Əlaqə Arxiv
news Image
2019.11.01
09:38
| A A A
Qondarma «soyqırımı» tanıyan ABŞ real erməni işğalına qarşı hələ də əməli addımlar atmır
Məhəmməd Əsədullazadə: “Belə bir mövqe ABŞ-ın yürütdüyü ədalətsiz ikili standartlardan qaynaqlanır”

 

ABŞ-ın Nümayəndələr Palatası qondarma «erməni soyqırımını» tanıyıb. Maraqlıdır ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsilə məşğul olan ATƏT-in Minsk qrupunun 3 həmsədrindən biri olan ABŞ tarixdə real olaraq baş verməyən «soyqırımı» tanımaqla bağlı qərar verir, amma Ermənistanın real olaraq həyata keçirdiyi işğal siyasətinə qarşı hər hansı bir əməli addımlar atmır. Belə ki, bu günə qədər digər həmsədr ölkələr kimi, ABŞ-da Qarabağ məsələsində işğalçı bəlli olsa da, onun cilovlanması, işğala son qoymaq üçün İrəvana gözün üstə qaşın var deməyiblər. Əksinə, onlar Ermənistana bir çox məsələlərdə dəstək olmaqda davam edirlər.

ABŞ-ın özü Azərbaycanın ərazi bütövlüyünü sadəcə sözdə və yaxud hansısa bəyanatlarda tanıyıb. Amma ərazi bütövlüyümüzün bərpası üçün təcavüzkara geri çəkilməsi üçün təzyiq etmir. Politoloq Məhəmməd Əsədullazadənin fikrincə, qondarma «erməni soyqırımını» tanıyan Vaşinqtonun Ermənistanın Azərbaycan torpaqlarında həyata keçirdiyi işğala son qoymaq üçün təcavüzkara münasibətdə əməli addımlar atmaması ABŞ-ın yürütdüyü ikili standartlardan qaynaqlanır: “ABŞ Nümayəndələr Palatasının qondarma «erməni soyqırımını» qəbul etməsi tamamilə absurddur və Vaşinqtonun regional siyasətini zəiflətməyə xidmət edir.

Təəssüf ki, bir sıra ölkələr kimi, ABŞ da dünyada cərəyan edən proseslərə ikili standartlardan yanaşır. Baxmayaraq ki, Vaşinqton dünyada ədalətin, qanunların qorunmasını özünün strateji xətti élan edib. Amma hazırda ABŞ-ın Türkiyə və Azərbaycana qarşı apardığı bu siyasət qəbuledilməzdir”.

Həmsöhbətimiz hesab edir ki, bu siyasət ABŞ-ın öz imicinə mənfi təsir edəcək: “Amerika Konqresində Türkiyə əleyhinə qətnamə qəbul edilir, habelə qondarma və separatçı rejimin “rəhbərliyini” Konqresdə qəbul edib, orada tədbir keçirirlər. Bu hal onu göstərir ki, ABŞ Minsk qrupunun həmsədri olaraq öz vasitəçilik missiyasına kölgə salır. Vaşinqton bununla sübut edir ki, Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı görünmür və ermənilərin ədalətsiz mövqeyini dəstəkləyir.

Təbii ki, Ermənistanın mövqeyi beynəlxalq hüquqa, BMT prinsiplərinə, qurumun 1993-cü ildə qəbul etdiyi 4 qətnaməyə ziddir. ABŞ tarixdə olmayan məsələni erməni “soyqırımı” kimi qəbul edir, amma real olaraq işğal faktı baş versə də, İrəvanı cəzalandırmır. Bu hal onu göstərir ki, ABŞ-ın belə beynəlxalq hüququn aliliyi prinsipindən dəm vursa da, reallıqda özü  istədiyi anda onu  uf demədən belə pozur.  Yəni ABŞ beynəlxalq hüquqa da öz marağı kontekstindən yanaşır. Vaşinqton bununla göstərdi ki, Türkiyə əleyhinə formalaşan siyasətində erməni kartını da işə salır. Bu yolla da Ankaranı cəzalandıracağını düşünür. Bundan əlavə ermənilərin işğalına da bir növ stimul verir”.

Politoloq yaranmış belə bir vəziyyətdə Türkiyə ilə Azərbaycanın ABŞ-ın bu siyasətinə birlikdə adekvat cavab verəcəyini istisna etmədiyini dedi: “İrəvanın işğal faktoruna görə, ona münasibətdə cəza mexanizmini işə salmamasında Amerikanın yürütdüyü oyun qaydalarının da təsiri olub. Bildiyiniz kimi, ABŞ-da güclü erməni lobbisi fəaliyyət göstərir.  Amerika özünün regional maraqlarını kiçik erməni lobbisinin antoqonist siyasətinin qurbanına çevirib. Amerika rəsmiləri təssüf ki, erməni lobbisinin maliyyə mənbəyindən asılı vəziyyətdədir. Ona görə də erməni işğalı faktoruna göz yumurlar.

Amerikalı konqresmenlər arxivləri araşdırmadan qondarma «soyqırımı» öz şəxsi maraqlarına görə qəbul ediblər.  Real olaraq baş verən işğal faktoruna isə göz yummaqda davam edirlər. Regionda yeni siyasi dünya nizamı formalaşır. Belə bir vəziyyətdə ABŞ-ın regional siyasəti daha çox dərəcədə ikili standartlardan asılı olaraq qalır. Hesab edirəm ki, Türkiyə ilə Azərbaycan belə vəziyyətdə birgə olub ABŞ-ın antitürkiyə siyasətinə qarşı öz mövqelərini ortaya qoymalıdırlar. ABŞ-ın, ümumiyyətlə elə digər həmsədr ölkələrin də,  Minsk qrupunun həmsədrliyindən çıxarılmasını müzakirə masası üzərinə gətirməliyik. Çünki bir nömrəli super gücünün ədalətsiz mövqe sərgiləməsi dünyada sülh və təhlükəsizliyə  təhdiddir”.

R. SOLTANOV

 

Sizin Reklam Yeriniz