş verəcək hadisələr haqda deyir: “Təkrar edirəm, hətta nə baş verə biləcəyini belə demək istəmirəm”. O haqlıdır. Ermənistanın həyat yolu Yuxarı Larsdan keçir.

Ancaq məsələnin başqa real tərəfi də var. Belə bir situasiyanın yaranması Ermənistanın öz günahı ucbatındandır. Başqasının torpağını işğal etməyin axırı belə olmalı idi. Əks halda Azərbaycan ərazisi ermənilər üçün daha rahat və sürətli nəqliyyat marşrutuna çevrilərdi. Prinsipcə, bu yol var, özü də regionun ən yüksək səviyyəli magistralı qismində. Amma ermənilərin üzünə bağlıdır.

Düşünmək olar ki, Ermənistan yetkililəri vəziyyəti düzəltmək üçün səmərəli siyasi vasitələrlə hərəkət edib işğalı aradan qaldıracaq və münasibətləri yoluna qoyub Azərbaycanın bütün nəqliyyat imkanlarından gen-bol yararlanacaq. Ancaq bunlar yenə də fitnəkar yol seçərək gürcülərlə azərbaycanlıların arasını vurmaq işinə girişiblər. 

Baş nazir Paşinyan xüsusilə canfəşanlıq edir. Ancaq küçədən gəlmiş bu “siyasətçi” dərk edə bilmir ki, strateji tərəfdaşlıq edən iki qonşu dövlətin arasına girmək mümkün olan məsələ deyil. Üstəlik də Ermənistan kimi gördüyü hər torpaqdan pay uman və bu yolda siyasi həyasızlıqdan çəkinməyən biri üçün bu müşkül işdir. Paşinyan bir neçə ay əvvəl gürcü həmkarı ilə görüşdə Gürcüstanın işğal edilmiş ərazilərindən keçəm dəmiryol xəttinin açılması məsələsini qaldırmış və buna, özünün dediyinə görə, nail olmuşdu. Amma yenə də bu naşı dövlət məmuru bu vədin siyasi etika çərçivəsində dilə gətirildiyini anlaya bilməmişdi. Gürcüstanın böyük bir bölgəsinə əl uzadaraq işğal etmək istəyən Ermənistanın belə bir təşəbbüsdə bulunması gürcüləri heç cür məmnun edə bilməzdi. Çünki, adıçəkilən mənir yolunun açılması o demək olardı ki, Gürcüstan ərazisinin bir hissəsinin işğalı ilə barışıb. İndi bu məsələ biryolluq gündəlikdən çıxarılıb. Digər tərəfdən, hazırda Tiflisdə baş alıb gedən mitinqlərdə Paşinyanın mənsub olduğu “soros uşaqları” dəstəsinin əli olması barədə inkaredilməz faktlar var.

Bütün bu faktlar ermənilərdə Azərbaycan-Gürcüstan münasibətlərinə paxıllıq hissi yaradıb. Ancaq deyir, “sirkə nə qədər turş olsa, öz qabını çatladar”. Ermənilərin paxıllığı artdıqca regionda blokadası da güclənir. Özləri bilər, hər şey öz əllərindədir. Hətta erməni ixracatçılarının ixrac edə bilmədikləri məhsulların anbarlarda qalıb çürüməsi də...

N.NOVRUZ

 

 

Sizin Reklam Yeriniz