Əlaqə Arxiv
news Image
2020.02.08
11:45
| A A A
Yeni parlament islahatlara yeni nəfəs verəcək
Musa Qasımlı: “Hesab edirəm ki, parlament seçkiləri ölkəmizdə islahatlar yolunda yeni bir uğurlu səhifənin başlanğıcını qoyacaq”

Fəzail İbrahimli: “Kifayət qədər düşüncəsi, savadı, hüquqi, siyasi, elmi tərəfləri özündə birləşdirən adamların parlamentə düşməsi qanunverici orqanın gücünə güc qatacaq”

Niyaməddin Orduxanlı: “Düşünürəm ki, Azərbaycan seçicisi məhz islahatlar dalğasına yeni təkan verəcək yeni simaları seçəcək”

Azərbaycanda parlament seçkilərinə saylı günlər qalır. Fevralın 9-da olacaq seçkilərədn sonra Milli Məclisin yeni tərkibi formalaşacaq. Qeyd edək ki, son zamanlar Azərbaycanda bütün sahələr üzrə mühüm islahatlar, dəyişikliklər baş verir. Bu islahatlar həmçinin, ölkənin siyasi həyatını da əhatə edir. Məhz bu mənada formalaşacaq yeni parlamentə də islahatların yeni dalğasının nəticəsi kimi baxırlar. Yeni Milli Məclis islahatların yeni dağlasına nə kimi töhvələr verə biləcək?

Milli Məclisin deputatı Musa Qasımlı qeyd etdi ki, fevralın 9-dan sonra formalaşacaq yeni parlament ölkəmizdə həyata keçirilən islahatlar yolunda yeni bir uğurlu səhifənin əsasını qoyacaq : “Fevralın 9-da keçiriləcək seçkilərdə Azərbaycan xalqının, seçicilərin iradəsilə formalaşacaq Milli Məclis heç şübhəsiz cənab Prezident İlham Əliyevin liderliyi altında aparılan bütün sahələrdəki islahatlarda mühüm rol oynayacaq. Məlum olduğu kimi ölkəmizdə həyata keçirilən islahatların qanunvericilik bazası bilavasitə həm də parlamentlə bağlıdır. Qanunlar parlamentdə qəbul olunur. Deməli formalaşacaq yeni Milli Məclis də yeni şəraitdə və yeni çağırışlara uyğun olaraq fəaliyyət göstərəcək. Hesab edirəm ki, parlament seçkiləri ölkəmizdə islahatlar yolunda  yeni bir uğurlu səhifənin başlanğıcını qoyacaq”.

Milli Məclisin deputatı Fəzail İbrahimli də bildirdi ki, formalaşacaq yeni qanunverici orqan həyata keçirilən islahatlar kursunda yeni dalğanın başlanğıcı olacaq: “Güman edirəm ki, xalqın seçimi düz olacaq. Yeni parlamentə daha çox başdan-ayağa dövlətçi, dövlətinə sadiq adamlar düşməlidir. Xalq bu cəhətə önəm verməlidir. Dövlətini, xalqını sevən hər bir kəsin parlamentə düşməsi dövlətin güc və qüdrətinə bir təkan verəcək.  Yəni dırnaqdan başa qədər milli ruhu, düşüncəsi dövlətçiliyə köklənmiş insanlar parlamentdə olmalıdır. İkincisi, kifayət qədər düşüncəsi, savadı, hüquqi, siyasi, elmi tərəfləri özündə birləşdirən adamların parlamentə düşməsi qanunverici orqanın gücünə güc qatacaq. Parlament güclüdürsə, bu dövlətin qanunverici orqanının güclü olması deməkdir. Dövlətin qanunverici orqanının güclənməsi isə bütövlükdə dövlətin gücünün artması deməkdir. Bu mənada güman edirəm ki, açıqladığım əsaslar öz yerini tutarsa, daha çevik parlament formalaşarsa, ölkəmizin kifayət qədər beynəlxalq standartlara uyğun olan addımlarımız mütləq mənada görünəcək”.

BAXCP sədrinin müavini Niyaməddin Orduxanlının fikrincə də, Azərbaycan seçicisi məhz islahatlar dağlasına yeni təkan verəcək insanları seçəcək: “Növbədənkənar keçirilən parlamnet seçkilərində təxminən 1600 nəfər namizəd olaraq qeydiyyatdan keçib. Yeni formalaşacaq parlamentdən gözləntilər çoxdur. Bunu çıxışlarında xüsusi olaraq Prezident İlham Əliyev də qeyd edib ki, yeni parlamentdə islahatlar prosesi aparılacaq. Amma fevralın 9-dan sonra parlamentin simasının hası formada olacağı barədə indidən danışmaq fikrimcə, tezdir. Ancaq düşünürəm ki, Azərbaycan ictimaiyyəti, seçicisi məhz islahatlar dalğasına yeni təkan verəcək yeni simaları seçəcək.  Susan, məsələlərə münasibət bildirməyən, yalnız düyməni basmaqla işini bitmiş hesab edən deputatlara deyil, ölkənin ictimai-siyasi həyatında fəal olan, Azərbaycanın dövləti və xalqının maraqlarını  müdafiə edən, milli maraqları qoruyan, qanunvericilik təşəbbüsündə bulunan millət vəkillərinə üstünlük verəcək. Bunun əsasında da yeni parlament yeni islahatlar dalğasının əsasını qoyacaq. Ölkədə Prezidentin başçılığı ilə həyata keçirilən köklü islahatlar sisteminin davamı və müdafiəsi olaraq yəqin ki, insanlarımız da islahatlara dəstək verən, dövlət maraqlarını müdafiə edən namizədə səs verəcək. Düşünürəm ki, seçici dövlət maraqlarını qoruyan, illərin təcrübəsinə malik, siyasəti peşə olaraq seçən simaları seçəcək.  Milli Məclis sırf peşəkar siyasətçilərdən ibarət olmalıdır”.

 

R. SOLTANOV 

 

 

Sizin Reklam Yeriniz