Əlaqə Arxiv
news Image
2020.02.18
16:38
| A A A
Dövlət başçısı: “Növbəti illərdə avtobus parkının təzələnməsi istiqamətində əlavə tədbirlər görüləcək”

“Əlbəttə, şəhər nəqliyyatının təkmilləşdirilməsi hər bir böyük şəhər üçün önəmli məsələdir. Şadam ki, son illər ərzində Bakı şəhərində görülmüş işlər kompleks xarakterlidir və bu işlər nəqliyyatla bağlı bütün sahələri əhatə edir. Çox yaxşı haldır ki, hazırda bütün nəqliyyat növləri arasında koordinasiya işləri də aparılır. Hesab edirəm ki, taksi, metro və avtobus xidmətləri növbəti mərhələdə bir-biri ilə daha da sıx əlaqədə olmalıdır. Əsas məsələ tıxacların azaldılmasıdır”.

Mövqe.az-ın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimlini qəbul edən zaman deyib.=

“Əlbəttə ki, bunun üçün təkcə yeni yolların çəkilişi, yeni qovşaqların tikintisi ilə işimizi məhdudlaşdıra bilmərik. Amma o da həqiqətdir ki, əgər son 10-12 il ərzində Bakıda böyük yol infrastrukturu layihələri icra edilməsəydi, bu gün şəhər nəqliyyatı tıxacdan tərpənə bilməzdi. Bu, həqiqətdir. Sadəcə, 10 il bundan əvvəl mövcud olan mənzərəyə qayıtmaq lazımdır ki, bunu hər kəs görsün və bilsin. Bizim əsas nəqliyyat damarlarımız demək olar ki, tamamilə iflic vəziyyətdə idi. Şəhəri hava limanı ilə birləşdirən əsas yol, baxmayaraq ki, dördzolaqlı sayılırdı, əslində, ikizolaqlı idi və bu yol boyunca bir neçə dairə mövcud idi. Ancaq bu gün bir dənə də dairə yoxdur, yəni hava limanından şəhərə çox rahat gəlmək üçün bütün imkanlar var. Təkcə bu deyil, hava limanına digər avtomobil yolunun çəkilişi də böyük əhəmiyyət daşıyır. Zığ istiqamətindən hava limanına, ümumiyyətlə, yol yox idi. O vaxt biz təşəbbüs göstərərək onu icra etdik və bu, bir çox məsələləri həll etdi. Eyni zamanda, deyə bilərəm ki, son illərdə Bakı şəhərində görülmüş işlərin, tikilmiş körpülərin, yol qovşaqlarının bəlkə də misli-bərabəri yoxdur”, - dövlət başçısı əlavə edib.

Prezident bildirib ki, bununla yanaşı, nəqliyyat vasitələrinin sayı artır:

“Bu da əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılmasından xəbər verir. Statistika var, hər il ölkəmizə gətirilən və artıq hazırda ölkəmizdə istehsal olunan nəqliyyat vasitələrinin sayı artmaqdadır. Əhalimiz artır, Bakı şəhərinin əhalisi artır. Ona görə, şəhər nəqliyyatımız bu artıma uyğun şəkildə inkişaf etməlidir və bu artımla uzlaşmalıdır. Odur ki, bundan sonra metro tikintisi, yeni qovşaqların inşası, Bakı dairəvi dəmir yolunun çəkilişinin başa çatdırılması, avtobus nəqliyyatının səmərəli fəaliyyəti - bütün bu nəqliyyat seqmentləri vahid bir mexanizm kimi işləməlidir. Əsas məsələ insanların yola sərf edəcəyi vaxtın azaldılmasıdır.

Bununla bərabər, bəlkə də bundan daha vacib məsələ təhlükəsizlikdir, sürücülərin hazırlanmasıdır, onların tibbi müayinəsi və iş qrafikidir. Mən bu yaxınlarda bildirdim ki, heç kim gündə 8 saatdan artıq işləməməlidir. Əgər kimsə işçiləri qanunsuz işlədirsə, istismar edirsə, cəzasını alacaq. Əlbəttə, əminəm ki, Bakı Nəqliyyat Agentliyində çalışan sürücülər bu meyarlara riayət edirlər. İnsanların rahatlığı da vacib məsələdir. İnsanlar müasir avtobuslarda özlərini çox rahat hiss edirlər. Prinsip etibarilə elə bir avtobus xidməti olmalıdır ki, hətta şəxsi nəqliyyat vasitəsi olan insanlar da şəhər nəqliyyatı ilə hərəkət etməyə üstünlük versinlər. Hesab edirəm ki, biz bu hədəfə yaxınlaşırıq. Əlbəttə, növbəti illərdə avtobus parkının təzələnməsi istiqamətində əlavə tədbirlər görüləcək və eyni zamanda, şadam ki, hazırda ölkəmizə gətirilən yeni avtobuslar ekoloji cəhətdən çox təmizdir. Çünki sirr deyil ki, havanı ən çox çirkləndirən nəqliyyat vasitələridir. Sənaye müəssisələri, ticarət obyektləri deyil, - bunun statistikası var, - nəqliyyat vasitələridir. Ona görə həm iki ildən sonra Azərbaycanda istehsal olunacaq “Avro-5” markalı benzinin bazara daxil olması bu sahədə çox böyük irəliləyişə səbəb olacaq, eyni zamanda, sıxılmış qazla və elektrik enerjisi ilə işləyən avtobusların ölkəmizə gətirilməsi, bunun üçün müvafiq infrastrukturun yaradılması zəruridir. Ona görə bu istiqamətdə əlavə addımlar atılmalıdır”.

Sizin Reklam Yeriniz