Əlaqə Arxiv
news Image
2019.11.13
08:40
| A A A
Diplomatiya çərçivəsində Ermənistan küncə sıxışdırılır
Daha bir beynəlxalq təşkilatdan işğalçı ölkəyə ciddi tənqidlər yağdırıldı

Cırtdan ölkə Ermənistan böyük ambisiyalarla yaşasa da, son dövrlər artıq beynəlxalq aləmdə öz əməllərinə görə kəskin təhdidə məruz qalır. Təbii ki, bu işdə Azərbaycanın xarici iqtisasi və siyasi münasibətlərdə qazandığı uğurların və nüfuzunun təsiri böyükdür. Belə ki, Azərbaycan dünyaya daim sülh və əmin-amanlıq ideyası aşılayır. Ölkəmizin məramı sabitlik və yaradıcı inkişaf meylinə bağlıdır. Prinsipcə, bu, bütün dövrlər üçün ideal yaşayış tərzidir. Amma ayrı-ayrı dövlətlər başqa xalqların hesabına yaşamaq üçün qəsbkarlıq siyasəti aparır və bununla da böyük bir ərazidə regional inkişafı geri çəkən amil kimi çıxış edir. Ermənistan da bu sıraya aiddir və onun torpaqlarımızın 20 faizini işğal altında saxlaması tək özünə deyil, bütövlükdə Cənubi Qafqazın tərəqqisinə mənfi təsir edir.

Artıq uzun illərdir ki, Azərbaycan ərazi bütövlüyü uğrunda diplomatik və informatik müharibə aparır. Bu istiqamətdə əldə olunan nəticələr ondan ibarətdir ki, dünyanın əksər ölkələri ermənilərin qəsbkar niyyətləri barədə real məlumata malikdirlər və onun işğalçılıq siyasətini qəbul etmirlər. Həm də inkişaf etmiş əksər dövlətlərin vaxtilə qəbul etdikləri beynəlxalq hüquqi sənədlər də bu siyasəti rədd edir. Üstəlik, BMT-nin, Qoşulmama Hərəkatı təşkilatının, İslam Əməkdaşlıq Təşkilatının, Avropanın nüfuzlu təsisatlarının Ermənistanın Azərbaycana qarşı apardığı siyasəti pisləyən, işğal edilmiş Qarabağ bölgəsinin Azərbaycana məxsusluğunu təsdiqləyən rəsmi qəbul edilmiş qətnamələri var. Ermənistanın bu beynəlxalq sənədləri qulaqardına vurması, beynəlxalq hüquq və normalara etinasızlıq göstərməsi bu istiqamətdə səyləri qələbə qazananadək gücləndirməyi tələb edir. Təbii ki, mübarizənin önündə Azərbaycan gedir və düşmənin ifşasının təşkilatçısı vəzifəsini yerinə yetirir, özü də uğurla.

Bu payız diplomatik müharibədə yeni hücumların şahidi olduq. Rusiyanın Soçi şəhərində keçirilmiş “Valday” beynəlxalq diskussiya klubunda, MDB-nin sammitində İrəvanın siyasi hakimiyyət  mənsubları ağır diplomatik hücumlara məruz qaldılar. Onların deməyə sözləri olmadığından tənqidlərə cavab verə bilmirdilər. İndi isə artıq İqtisadi Əməkdaşlıq Təşkilatı da Cənubi Qafqazın “xaric notu” olan Ermənistana növbəti tənqid-təhdidini bildirib. İƏT beynəlxalq təşkilat kimi 1985-ci ildə Türkiyə, İran və Pakistan arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək üçün yaradılıb. Qurum 1964-cü ildən 1979-cu ilə qədər mövcud olmuş İnkişaf üzrə Regional Əməkdaşlıq Təşkilatının varisidir. 1992-ci ildə təşkilata Əfqanıstan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan üzv olub. Məhz noyabrın 28-i ECO Günü kimi qeyd olunur.

İƏT-in  Nazirlər Şurasının Türkiyənin Antalya şəhərində keçirilmiş toplantısında qəbul edilən kommunikedə qeyd olunub ki, Ermənistan bölgədə iqtisadi inkişafa ciddi mane olur: “Ermənistan, xüsusilə Azərbaycanın ərazilərini işğal etməklə regionun iqtisadi potensialının azalmasına səbəb olur. İqtisadi Əməkdaşlıq Təşkilatı bölgədə həll olunmamış münaqişələrin həmin dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllinə nail olmaq üçün əlindən gələni edəcək. Azərbaycan da daxil olmaqla hüququ pozulmuş ölkələrin hüquqlarının bərpasına, torpaqlarının qaytarılmasına və iqtisadi inkişafına hər cür köməklik edəcək”. Sənəddə həmçinin vurğulanıb ki, İqtisadi Əməkdaşlıq Təşkilatı fəaliyyət göstərdiyi regionda bəzi üzv ölkələrin problemlərindən ciddi narahatlıq keçirir: “Qurum ölkələrdə ərazi bütövlüyü sarıdan mövcud olan həll edilməmiş münaqişələr, təhdidlərlə bağlı narahatlığını bildirir. Bu problemlərin sülh, danışıq, beynəlxalq hüquq normaları çərçivəsində həll edilməsinin tərəfdarıdır. İqtisadi Əməkdaşlıq Təşkilatı terrorizmi və terrorçuluğu qəti şəkildə pisləyir. Terrorla mübarizədə üzv və qeyri-üzv ölkələrə daim dəstək göstərəcək”. 

İş burasındadır ki, Antalya toplantəsənda təşkilata sədrlik Türkiyəyə keçib və onun işinə bu ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu rəhbərlik edəcək. Bu yaxınlarda isə M.Çavuşoğlu elan edib ki, Türkiyə artıq Qarabağ münaqişəsinin həllində öz səylərini xeyli gücləndirəcək. Bu, o deməkdir ki, İƏT də Azərbaycanın ərazi bütövlüyünün bərpası işində fəallığını artıracaq.

N.NOVRUZ

Sizin Reklam Yeriniz