Əlaqə Arxiv
news Image
2020.02.15
11:13
| A A A
Sosialistlərlə demokratların anti-imic fəaliyyəti
Güzgü ləkə götürmədiyi kimi Azərbaycana atılan böhtanlar da küləyin qoynunda uçub gedir

Azərbaycan beynəlxalq təşkilatlarla uğurla əməkdaşlıq edir, öz milli maraqlarına uyğun və qarşılıqlı maraq kəsb edən məsələlərin gündəmə çıxarılması, müzakirə olunması və müvafiq qərarlar qəbul edilməsini dəstəkləyir. Azərbaycanın BMT-nin müxtəlif komissiyalarında, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında, MDB də və digər qurumlarda fəaliyyəti buna nümunədir. Lakin bəzən “irəlidə gedənlərə arxadan daş atanlar” tapıldığı kimi beynəlxalq təşkilatların mənfi imicli qrupları da  kənar qüvvələrin təsiri altında Azərbaycana qarşı qeyri-obyektiv və qərəzli münasibət nümayiş etdirirlər. Məsələn, Avropa Şurasında müəyyən ermənipərəst, sorosçu qruplar davamlı şəkildə Azərbaycana qarşı  hücumlar təşkil edirlər. Belə qərəzli münasibət Avropa Parlamentində xroniki xarakter alıb.

Belə ki, Avropa Parlamentindəki 2-ci böyük fraksiya olan Sosialistlər və Demokratlar fraksiyası 9 fevral seçkilərinin demokratik dəyərlərə cavab verməsini həzm edə bilməyərək ölkənin “bostanına daş atmaqdan” özlərini saxlaya bilməyiblər. Azərbaycanı fundamental hüquqlara hörmət etməkməkdə günahlandırmaq cəhdində qrup üzvləri  “Azərbaycanla Avropa Birliyi arasında yeni Saziş Avropa Parlamenti tərəfindən ratifikasiya oluna bilməz” mesajını gündəmə gətirməyə çalışıblar. Lakin onlara veriləcək cavab çox gecikməyib və Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu qrupu xarakterizə edərək deyib ki, son seçkilərdən sonra Avropa Parlamentində bəzi radikal, şovinist və islamofob təfəkkürlü qüvvələr yer alıb: “Birincisi, Aİ ilə saziş hələ heç imzalanmamışdır. İkincisi, bir müddət öncə AP Azərbaycanda parlament seçkilərini müşahidə etməyəcəyini bildirmişdi. Açığı, onların bu açıqlaması bizdə təəccüb doğurdu. Azərbaycanın AP qarşısında hər hansı bir öhdəliyi yoxdur və biz heç AP-a seçkiləri müşahidə etmək üçün dəvət də ünvanlamamışdıq. Aİ 9 fevral parlament seçkilərindən sonra verdiyi açıqlamada Azərbaycanla dialoqu davam etdirməyə və ölkəmizlə sıx işləməyə hazır olduğunu bildirmişdir. Azərbaycan tərəfi də Aİ ilə əməkdaşlığı davam etdirməyə hazırdır”.

Qeyd etmək lazımdır ki, Avropada erməni diasporu, ermənipərəst dairələr və anti-Azərbaycan qüvvələr tərəfindən təşkil olunmuş qərəzli şoular gülünc siyasi vərdişə çevrilib. Prezident İlham Əliyev Avropa Parlamentinin əvvəllər qəbul etdiyi belə qərəzli sənədlərə hələ 2015-ci ildə münasibət bildirib. Belə ki, sentyabrın 15-də Çex Respublikasının Prezidenti Miloş Zemanla birgə mətbuat konfransı zamanı Prezidenti İlham Əliyev Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi bəzi sənədlərin tamamilə əsassız, yalan, böhtan, qərəzli münasibət üzərində qurulduğunu söyləyib: “Biz bilirik ki, bunun arxasında hansı qüvvələr dayanır. Bu qüvvələr bundan əvvəl dəfələrlə Azərbaycana qarşı əsassız ittihamlar irəli sürmüşlər, bizi şantaj etmişlər. Onların yeganə məqsədi ondan ibarətdir ki, inkişafda olan, müasir, müstəqil siyasət aparan, tolerant, multikulturalizmin məkanı olan Azərbaycanı ləkələsinlər, gözdən salsınlar və Avropada Azərbaycan haqqında yanlış, tamamilə həqiqətə zidd bir rəy yaratsınlar. Burada əlbəttə ki, biz erməni lobbisinin rolunu da görürük və hesab edirəm ki, Avropanın müvafiq hüquq mühafizə orqanları Avropa Parlamentinin bəzi üzvləri ilə erməni lobbiçiləri arasındakı gizli əlaqələri də araşdırsalar pis olmaz”.

Azərbaycanda insan hüquqlarından dəm vuran AP üzvlərindən heç biri çıxışlarında fundamental hüquqları pozulmuş 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünü heç yadına belə salmır. Bu AP üzvlərinin ikiüzlülüyünü sübut edir. Təsadüfi deyil ki, əksər hallarda AP-də gedən söhbətlərin səsi ilk dəfə erməni mətbuatında çıxır. Heç şübhəsiz AP-də səsləndirilən fikirlərin  heç bir qüvvəsi yoxdur. Digər tərəfdən, Azərbaycan Avropa İttifaqının üzvü deyil və bu kimi qurumların nəinki müzakirələri, hətta qərarları belə Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etmir. Azərbaycan öz milli maraqları çərçivəsində  istənilən dövlət, beynəlxalq təşkilatla bərabərhüquqlu, konstruktiv  əməkdaşlıq etməyə hazırdır, bunu edir, lakin heç bir halda təzyiq və birtərəfli təsir metodlarını qəbul etmir.

N.NOVRUZ

 

Sizin Reklam Yeriniz