Əlaqə Arxiv
news Image
2019.11.29
09:12
| A A A
Xarici havadarları da radikallardan üz çevirdi
Mais Səfərli: “Radikal müxalifəti artıq xaricilər dairələr üçün beynəlxalq əhəmiyyət kəsb etmir”

Prezident İlham Əliyev Bakı Dövlət Universitetində çıxışı zamanı radikal müxalifətin əlinin xarici maliyyə və siyasi dəstək rıçaqlarından əllərinin üzülməsinə də toxundu: « İndi anti-Azərbaycan dairələr, xaricdəki dairələr artıq açıq deyirlər ki, bizdə ənənəvi müxalifət yoxdur, ayrı-ayrı satqın dəstələr var ki, onların da kitabı bağlanıb, onlara ümid bəsləmək olmaz. Ona görə onlara pul təminatı da azalıbdır, ona görə çabalayırlar. Əsas hədəf gənclər olmalıdır. Onlar gəncləri əsas hədəf seçiblər və gəncləri yoldan çıxarmaq istəyirlər, onların beyinlərini zəhərləmək istəyirlər, onları xalqa qarşı, Vətənə qarşı, ənənəvi dəyərlərə qarşı qaldırmaq istəyirlər. Alınmır və alınmayacaq. Çünki Azərbaycan gəncləri vətənpərvərdir, Vətəni sevəndirlər, Vətənə bağlıdırlar». Bu açıqlama onu göstərir ki, bu günə qədər radikalları maliyyə ilə təmin edən xarici dairələr artıq bundanuzaqlaşmaq yolunu tutublar.

Yurddaş Partiyasının sədri Mais Səfərlinin fikrincə, radikal müxalifətin ümidlərinin xaricdən də kəsilməsinin kökündə əcnəbi dairələrin Azərbaycandakı real mənzərəni anlamağa başlamaları, radikallara etibar etməyin yersiz olduğunu real olaraq görmələri dayanır: “Doğrudan da, hazırda vaxtilə radikal müxalifətə maliyyə və siyasi dəstək verən xarici qüvvələr indi bu işlərdən vaz keçməyə başlayıb.

Bir vaxtlar xaricdən və beynəlxalq təşkilatlardan Azərbaycana hər hansı bir nümayəndə həmişə iqtidarla yanaşı, müxalifət nümayəndələrilə də görüşüb, müəyyən məsələlərlə bağlı onların da fikrin öyrənirdilər. Amma artıq xeyli müddətdir ölkəmizə gələn xarici ölkə rəsmiləri radikal müxalifət təmsilçilərilə görüşmürlər. Bu da ondan irəli gəlir ki, radikal müxalifət liderləri artıq cəmiyyətdə öz təsir gücünü, nüfuzunu itiriblər. Bu qüvvələr ictimai dəstəkdən məhrum olublar. Belədə, radikal müxalifət nə ictimai, nə də siyasi proseslərə təsir etmək gücündə deyil. Həmin səbəbdən xaricdən gələn nümayəndələr artıq müxalifət rəhbərlərilə təmas qurmur.

Yalnız bəzi hallarda Azərbaycana qarşı qərəzli mövqe sərgiləyən beynəlxalq təşkilatlar radikal müxalifətlə əlaqə saxlayır. Bunun da səbəbi aydındır. Çünki onlar Azərbaycana düşmən münasibət bəsləyir, onun çiçəklənməsini, dünyada nüfuz sahibi olmasını istəmirlər. Bu müstəvidə də radikal müxalifətlə əlaqə quraraq onlardan ara-sıra özlərinin çirkin məqsədləri naminə istifadə edirlər. Yəni onlar radikal müxalifət nümayəndələrini ələ almaqla onlardan öz məqsədləri üçün yararlanırlar. Radikal müxalifət də Azərbaycan barədə müxtəlif uydurma donoslar yazır. O donoslar əsasında da Azərbaycana qarşı həyasızcasına müəyyən “tədbirlər” görməyə çalışırlar.

Bütün hallarda görünən odur ki, Azərbaycanın radikal müxalifəti artıq xaricilər, Avropa Şurası, Avropa Birliyi kimi təşkilatlar üçün beynəlxalq əhəmiyyət kəsb etmir. Radikallar Azərbaycanda marağı olan xarici dövlətlər qarşısında artıq öz etibarlığını, əhəmiyyətini itiriblər. Dünya siyasətini müəyyən edən dövlətlərin nümayəndələri də həmin partiya liderlərinə maraq göstərmir.

Səbəbi isə həmin siyasi təşkilatların, burada cəmləşən siyasətbazların kim olduqlarını artıq gözəl anlamalarından qaynaqlanır. Xarici qüvvələr artıq radikal müxalifət təşkilatlarına etimad və etibar göstərmir.  Bunun nəticəsidir ki, radikal müxalifət indi nə qədər bar-bar bağırsa da, onların fikirləri həmin dövlətlər və təşkilatlar üçün ciddi önım kəsb etmir”.

Partiya sədri qeyd etdi ki, radikal müxalifətin xaricdən aldığı maliyyəni öz şəxsi mənafeləri naminə xərcləməsi də əcnəbi qüvvələrin onlardan üz döndərmələrinə səbəb olub:  “Radikal müxalifətin mühacir alverilə məşğul olması, onlara göstərilən və xaricdən gələn maliyyədən şəxsi maraqları naminə sui-istifadə etmələri kimi hallar da əcnəbi qüvvələri həmin təşkilatlara maliyyə və siyasi dəstək verməkdən çəkindirib. Mühacir alverinə görə radikal müxalifət liderləri əslində istefa verməlidir. Ancaq bunun şahidi olmuruq. Belə əməllərilə onlar tək Azərbaycanın nüfuzuna zərbə vurmayıblar. Bununla özlərinin də iç üzünü açıb göstərdilər. Bu mənada Azərbaycana qərəzli yanaşan beynəlxalq təşkilatlar da kimlərlə oturub-durduqlarını, kimlərə maliyyə dəstəyi verdiklərini görürək pat vəziyyətinə düşüblər.

Digər tərəfdən radikal müxalifət xaricilərdən aldığı maliyyənin əhəmiyyətli hissəsini özlərinin şəxsi maraqları naminə xərcləyir. Bu amilin özü də xariciləri həmin qüvvələrə maliyyə dəstəyi verməkdən yayındırıb. Bir sözlə, xarici dairələr Azərbaycan hakimiyyətinin uğurlu siyasəti nəticəsində dövlətimizi sapı özümüzdən olan baltaların əli ilə nüfuzdan salmaq siyasətlərinin uğursuzluğa düçar olduğunu anladıqlarından həmin radikal təşkilatlara maliyyə və siyasi dəstəyi dayandırmağa qərar veriblər. Bu hal bir daha onu göstərir ki, öz fəaliyyətini xalqın maraqlarının qorunması və təmin edilməsi müstəvisində qurmayan, xarici hamilərinin dediyilə oturub-duran siyasi qüvvələr iflasa məhkumdurlar. Necə ki, Azərbaycanda radikal müxalifət artıq tam iflasa uğrayıb”.

R. SOLTANOV

 

Sizin Reklam Yeriniz