Əlaqə Arxiv
news Image
2020.02.21
09:09
| A A A
Ümumavropa Qarabağ mitinqi ermənilər üçün növbəti zərbə olacaq
Ekspert: “22 fevral tədbiri Azərbaycan diasporasının Avropada ayrı-ayrı institutlarla işləməsi, münasibətlərin ölkəmizin maraqlarına cavab verəcək müstəvi üzərinə gətirilməsi baxımından yeni imkanlar yaradır”

Dünyanın 30-a yaxın ölkəsində fəaliyyət göstərən diaspor təşkilatlarının təşəbbüsü və Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə fevralın 22-də saat 13:00-da Almaniyanın Berlin şəhərində Brandenburq qapıları yaxınlığındakı Paris meydanında Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Ümumavropa Qarabağ mitinqi keçiriləcək.

Azərbaycan Diaspor Komitəsindən  bildirilib ki, aksiyaya Azərbaycan, Almaniya, Niderland, Macarıstan, Polşa, İspaniya, İtaliya, Belçika, İsveç, Latviya, Litva, Estoniya, Çex Respublikası, Avstriya, İsveçrə, Norveç, Finlandiya, Fransa, Rumıniya, Xorvatiya, Böyük Britaniya, Yunanıstan, Moldova, Ukrayna, Gürcüstan, Türkiyə, ABŞ, Kanada və bir sıra başqa ölkələrdə yaşayan soydaşlarımız, eləcə də Azərbaycana dost münasibəti bəsləyən xalqların diaspor üzvlərinin qatılacağı gözlənilir.

Mitinq iştirakçıları “Qarabağ Azərbaycandır!”, “Biz terrora yox deyirik!”, “Azərbaycan ədalət tələb edir!”, “Xocalıya biganə qalma!”, “Dinc və günahsızların qatillərinə ar olsun!”, “Erməni yalanlarına dur de!”, “İşğalı dayandırın!”, “Qarabağ haqqımızdır!” kimi şüarlarla beynəlxalq təşkilatlara çağırış edəcəklər.

Aksiya iştirakçıları 28 il əvvəl ermənilərin Xocalıda törətdikləri soyqırımına beynəlxalq səviyyədə hüquqi-siyasi qiymət verilməsini, işğal olunmuş Azərbaycan torpaqlarının geri qaytarılması üçün Ermənistana təzyiq göstərilməsini, yurd-yuvalarından didərgin düşmüş azərbaycanlıların pozulmuş hüquqlarının bərpasını, münaqişə ilə bağlı məlum beynəlxalq sənədlərə Ermənistanın riayət etməsini tələb edəcəklər. Mitinq gedişində yerli sakinlərə, turistlərə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrini, Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycanın məruz qaldığı maddi və mənəvi itkiləri əks etdirən broşürlər paylanacaq.

Aksiyada mindən çox soydaşımızın iştirak edəcəyi gözlənilir.

İstər-istəməz bu kimi aksiyalar, habelə Münhendə əldə edilən tarixi qələbə dünyanın diqqətini mövcud problemə yönəldir. Bu mənada həmin hadisələr dünyanın diqqətinin problemə yönəldilməsi baxımından prosesə nə vəd edir? Bu kimi aksiyalar münaqişənin sonrakı gedişi üçün nə deməkdir?

Politoloq Elşən Mirzəoğlu ilk əvvəl qeyd etdi ki, Münhendə Avropa Təhlükəsizlik məsələlərinə həsr olunan toplantı fonunda keçirilən məlum debatdan sonra Qarabağ probleminin həlli istiqamətində danışıqlarda mahiyyət etibarı ilə yeni mənzərənin yarana biləcəyi istisna deyil: “Çünki Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında baş tutan debatlar perspektivdə Dağlıq Qarabağ probleminin İrəvan rejimi tərəfindən necə həll edilə biləcəyinə dair məsələlərə aydınlıq gətirdi.

Maraqlı məqam məhz erməni tərəfinin ilk dəfədir ki, Dağlıq Qarabağın statusu ilə bağlı məsələlərə fərqli mövqe sərgiləməsi idi. Yəni Paşinyan ilk dəfə idi ki, Münhendə Dağlıq Qarabağı hər halda «respublika» adlandırmadı, xalqların öz müqəddəratını təyin etmək hüququndan danışmadı. Ümumiyyətlə, həmin debatlarda diplomatik kontekstdə bütün parametrlər üzrə Azərbaycan Prezidentinin üstünlüyü, dövlət başçısı olaraq onun baş vermiş hadisələrin mahiyyətinə varması, hadisənin əsl mahiyyətini dünya ictimaiyyətinə çatdırmaq baxımından ciddi əhəmiyyət kəsb etdi. Nəticədə yaranmış vəziyyət problemin perspektivdə məhz Azərbaycanın xeyrinə həll olunması üçün geniş perspektiv imkanlar açdı”.

Bu mənada, həmsöhbətimizə görə, Berlində baş tutacaq Ümumavropa Qarabağ mitinqi daha çox dünya ictimaiyyətinin diqqətini Qarabağ probleminin əsl mahiyyətinə cəlb etmək baxımından mühüm əhəmiyyət kəsb edəcək: “Fevralın 22-də keçirilməsi nəzərdə tutulan Ümumavropa Qarabağ mitinqi üçün Azərbaycan Prezidentinin Münhendəki debatda çıxışı zamanı qoyduğu mövqe bir növ tramplin rolunu oynayacaq. Bunun üçün əlverişli platforma yaratmış oldu.  

Xaricdə yaşayan azərbaycanlıların bu problem ətrafında toparlanması, ortalığa daha konkret mövqenin qoyulması, Qarabağ həqiqətlərinin daha geniş müstəvidə Avropa ictimaiyyətinin diqqətinə çatdırılması baxımından heç şübhəsiz 22 fevral tədbirinin ciddi əhəmiyyəti olacaq. Tədbir diasporanın Avropada ayrı-ayrı institutlarla işləməsi, münasibətlərin ölkəmizin maraqlarına cavab verəcək müstəvi üzərinə gətirilməsi baxımından da yeni imkanlar yaradır”.

E. Mirzəoğlu bildirdi ki, Azərbaycan diasporasının lobbiçilik institutlarının indiki reallıqlar şəraitində yaratdığı  imkanlardan məharətlə istifadə etməsilə prosesdə yeni mənzərənin yarandığının şahidi olacağıq: “Bütövlükdə bu kimi tədbirlərin keçirilməsi heç şübhəsiz Qarabağ probleminin həlli ətrafında ardıcıl və mütəmadi danışıqların keçirilməsi zərurətini yaradır. Münhendəki Təhlükəsizlik Konfransı da göstərdi ki, yaxın perspektivdə problemin hərbi həll variantı yoxdur. Problemin həlli üçün barış potensialı imkanlarından tam mənada istifadə edilməyibsə,  barış imkanlarından bundan sonra da ardıcıl və düşünülmüş şəkildə istifadə etmək lazımdır.  Bu mənada düşünürəm ki, qarşıdakı aksiya da barış potensialının növbəti perspektivlərinin həyata keçirilməsində yetərincə əhəmiyyətli rol oynayacaq.  

Erməni tərəfi daha konstruktiv mövqe sərgiləsə, bu halda təbii ki, problemin həlli üçün beynəlxalq ictimaiyyətin dəstəyi  və müdaxiləsilə yaşıl işıq yandırıla bilər. Azərbaycan tərəfindən bu işığın daha gur yanması üçün bütün imkanlardan istifadə olunmalıdır”.

R. SOLTANOV

 

Sizin Reklam Yeriniz