Mütəxəssislərin qənaətinə görə, bir növ ölkənin hərbi qüdrətini qeyri - praktiki olaraq nümayiş etdirən hərbi parad artıq digər ölkələrə, konkret halda Ermənistana ünvanalanan mesaj xarakteri daşıyır. Bu mənada Azərbaycan ordusunun son keçidini olduqca effektiv hesab etmək olar. Çünki, açıq düşmənimiz sayılan erməni generalından dərhal reaksiya gəldi. Belə ki, işğalçı dövlətin müdafiə naziri Seyran Ohanyan dolayısı yolla olsa da Ermənistanın narahatlığıın gizlətməyib.
Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri Hatəm Cabbarlının sözlərinə görə, hərbi paradın keçirilməsi daxili ictimai rəyə yönəliş təbliğat vasitəsi olduğu kimi, eyni zamanda dünya ictimaiyyətinə verilən bir mesajdır: "Hərbi parad keçirən dövlətlər hərbi potensialını göstərməsi baxımından olduqca əhəmiyyət daşıyır. Bu, sadəcə Azərbaycanın təşkil etdiyi bir iş deyil. Artıq ənənə halını almış bir hadisədir. Belə ki, bütün dünya dövlətləri bu vasitədən mümkün qədər istifadə edirlər. Bizdə keçirilən hərbi paradda Azərbaycanın müstəqillikdən bu günə qədər ordu quruculuğunun son nümunələri nümayiş etdirildi. Bu, onu göstərir ki, Azərbaycan ordusu son 20 illə müqayisədə həm canlı qüvvə, həm də texniki potensial baxımdan olduqca inkişaf edib. Bundan başqa, paradda son model silahların nümayiş etdirilməsi Azərbaycan ordusunun gücünün nə qədər yüksək səviyyədə olduğunu göstərdi".
Siyasi şərhçi onu da əlavə etdi ki, orada hansı silahların nümayiş olunacağı əvvəlcədən razılşadırılıb: "Burada nümayiş etdirilən silahların heç biri sirr xarakterli deyil. Çünki, nümayiş olunan S – 300 "Favorit" raketinin Azərbaycanda olduğu haqqında daha əvvəlcədən informasiyalar olub. S – 300 "Favorit" raketinin tək istehsalçısı Rusiya olduğu üçün həmin raketin verilməsi barədə məlumatı Rusiya tərəfindən dilə gətirilib. Əlbəttə, Azərbaycanda elə bir silahlar var ki, onların hərbi paradda nümayiş olunması məqsədəuyğun deyil".
Hərbçi ekspert Emin Həsənlinin də fikrincə, hərbi parad Azərbaycanı sevən və sevməyən qüvvələr üçün bir mesajdır: "Sevməyənlərin nəticə çıxarması, sevənlərin isə sevinməsidir. Hər bir dövlətin güclü olması üçün güclü iqtisadiyyatı, düzgün xarici siyasəti, ölkəsində vətəndaş həmrəyli olmalıdır. Ən əsası isə ölkənin güclü silahlı qüvvələri olmalıdır. Azərbaycan ordusu da keçirdiyi hərbi paradlarında özünün müasir hərbi kompleksini, həm aldığı, həm də özünün istehsal etdiyi texnikaları təqdim nümayiş etdirdi".
Ekspert onu da qeyd etdi ki, Azərbaycan
artıq silah ixrac edən ölkəyə çevrilib: "Bu gün ölkəmiz 756 adda
silah istehsal edir. Eyni zamanda bu paradda ilk dəfə nümayiş
olunan silahlarımız da var idi. Bunlar onu göstərir ki,
Azərbaycanın çox güclü ordusu var. Hətta Ermənistanın müdafiə
naziri Seyran Ohanyan da etiraf edib ki, Azərbaycanda olan müasir
silahlar bizdə yoxdur. Bildirib ki, biz bu silahlanmaya
qoşuşlmuruq. Ancaq birincisi, bu silahlanmaya qoşulmaq üçün ölkənin
güclü iqtisadiyyatı olmalıdır. İkincisi, siyasi iradən və müstəqil
dövlət olmalısan. Ermənistanın dövlət büdcəsi 2 milyard,
Azərbaycanın isə tək hərbi büdcəsi 3 milyard dollardır. Ona görə də
bu paraddan həm Ermənistan, həm də ona dayaq olan dövlətlər nəticə
çıxardırlar. Çünki, Azərbaycanda 1990 – cı illərin ordusu deyil.
Hazırda Cənubi Qafqazın ən güclü ordusuna malikdir. Digər tərəfdən
hamı bilir ki, bu silahlar yalnız nümayiş üçün
deyil".