"NATO Cənubi Qafqaz ölkələri ilə əlaqələri gücləndirmək fikrindədir və Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllinə ümid edir".
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu NATO baş katibinin siyasi məsələlər və siyasi təhlükəsizlik məsələləri üzrə köməkçisinin müavini Ceyms Appaturay "Regional təhlükəsizliyə yeni təhdidlər" mövzusunda keçirilən konfrans çərçivəsində təşkil olunan Pyatiqorsk-Brüssel telekörpüsündə deyib. O bildirib ki, Ermənistan və Azərbaycan həm NATO, həm də Rusiyanın siyasəti üçün vacib istiqamətdir: "Bu ölkələr həm Rusiya, həm də NATO ilə xüsusən sülhməramlı fəaliyyət baxımından yaxşı münasibətlər qurmaq istəyir. Qeyd etmək istəyirəm ki, sülhməramlı fəaliyyət sahəsində biz Rusiya ilə rəqabət aparmırıq".
C. Appaturayın sözlərinə görə, Ermənistan hazırda Azərbaycanla problemin həlli üçün müxtəlif beynəlxalq təşkilatları cəlb etməyə çalışır, Azərbaycan isə öz xarici siyasətində Rusiyadan daha az asılıdır: "Bizim geniş əməkdaşlıq proqramımız var. Bu əməkdaşlıq əvvəl hərbi əməliyyatlar aparılmış ərazilərin minalardan təmizlənməsində, enerji sahəsində özünü göstərir. Hesab edirəm ki, biz daha çox iş görə bilərik".
C. Appaturay bəyan edib ki, NATO Dağlıq Qarabağ probleminin tezliklə həllində maraqlıdır. Alyansda qeyd edirlər ki, bu cür latent (görünməz) münaqişələrin uzun müddət qalmasından qaynaqlanan təhlükəni qiymətləndirməmək olmaz və təcrübə göstərir ki, bu, yaxşı nəticələnmir: "Belə münaqişələr ətraf ölkələr, məsələn, Rusiya, eləcə də Avropa üçün ciddi nəticələrə səbəb ola bilər. Bu münaqişələr enerji sferasına da mənfi təsir göstərir, ona görə də bu problem beynəlxalq ictimaiyyətdən ciddi diqqət tələb edir".