Əlaqə Arxiv
news Image
2019.11.06
08:12
| A A A
Məmur-vətəndaş münasibətlərində yeni dönəm
Musa Quliyev: “Korrupsiya, rüşvətxorluq, vətəndaşları narazı salmaq, insanlarla münasibətlərdə subyektiliyə yol verilməsi kimi neqativ hallar aradan qaldırılacaq”

 

Məlumat verildiyi kimi Azərbaycan Prezidenti İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH)başçısı Eldar Əzizovla görüşündə bir sıra hallarda məmurlar tərəfindən vətəndaşların incidildiyini, reşvətxorluq hallarının baş verdiyini və belə çirkin əməllərə son qoymağın vacib olduğunu diqqətə çatdırıb. Dövlət başçısı bu fonda qeyd edib ki, rayon icra hakimiyyətləri tərəfindən vətəndaşlara diqqət yüksək səviyyədə olmalıdır: “Bəzi hallarda vətəndaşlar incidilir, onların problemlərinə reaksiya verilmir. Bəzi hallarda vətəndaşlardan qanunsuz olaraq müəyyən vəsait tələb edilir, rüşvətxorluq halları baş verir. Belə siqnallar bizə çatır və rayon icra hakimiyyətləri nəticə çıxarmalıdırlar. Xoşagəlməz hallara yol verilməməlidir, vətəndaşlara maksimum diqqət göstərilməlidir, rayon icra hakimiyyətlərinin nümayəndələri kabinetdə oturub kağızlara baxmaq yox, bütün rayonlarda vətəndaşlarla görüşməlidirlər.

Mənim göstərişimlə son vaxtlar bu proses bir qədər geniş vüsət alıb, amma lazımi səviyyədə deyil. Mənə verilən məlumata görə, bəzi hallarda formal xarakter daşıyır, bəzi hallarda vətəndaşları narahat edən problemlərə reaksiya verilmir. Ona görə biz çox diqqətli olmalıyıq. Əgər vətəndaşı nəsə narahat edirsə, buna reaksiya verilməlidir. Əlbəttə, bütün məsələlərə obyektiv şəkildə baxılmalıdır. Bəzi hallarda elə məsələlər qaldırılır ki, bunun heç bir əsası yoxdur, yaxud da sırf şəxsi xarakter daşıyır. Ancaq bir çox hallarda vətəndaşlar haqlı olaraq öz təkliflərini verirlər, onları narahat edən problemləri qaldırırlar. Həm Bakı Şəhər İcra Hakimiyyəti və bütün rayon icra hakimiyyətləri vətəndaşlara böyük diqqətlə yanaşmalıdırlar”.

Milli Məclisin deputatı Musa Quliyev bildirdi ki, dövlət başçısının məmurlara etdiyi xəbərdarlıqlar vətəndaş-məmur münasibətlərinin sivil müstəviyə keçməsində mühüm rol oynayacaq: “Ümumiyyətlə, bu məsələyə bir qədər geniş müstəvidə yanaşmalıyıq. 2018-ci ilin aprelində Prezidentimiz növbəti dəfə xalqın etimadını qazanıb Azərbaycan Respublikasına rəhbər seçiləndən sonra növbəti dövr üçün qarli vacib növbəti məsələləri qoydu. Bu məsələlərin həllilə Azərbaycan keyfiyyətcə yeni mərhələyə qədəm qoyacaq və hazırda qədəm qoymaqdadır. Həmin məsələlər sırasında Azərbaycanın hərtərəfli inkişafı, ölkəmizi 2025-ci ildə dünyanın inkişaf etmiş dövlətləri sırasına çıxarmaq missiyası da dayanır. Həmin missiyanın həyata keçməsi üçün də müxtəlif sahələrdə islahatların keçirilməsi lazımdır və bu islahatlar davam edir.

Keçən il iqtisadi sahədə mühüm islahatlar keçirildi. Gömrük və vergilər sahəsində ciddi islahatların şahidi olduq. Həmçinin bu müstəvidə qanunvericilik sahəsində də islahatlar oldu. Nəticədə dövlət büdcəsində artımlar kifayət qədər oldu. Cari ilin ilk yarısında cənab Prezidentin xüsusən də sosial islahatlarla bağlı 30-a yaxın fərman və sərəncamı olub. İlin ikinci yarısından başlayaraq isə idarəetmə sahəsində islahatlara start verilib. İdarəetmədə artıq yeni təfəkkürlü kadrlar rəhbərliyə gətirilir. Yəni idarəetmənin müxtəlif pillələrinə, o cümlədən nazir, icra başçısı vəzifələrinə, Prezident Adminstrasiyasına gənc, müasir təhsilə yiyələnən, müasir dünyagörüşlü, yeni təfəkkürlü insanlar gətirilib. Bu gənc kadrları qəbul edərkən də Prezident onlara öz tövsiyyə və tapşırıqlarını verir. Bu tapşırıqların mərkəzində də cənab Prezidentin o fikri dayanır ki, yürütdüyümüz siyasət Azərbaycan xalqı, onun sosial rifahının daha da yüksəldilməsi üçündür. O cümlədən Prezidentimizin Bakı Şəhər İcra Hakimiyyəti başçısı Eldar Əzizova verdiyi tapşırıqlardan biri də o idi ki, məmurlar vətəndaşlara daha yaxın olmalı, icra başçıları kabinetlərdə oturmamalı, insanlara münasibətdə heç bir bürokratik əngəllərə yol verməməlidirlər. Bu tapşırıqlar da bütün Azərbaycan vətəndaşlarının məmnunluğuna səbəb olub.

Əminəm ki, Prezidentin səsləndirdiyi bu xəbərdarlıqlar vətəndaş-məmur münasibətlərinə müsbət təsir göstərəcək. Korrupsiya, rüşvətxorluq, vətəndaşları narazı salmaq, insanlarla münasibətlərdə subyektiliyə yol verilməsi kimi neqativ hallar aradan qaldırılacaq. Çünki aparılan işimizin əsas məqsədi Azərbaycanda günün tələblərinə uyğun səviyyədə vətəndaşa xidməti təmin etməkdir. Bunlar da tezliklə reallaşacaq”.

R. SOLTANOV

 

Sizin Reklam Yeriniz