Əlaqə Arxiv
news Image
2019.12.05
09:00
| A A A
Kremlin Qarabağ yanaşmasında mühüm dəyişiklik
Diplomatiyanız öz gücü hesabına rus ictimai fikrini Qarabağ münaqişəsinin ədalətli həllinə yönəltməyi bacarır

Rusiya XİN rəgbəri Sergey Lavrovun Azərbaycana səfərindən müəyyən gözləntilərin reallaşması arzulanırdı. Nazir gəldi, mehribançılıq etdi, danışdı və getdi. Sergey Lavrovu qəbul edən Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Azərbaycanla Rusiya bir sıra istiqamətlər üzrə əhəmiyyətli dərəcədə irəliləyib, beynəlxalq təşkilatlarda bir-birini fəal dəstəkləməklə qarşılıqlı siyasi əlaqələri möhkəmlədib. Bu həqiqətdir. Azərbaycan nümayəndə heyətinin tam heyətdə Rusiyanın AŞ PA-ya qayıtmasının lehinə səs verdiyini də xatırladan dövlət başçısı qeyd edib ki, biz də həmişə beynəlxalq strukturlarda bizi narahat edən məsələlərlə bağlı Rusiya Federasiyasının dəstəyini hiss edirik. Bu, sadəcə, xoşluq xatirinə səsləndirilən ifadə deyildi, diplomatik dillə Kremlin nümayəndəsinə çatdırılırdı ki, biz konkret iş görürük, dostluğumuzu, əməkdaşlığımızı əməli addımlarla gücləndiririk. Və sizdən də belə bir hərəkətlilik gözləyirik. Təsadüfi deyil ki, AŞPA məsələsinin ardınca Prezident İlham Əliyev deyib ki, Ermənistanla Azərbaycan arasında münaqişənin nizamlanması istiqamətində nəzərəçarpan nəticələr olmayıb. Prezident bunun əsas səbəbinin  Ermənistan rəhbərliyinin səmərəsiz siyasəti, xüsusən "Qarabağın Ermənistan olması" barədə bəyanatının olduğunu vurğulayıb. Yəni, S.Lavrov da bizdən əvvəl səfərdə olduğu İrəvanda "Dağlıq Qarabağ" xalqı ifadəsini işlətmişdi və ona anladıldı ki, nə Qarabağ Ermənistandaır, nə də Qarabağda yaşayan ermənilər ayrıca xalqdır. Onlar erməni əsilli Azərbaycan əhalisidir.

Sergey Lavrov təcrübəli diplomatdır və ehtimal ki, ona çatdırılan fikirlərin mənasını olduğu kimi dərk edib. Amma həmişə olduğu kimi yenə də substantiv təkliflərdən yayınıb və humanitar əlaqələrdən və qarşılıqlı etimaddan danışıb: "Rusiya həm Vyana sammitində, həm sonradan nazirlərin Moskva görüşündə etimad tədbirləri, humanitar əlaqələrin, kütləvi informasiya vasitələri xətti ilə əlaqələrin nizamlanması barədə əldə edilmiş razılaşmaların bu il təsdiqlənməsində və həyata keçirilməsində maraqlıdır". O deyib ki, hər iki tərəfin bəyəndiyi əsas prinsiplərə, BMT Nizamnaməsində və Helsinki Yekun Aktında təsbit olunmuş prinsiplərə zidd olan ritorikadan çəkinmək lazımdır.

Məsələ burasındadır Azərbaycan-Rusiya əlaqələri indi yüksəliş dövrünü yaşayır. Cənubi Qafqaz ölkələrindən Gürcüstan artıq Rusiyanın diqqətindən xeyli dərəcədə uzaqlaşıb. Ermənistan bu ölkənin forpostu olsa da, onun orbitindən uzaqlaşmaq üçün hər cür hiyləyə əl atır. Azərbaycan isə öz iqtisadiyyatı və dövləti ilə tam müstəqil ölkədir və nə Rusiyaya, nə də Qərbə, ümumiyyətlə hər hansı dövlətin himayəsinə ehtiyac duymur. Bununla yanaşı dövlət rəhbərliyi bilir ki, bu dünyada yaşayıb ondan təcrid edilmiş halda qalmaq mümkün deyil. Bu səbəbdən Rusiya ilə mehriban qonşuluqdan da irəli olan yaxın əlaqələr qurulur, münasibətlərdə saf və etibarlı öhdəliklər götürülür, beynəlxalq aləmdə Rusiya ilə diplomatik əməkdaşlıq edilir. Belə bir situasiyada Azərbaycanın da qarşılıqlı şəkildə Kremldən öz problemlərinin həllində yardım almağı arzulaması tamamilə təbiidir. Xüsusilə Qarabağ münaqişəsinin həllində Moskva böyük rol oynaya bilər. Azərbaycan diplomatiyası öz gücü hesabına rus ictimai fikrini bu məsələnin ədalətli həllinə yönəltməyi bacarır.

Rusiyanın baş diplomatı dekabrın 4-də keçirilən Azərbacan və Ermənistan xarici işlər nazirlərinin görüşündən konstruktiv nəticə gözlədiyini bildirib. Bu, kоnkret olaraq, yalnız söz olsa da, güman edək ki, həqiqətən nə isə ola bilər. Amma yenə də məsələ həlldən çox uzaq olan etimadın yüksəlməsi, tutaq ki, hər iki tərəfdən deputatların görüş tarixinin müəyyənləşməsi ola bilər. Ancaq münaqişənin həlli üçün siyasi həll lazımdır ki, bu da başda Rusiya olmaqla MQ-nun qərarı ilə baş tuta bilər.

N.NOVRUZ

Sizin Reklam Yeriniz