Əlaqə Arxiv
news Image
2019.12.06
09:06
| A A A
İslahatlara xalq tam dəstək verir
Struktur və kadr islahatları kompleks şəkildə paralel aparılır

Azərbaycanda genişmiqyaslı islahatlar davam edir. Bu sırada kadr islahatları dalğası sürətini azaltmır. Hər gün yeni gənc kadrlar müxtəlif vəzifələrə təyin edilir. Bu günlərdə Prezident İlham Əliyev Rüstəm Xəlilovu Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı, Vüqar Novruzovu Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunması ilə əlaqədar qəbul edib. Dövlət başçısının vəzifəyə təyin olunan yeni kadrlarla söhbət edib onlara tövsiyələr verməsi də islahatların xarakterindən doğan mühüm məqamdır. Çünki, daha əvvəlki dövrlərdə olduğu kimi kimisə vəzifəyə təyin etməklə iş bitmir. Kadrların məsuliyyətini artırmaq, ona göstərilən etimadı doğrultması üçün müəyyən şərtlər irəli sürmək vacibdir. Əgər bacarmayacaqsansa, bəri başdan vəzifədən imtina et, yox, özündən sənə göstərilən etimadı doğrultmaq gücü hiss edirsənsə, onda get və işlə, məsuliyyətini bil və əks tələbləri pozduğun təqdirdə cəzasız qalmayacaqsan. Bəli, Azərbaycanda məmur olmaq “xalqın xidmətçisi” olmaq deməkdir. Bu, dövlət başçısının hakimiyyət təmsilçiləri qarşısında qoyduğu tələbdir və buna əməl etməyənə hakim komandada yer yoxdur.  

Görüşdə çıxış edən Prezident İlham Əliyev deyib: “Ölkəmizdə köklü islahatlar aparılır. Bu islahatlar demək olar ki, bütün sahələri əhatə edir. İqtisadi sahədə, maliyyə sektorundakı islahatlar, şəffaflıqla bağlı olan tədbirlər artıq öz gözəl nəticələrini verməkdədir. Mənə verilən məlumata görə, bu ilin 11 ayında təkcə vergi və gömrük orqanları büdcəyə plandan əlavə 934 milyon manat vəsait daxil etmişlər. Bunun da başlıca səbəbi kadr islahatıdır. Çünki həm vergi, həm gömrük orqanlarında köklü kadr dəyişiklikləri həyata keçirildi, yeni rəhbərlər təyin edildi. Beləliklə, nəticə də göz qabağındadır”.

Vergi və gönrük orqanlarından büdcəyə ödəmələrin artımı kiçik məsələ deyil. Bu, bir neçə aspektdə işin səmərəliliyinin artırılmasını əyani göstərir. İlk növbədə gizli iqtisadiyyata güclü zərbə vurulur. Heç kimə sirr deyil ki, əgər gəlirlər dövlətdən gizlədilirsə, demək, kimsə kimdənsə rüşvət alır. Dövlətdən gizlədilən vəsait bəzi məmurlar arasında bölüşdürülür ki, bu da həm dövlətin monolitliyinə, həm də əhalinin güzəranına ciddi ziyan vurur. İslahatlar nəticəsində büdcəyə ödənilən vəsaitin artması korrupsiyaya qarşı aparılan mübarizənin faydalı olmasından, vətəndaşların şüurunda qanunçuluğun möhkəmlənməsinin aydın göstəricisidir. Bu faktlar göz qarşısında baş verir və xalqın iqtidara olan etimadını artırır. Xalq, Prezidentin uğurla apardığı islahatlar dalğasını diqqətlə izləyir və ona dəstək verir.

İş isə davam edir. Struktur və kadr islahatları kompleks şəkildə paralel aparılır. Prezident Administrasiyasında, Nazirlər Kabinetində yeni şobələrin yaradılması, köklü kadr dəyişiklikləri, gənclərin idarəetmə işinə daha sürətlə və əhatəli cəlb olunması  çevikliyi və səmərəliliyi artırmağa hesablanıb. Milli Məclisin yenidən formalaşdırılması üçün yeni seçkilərin keçirilməsi də bu istiqamətdə atılan növbəti addımdır.  Gördüyümüz kimi, təyin olunan və seçilən kadrların idarəetməyə qoşulması paralel şəkildə gedir. Təbii ki, bu yolda müasirlik də diqqətdə saxlanılır.

İslahatlar qarşısıalınmazdır. Çünki, səmərə verir və xalq tərəfindən təqdir olunur. Dövlət başçısı bu barədə deyib: “Kadr islahatları davam etdiriləcək. Son vaxtlar aparılan islahatlar artıq öz nəticəsini verməkdədir. Cəmiyyətdə bu islahatlarla bağlı çox müsbət rəy formalaşıb və gözləntilər də vardır. Ona görə təyin edilmiş bütün yeni kadrlar qarşısında konkret vəzifələr qoyulur və bu kadrlar o vəzifələri icra etməlidirlər. Dövlət məmurları vəzifəyə gəlir mənbəyi kimi baxmamalıdırlar. Dövlət məmurları xalqa xidmət etməlidirlər. Onların başlıca missiyası bundan ibarətdir və siz də belə işləməlisiniz”.

Prezident İlham Əliyev vəzifəyə təyin etdiyi nümayəndələrinin üzərinə böyük məsuliyyət düşdüyünü bildirib, onların vəzifələrinin rəhbərlik edəcəkləri şəhər və rayonda iqtisadi inkişafı təmin etməkdən, işsizliklə bağlı problemləri öz həll etməkdən ibarət olduğunu deyib: “Siz vətəndaşlarla daim təmasda olmalısınız. Mövcud bütün olan problemləri, ilk növbədə, çox dərindən təhlil etməlisiniz və problemlərin həlli üçün iş planı tutulmalıdır. Təbii ki, problemlərin bir hissəsinin həlli mərkəzi icra orqanlarının səlahiyyətindədir. Belə olan halda, mərkəzi icra orqanları qarşısında məsələ qaldırmalısınız, eyni zamanda, Prezident Administrasiyasına məlumat verməlisiniz. O məsələlər ki, sizin fəaliyyətinizdən asılıdır, onları özünüz həll etməlisiniz və daim vətəndaşlardan onları narahat edən məsələləri eşitməlisiniz. Ona görə vətəndaşlarla sizin ünsiyyətiniz formal xarakter yox, işgüzar xarakter daşımalıdır və bu, sizin iş qrafikinizdə prioritet məsələ olmalıdır”.

Prioritet vəzifələrə diqqət yetirilməsi Azərbaycan dövlətinin sosial mahiyyətindən irəli gələn məsələdir. Ölkənin inkişaf strategiyasında əhalinin güzəranı həmişə prioritet statusdadır. Bunu görən əhali də hakimiyyətə rəğbətini gizlətmir, ona görə ki, faydasını daim görür.

N.NOVRUZ

Sizin Reklam Yeriniz