"BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair 4 məlum qətnaməsi Ermənistan hərbi qüvvələrinin işğalına və beynəlxalq hüququn pozulmasına dəlalət edir.
Avropa Şurasının Parlament Assambleyası, eləcə də Avropa Parlamenti də bu məsələdə aydın yanaşma sərgiləyib".
Avropa Azərbaycan Cəmiyyətindən (AAC) APA-ya verilən məlumata görə, bu fikirləri Avropa Parlamentinin Vətəndaş Azadlığı, Ədalət və Daxili İşlər Komitəsinin üzvü, Sənaye, Araşdırma və Energetika Komitəsi sədrinin müavini, Rumıniyadan olan deputat Ioan Enciu AAC-ın Dağlıq Qarabağ münaqişəsinə dair sorğusuna cavabında deyib.
Cənab Enciu bildirib ki, Azərbaycanın ərazi bütövlüyü mümkün qədər tez bir zamanda bərpa olunmalıdır: "Bu baxımdan, Ermənistanın hərbi qüvvələri Dağlıq Qarabağı və işğal edilmiş əraziləri tərk etməlidir. Beynəlxalq aləmdə Dağlıq Qarabağın müstəqilliyi tanınmayıb. Nəticə etibarilə, Avropa İttifaqı bu bölgədə keçirilən heç bir "parlament seçkisi"ni tanımayıb. Münaqişəsinin sülh yolu ilə həlli, qaçqın və məcburi köçkünlərin geri qayıtması yalnız Azərbaycan torpaqlarının işğalına son qoyulması ilə mümkün ola bilər. AB ilə Azərbaycan arasındakı əlaqələr Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı təşəbbüsü nəticəsində əhəmiyyətli dərəcədə formalaşıb. Genişlənmə və Qonşuluq Siyasəti üzrə AB komissarı Ştefan Füle 3 may 2013-cü ildə Bakıda bəyan edib ki, bu tərəfdaşlıq daha da inkişaf etdirilməlidir. Bu, yalnız Avropa enerji təhlükəsizliyi və "Cənub dəhlizi" nin genişləndirilməsi məsələsini əhatə etmir. Bura iqtisadi, mədəni və təhlükəsizlik məsələləri də daxildir."
Deputat qeyd edib ki, Cənubi Qafqazda sabitliyin təmin olunması üçün Azərbaycanın haqları beynəlxalq hüquq çərçivəsində bərpa olunmalıdır: "Ermənistanın hərbi qüvvələrinin çıxarılması ilə yanaşı, sülh və sabitliyin ilk şərti kimi, münaqişəyə cəlb olunmuş hər iki tərəfin istəyi, hər şeydən öncə, danışıqlar olmalıdır. BMT və ATƏT-in Minsk Qrupu münaqişəyə müxtəlif səviyyələrdə cəlb olunub. AB, sözsüz ki, Şərq Tərəfdaşlığı kontekstində məsələnin siyasi yolla həllinə cəhd etməlidir. Dağlıq Qarabağ münaqişəsi iyirmi ildir ki, öz həllini tapmayıb. Odur ki, qüvvələri səfərbər edərək, səylərin danışıqların davam etdirilməsinə yönəlməsi vacibdir"