Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Konfransının 38-ci sessiyasında iştirak etmək məqsədilə Romada (İtaliya) səfərdədir.
Kənd Təsərrüfatı Nazirliyindən Mövqe.az-a verilən məlumata görə, iyunun 18-də İ.Abasov FAO-nun sessiyası çərçivəsində regional konfranslarının sədrləri üçün təşkil olunmuş paralel tədbirdə iştirak edib. Bakı şəhərində keçirilmiş FAO-nun 28-ci Avropa Regional Konfransının sədri qismində çıxış edən nazir Bakı Konfransında təsdiq olunmuş altı regional prioritetin FAO-nun 2014-2017-ci illər üzrə Ortamüddətli Planının əsasını təşkil etdiyini, həm ölkə, həm də regional səviyyələrdə strateji planların hazırlanmasında həmin altı regional prioritetə əsaslanmanın vacib olduğunu qeyd edib.
FAO Konfransı Sessiyasının plenar iclasında çıxış edən İ.Abasov Azərbaycanın da daxil olduğu FAO-nun Avropa və Mərkəzi Asiya blokunun ən inkişaf etmiş və ən yoxsul ölkələrdən ibarət olmaqla mürəkkəb regionu əhatə etməsi, bu səbəbdən bu regiona fərdi və hər bir ölkə üzrə səciyyəvi yanaşmanın tətbiq edilməsinin vacibliyini qeyd edib. Eyni zamanda, regionun bir sıra ölkələrində əhalinin əksər hissəsinin kənd ərazilərində yaşamasına və gəlirlərinin əsasən bu sahədən əldə etmələrinə baxmayaraq, iqtisadiyyatın digər sahələri ilə müqayisədə kənd təsərrüfatı sahəsində gəlirlərin aşağı səviyyədə olması qeyd edilib. Çıxışda FAO-nun əsas diqqəti regionda dövlət tərəfindən göstərilən xidmətlərin təkmilləşdirilməsi vasitəsilə gəlirlərin artırılmasına yönəldilməsi tövsiyə olunub.
Həmin gün nazir İ.Abasov FAO-nun Avropa və Mərkəzi Asiya Regional Nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Toni Alonzo ilə görüşərək onun fəaliyyəti dövründə Azərbaycanla Regional Nümayəndəlik arasında əməkdaşlığın daha da genişlənəcəyinə ümidvar olduğunu bildirib, qarşı tərəf isə bu məqsəd üçün səylərini əsirgəməyəcəyini qeyd edib.
Tədbirlərdə Azərbaycanın İtaliyadakı səfiri, Roma şəhərində yerləşən beynəlxalq təşkilatlar yanında daimi nümayəndə Vaqif Sadıqov da iştirak edib.