Əlaqə Arxiv
news Image
2013.06.18
11:24
| A A A
Milli Şura indidən pula görə dağılır
Zahid Oruc: “100 faiz Milli Şuranın pulu çatmayacaq” Aydın Hüseynov: “Milli Şuradakıların maddi maraqları təmin olunmadıqda, dağılacaqlar” "Yaxın zamanlarda pulları gəlməsə, Milli Şura öz-özünə dağılacaq". Məlum olduğu kimi, belə bir açıqlama ilə hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov çıxış edib. O qeyd edib ki, Milli Şuranın heç bir perspektivi yoxdur və kimin namizəd olmasından asılı olmayaraq, bu qurum uğur qazana bilməyəcək.

Proseslər Milli Şuranın həqiqətən də hansısa xarici qüvvələr tərəfindən idarə edilməsini, maliyyələşdirməsini deməyə əsas verir. Bu fonda həmin maliyyəçinin Rusiyaad olmasına dair də artıq yetərincə fikirlər səsləndirilib. Ancaq Milli Şuranın ağaları hələ də bu qurumdan gözlədikləri nəticələri ala bilmirlər və onun getdikcə daha böyük fiaskoya uğramasının fərqindədirlər. Xüsusən də Milli Şurada birləşənlərin ortaq dəyərlərinin az olmasını, müxtəlif yerə bağlı olmalarını nəzərə alsaq, maliyyə mənbələrinin də quruyacağı qaçılmazdır.

Millət vəkili Zahid Orucun sözlərinə görə, 100 faiz Milli Şuranın pulu çatmayacaq: "Ona görə ki, ora toplaşan insanların böyük bir qismi həmin pulu həddindən artıq gözləyirlər. Ancaq onlar çox - aza qane olmayacaqlar. İş ondadır ki, bəlkə də bir qismi düşünürdü ki, həqiqətən bu, böyük maliyyə əsaslı bir qurumdur və yaradacaqları şura hökumətini xarici maliyyəçilər ehtiyac içərisində saxlamayacaqlar. Etiraf etmək lazımdır ki, müxalif təşkilatların maddi durumu son illər ərzində daha da ağırlaşıb. Hətta Rüstəm İbrahimbəyovun özü də son dövrlər bu cəhətdən o qədər də yaxşı vəziyyətdə deyil. Amma təbii ki, onun müəyyən əlaqələri var və çox mümkündür ki, Azərbaycanın iqtisadi – siyasi çıxarlarını axtaran qüvvələrin hansısa bir səviyyədə onlara minimum yardımları olsun. Lakin hakimiyyət uğrunda mübarizə üçün milyardlar lazımdır. Bundan başqa Azərbaycan insanları ilə təmasda daha mühüm platforma gərəkdir. Çünki, prezident olmaq üçün sadəcə pul yetmir. Elə olsaydı, bir milyarder gəlib Azərbaycanda sadə bir şəkildə xalq rəyini qazanardı. Beləliklə, həqiqətən də onların şurası dağılmış olacaq. Sonradna bir qismi də hakimiyyətin cazibə mərkəzinə düşməyə çalışacaqlar ki, bəs, səhv olub, yanlışlıq baş verib, bizi də öz sıralarınıza götürün".

Zahid Oruc onu da bildirdi ki, Milli Şuraya daxildən investisiya qoyan olmadı: "İqtisadi sahibkarlar dəstəsi müxalif partiyaların elektoral bazasına çevrilmədi. Əksər iş adamları öz həyatlarını hakimiyyətlə kommunikasiyada qururlar. İqtisadi sahibkarlar ordusu bütövlükdə hakimiyyət çevrəsində qərarlaşıb. Müxalif qüvvələrin onlara sığınması, böyük maliyyə gücü qazanması və lenincəsinə böyük bir inqilabi prosesi həyata keçirməsi qeyri – realdır".

Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü Aydın Hüseynov bildirir ki, Milli Şura şəxsi maraq zəminində yarandığına görə, indiki halda onları maddi maraq düşündürür: "Kənar dairələrdən, konkret olaraq şimal qonşularımızdan, bəzən də Qərb maliyyə qaynaqlarından yaralanaraq fəaliyyət göstərirlər. Ancaq bunlar verilən vəsaitlərin müqabilində özlərini ümumiyyətlə, doğrultmurlar. Həmin mərkəzlər də bu vəsaitlərin boş yerə xərcləndiyini görüb sonradan ödəmirlər. Ona görə də Milli Şuradakıların maddi maraqları təmin olunmadıqda, dağılacaqlar. Təkcə bu faktorla yox, ümumilikdə, bunların bir araya gəlib müəyyən müddətdə fəaliyyət göstərmələri qeyri – mümkündür. Çünki, onların hər biri ayrı – ayrı mərkəzlərə bağlıdır. Hələlik şirinliyə aldanıb gedirlər. Bunların da dağılmaması, uzunmüddətli fəaliyyət göstərmələri qeyri – mümkündür. Çünki, bunların hansısa sifarişi yerinə yetirmək üçün nə siyasi iradələri, nə də siyasi və sosial dayaqları yoxdur. Bir saman çöpü üzərində qurulan bu qurum sözsüz ki, məhvə məhkumdur".

Aydın Hüseynov onu da qeyd etdi ki, elə lap əvvəldən radikal müxalifətin yaratdığı bütün təşkilatlar Azərbaycanın güclü dövlət olmasını istəməyən xarici qüvvələrin olub: "Çünki, müxalifətin daxildə gücü və nüfuzu, dəstəkləyən qüvvə yoxdur. Bütün fəaliyyətlərini bilirlər deyə, onlara ölkə daxilində "vstavka" qoyan yoxdur. Kənardan isə tilovdur, atırlar və bu tilova da müxalifətimiz düşüb".

Sizin Reklam Yeriniz