Əlaqə Arxiv
news Image
2020.02.01
10:27
| A A A
Cenevrə danışıqları münaqişənin həlli yolunda mühüm mərhələ ola bilər

Müzakirə mövzularının məxfiliyi, həmsədrlərin mütləq iştirakı və Fransa prezidentinin fəallığı maraqlı işarədir

Azərbaycan və Ermənistan XİN başçılarının Qarabağ münaqişəsinin həlli üzrə Cenevrədə keçirdikləri görüşlər ötənilki razılaşmaların davamı adlandırılır. Lakin ötən illərdən fərqli olaraq budəfəki danışıqlar gərginliyi ilə seçilir. Sözsüz ki, ortada mahiyyəti üzrə danışıqlar olmasaydı, onda 7 saatlıq görüşdən sonra söhbətin davamını ikinci günə saxlamazdılar. Mövzular açıqlanmasa da məntiqi yanaşma konkretlik məsələsini önə çıxarır. Gərginliyin mənbəyi də bundadır. Belə görünür ki, kövrək də olsa ümumi səylər hansısa nəticə verə bilər. Amma bir məsələ aydındır ki, münaqişənin tam və birdəfəlik həlli məsələsi haqda hələlik heç bir fakt yoxdur. Niyə?

Birincisi, ona görə ki, danışıqların gedişində iki tərəfdən söhbət getsə də, əslində tərəflər kifayət qədər çoxdur. Bir faktı daim diqqətdə saxlamaq lazımdır ki, "həmsdərlərin iştirakı ilə" ifadəsi danışıqlar prosesinin daimi ünsürüdür. Yəni, regionda geostrateji marağı olan qüvvələrin iştirakı, məsləhəti və nəzarəti olmadan hər hansı razılaşmadan danışmaq əbəsdir. Bunun əsas günahkarı da Ermənistandır. Çünki, bu ölkə, birincisi, müstəqil deyil və bu səbəbdən həmişə qərar vermək üçün yarındığı ölkələrin vasitəçiliyindən istifadə edir. İkincisi isə Ermənistan işğalçıdır. Buna görə də bu ölkə həmişə suçludur və ayıbını ört-basdır etmək üçün hər cür fırıldağa əl atır. Bu sadalananlar isə danışıqların uğursuzluğa səbəb olmasının başlıca amilləridir.

Ancaq ümid Azərbaycanadır və danışıqların bərpası və davamı məhz onun diplomatik səylərinin nəticəsi sayılmalıdır. Belə ki, zərərçəkən timsalında Azərbaycan öz ərazi bütövlüyünün bərpasına çalışır. Bu amil ən önəmli səbəbdir. Daha sonra Azərbaycan geri qalmış ölkədən sürətlə inkişaf edən dövlətlər sırasına çıxıb və indi artıq inkişaf etmişlərin sıralarına qoşulmaq uğrunda çalışır. Bunun üçünsə sabitlik lazımdır. Ərazi bütövlüyü olmadan sabitlik, sabitlik olmadan inkişaf olmaz. Və nə qədər ki, Azərbaycan Ermənistan qoşunlarının öz ərazisindən çıxıb getməsinə nail olmayıb, nə qədər ki, Qarabağ bölgəsi üzərində nəzarəti bərpa etməyib, dövlətçiliyə qarşı təhdidlərlə üzbəsurət qalacaq. Bu səbəblər Bakını təkidlə danışıqların davamına və münaqişənin sülh yolu ilə həllinə vadar edir.

Yada salınan faktlar və izahatlar yanvarın 29-30-da Cenevrədə keçirilmiş Azərbaycan-Ermənistan danışıqlarının necə yüksək əhəmiyyət daşıdığını sübut edir.    

Bəyanatda bildirilir ki, 28-30 yanvar tarixlərində Cenevrədə ATƏT-in Minsk Qrupu həmsədrləri ayrı-ayrılıqda və birgə Ermənistan və Azərbaycan Xarici İşlər nazirləri Zohrab Mnatsakanyan və Elmar Məmmədyarovla görüşüblər. Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin nümayəndəsi Anjey Kasprşik də iştirak edib: "Qeyd olunduğu kimi, üç gün davam edən intensiv müzakirələr zamanı həmsədrlər və nazirlər gündəliyin aşağıdakı bəndlərini müzakirə etdilər: 2019-cu ildə müzakirə olunan razılaşma və təkliflərin icrası və əhalini sülhə hazırlamaq üçün mümkün addımlar; gələcək sülhün əsasını təşkil edən prinsip və elementlər; nizamlama prosesinin irəliləməsinin vaxtı və gündəliyi məsələləri. Həmsədrlər tərəflərə münaqişənin sülh yolu ilə həllində və nizamlama prosesində məxfilik prinsipinin tapılmasında kömək etmək üçün tam sadiqliklərini, habelə ədalətli və davamlı sülhə nail olmaq üçün yaradıcılıq və kompromis ruhunun lazım olduğunu bir daha təsdiq ediblər. Nazirlər yaxın gələcəkdə həmsədrlərin iştirakı ilə görüşməyə razılaşıblar".

Görüş ərəfəsində baş tutmuş bir tədbir də vacib detal kimi diqqəti cəlb edir. Fransa prezidenti Emmanuel Makron ölkəsinin erməni lobbi təşkilatlarının tədbirində çıxış edib və danışığının məzmununda ermənilərə xatırladıb ki, işğal olunmuş ərazidə yaratdıqları "respublika" qeyri-qanunidir, yəni bizim adlandırdığımız kimi qondarmadır. Tədbirdən sonra Makronun Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparması da danışıqların substantiv mahiyyətindən xəbər verir. Azərbaycanın dövlət başçısı isə zərərçəkən tərəfin sülhməramlı və ədalətə, beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyini bir daha xatırladıb. Başqa sözlə, İlham Əliyev fransız həmkarına, həm də MQ-un həmsədrinə prinsipial hüquqi mövqedən çəkilmədiyini bildirib. Regional təhlükəsizlik məsələsinə də toxunan prezidentlərin bu səyləri, əgər Ermənistan və digər həmsədrlər tərəfindən təqdir olunacaqsa, onda bu il Qarabağ münaqişəsinin həlli yolunda virtual razılaşmalar ili ola bilər.

N.NOVRUZ

 

 

Sizin Reklam Yeriniz