Əlaqə Arxiv
news Image
2020.02.18
08:53
| A A A
İkili standartlar Qərbə baha başa gəlir
Burada yer alan ölkələrin nüfuzu getdikcə aşağı düşür, çünki dediklərinə özləri əməl etmir

Münhen Təhlükəsizlik Konfransının 54-cü illik toplantısında beynəlxalq siyasətə aid bir sıra reallıqların ümumi vəziyyətə təsiri barədə açıq söhbət olub. Müzakirənin mövzusu Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu tərəfindən gündəmə gətirilib. “Qərb ölkələri qlobal siyasətə təsirlərini itirirlər, ikili standartlara görə onlara etibar edənlərin sayı azalır”-deyə, Çavuşoğlu Qərbin dünya siyasətindəki hazırkı roluna işarə edib.

Türkiyə XİN nazirini bu çıxışa təhrik edən səbəblər çoxdur. Əsrin dörddə birinə bərabər zaman çərçivəsində onun təmsil etdiyi ölkənin Avropa İttifaqına namizədliyi faktı yerisiz və bəhanələrlə dolu müzakirə mövzusu olub. Həm də birliyə daxil olan ölkələr növbə ilə Türkiyəni hansısa müddəanı yerinə yetirməməkdə günahlandıraraq onun tam hüquqlu üzv olmaq cəhdlərinin qarşısına sədd çəkib. Bu səbəbdən Türkiyə rəhbərliyi həqiqəti düzgün qiymətləndirərək Avropa Birliyi başda olmaqla Qərbin ikiüzlülüyünü ifşa edib və yalnız özünə və dostlarına inam göstərərək öz yolu ilə getməyə üstünlük verib. Yəni, Qərbin yalanlarına, boş vədlərinə inamını itirib. Buna görədir ki, M.Çavuşoğlu Münhendə daha sonra deyib: “Qlobal dünya sistemində Qərbin çəkisi və təsiri azalmaqdadır. Yalnız özünə bağlılıq mövcuddur, fikir birliyi yoxdur. Qərbin təsirinin azalmasının ikinci səbəbi özünün irəli sürdüyü prinsipləri - demokratiya, insan haqlarını məhv etməsidir. İslamofobiya və ikili standartlar siyasəti görünməyə başladı və buna görə də Qərb siyasətinə inam da azalır”. Nazirin fikrinə görə, bunun əksinə olaraq Asiya qlobal iqtisadiyyatın yarısını idarə etdiyi üçün güclənməyə doğru hərəkət edir: “Bu baxımdan Qərbin siyasətini yenidən nəzərdən keçirmək lazımdır”.

Haqlı tələbdir. Qərb riyakarlıqdan uzaqlaşmalıdır. Bugünədək Asiya və digər regionlarda yerləşən dövlətlər Qərbin siyasətinə inanırdılarsa, artıq onlar elə bir inkişaf səviyyəsinə çatıblar ki, uydurma sözlərlə onları aldatmaq mümkün deyil. Başqa sözlə, dünya ölkələri nəyin qara, nəyin ağ olduğunu indi daha dəqiq müəyyənləşdirə bilir. Bu səbəbdən beynəlxalq aləmdə hadisələrə təsir imkanlarına görə yeni düzən yaranır. Bu düzənin ən fəal oyunçularından biri də Türkiyədir.

Ümumilikdə, politoloqlar Qərbin Aİ kimi böyük və potensiallı təşkilatının gələcəyi ilə bağlı mütəmadi təhlillər aparırlar. Onların verdikləri proqnozlar həmişə maraq doğurur. Hazırda dünya siyasi mühitində paradoksal vəziyyət yaranıb. Bir tərəfdən təhlükəsizlik problemi daha da aktuallaşıb, digər tərəfdən isə bunu reallaşdıra biləcək qüvvələr balansı hələ formalaşmayıb. Aİ-də müşahidə edilən proseslərə bu müstəvidə nəzər saldıqda, bir sıra düşündürücü məqamlara rast gəlinir. Nə üçün avropalılar belə riyakarlıq edirlər. Məsələ burasındadır ki, inkişaf etmiş bu toplumda yüksək həyat şəraitinin bərqərar olması təkcə yerli iqtisadi tərəqqi və texnoloji təkmilləşmə ilə baş verməyib. Müstəmləkə siyasəti və digər xalqların istismarı hesabına əldə edilmiş gəlirlərin də bu inkişafda payı kifayət qədərdir. Siyasi avantüralar, müstəmləkə müharibələri, güclülərin birləşib zəifləri əzmələri hesabına qazanılmış var-dövlət ilə yaradılmış dünya maliyyə idarəetməsi nə qədər etibarlı birincilik vəd etsə də, yenə axıradək gediləcək yol deyil. Çünki, dünya inkişaf edir, dünənki müstəmləjələr bu gün müstəqil dövlət kimi öz hüquqları uğrunda çarpışır. Nəticə etibarı ilə isə əzilənlər güclənərək birləşib sözlərini deyir və yaxşı yaşamaq istəyirlər. Buna görə də Qərbin köhnə metodları artıq işə yaramır və hər kəslə bərabərhüquqlu davranmaq zərurəti yaranır. Bu mənada Qərbin zəifliyi daha qabarıq görünür. Əslində buna zəiflik demək olmaz, sadəcə, digər dövlətlərin güclənməsi ümumi daxılda Qərbin çəkisinin azalmasına səbəb olur.

Aİ simasında Qərbin ünvanına Azərbaycandan da ciddi fikirlər səsləndirilib. Qarabağ münaqişəsinin həllində Qərbin sərgiləıdiyi ikili standartlar ölkəmizdə və regionda sabitliyin qorunmasına yox, əksər hallarda pozulmasına yönəldilmiş cəhdlərdir. Halbuki dildə həmişə onlar sülhdən dəm vurublar. Bu səbəbdən Prezident İlham Əliyev düşüncəmizin müstəqilliyi uğrunda sözün həqiqi mənasında güclü Avropa qurumlarına qarşı həmişə mübariz mövqe tutub. Qarşılıqlı münasibətlərin qurulmasında bu mövqenin təsiri özünü göstərib və bizim hökumətlə bərabərhüquqluluq əsasında davranış tələb olunub.

Bu deyilənlərdən belə bir nəticə çıxır ki, Qərb ölkələrinin siyasəti günün tələblərinə cavab vermir və onun dəyişilərək müasirləşdirilməsinə ehtiyac var. Təəssüf ki, siyasət özbaşına çətin dəyişiılir, sadəcə siyasətçiləri buna məcbur etmək lazımdır ki, bu da siyasi təbəddülatlar hesabına başa gələ bilər.

N.NOVRUZ

Sizin Reklam Yeriniz