Əlaqə Arxiv
news Image
2020.03.16
17:11
| A A A
Prezident İlham Əliyev: Bütün tapşırıqlara rəğmən, bəzi yaramaz icra başçıları həm özlərini, həm bizim iqtidarımızı biabır ediblər

Bir məsələ də çox ciddi xarakter daşıyır. Neftin qiymətinin kəskin düşməsi nəticəsində təbii ki, biz dövlət investisiyalarını kəskin ixtisar etdik. Bunun nəticəsində işsizliyin səviyyəsi artmışdır. Bu da təbiidir. Çünki işsizliyi aşağı səviyyədə saxlamaq üçün dövlət bütün mexanizmlərdən istifadə edir. Əgər biz görsək ki, özəl sektorda haradasa işlər ixtisar olunur, əlbəttə, mənim göstərişimlə dövlət dərhal öz sözünü deməlidir.

Mövqe.az-ın məlumatına görə, bu sözləri Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi qəbul edərkən deyib:

"2015-2016-cı illərdən başlayaraq mənim tapşırığımla ödənişli ictimai işlər yaradılmışdır. Bu işlərin yaradılmasının əsas səbəbi işsiz qalan vətəndaşları işlə təmin etməkdir. Mənim göstərişimlə bu proqramla əhatə olunan vətəndaşların sayı ildən-ilə artaraq, son məlumata görə, 38 min ödənişli iş yeri yaradılmalı idi. Bu məqsədlər üçün dövlət büdcəsində 10 milyonlarla manat vəsait nəzərdə tutulur. Göstəriş vermişdim ki, bu məsələyə çox ciddi nəzarət olunsun. Xüsusilə bölgələrdən gələn siqnallar bu nəzarətin tətbiqinə, əlbəttə ki, imkan yaratmışdı. Çünki bəzi hallarda insanların əməkhaqları verilmirdi, ödəniş kartları icra başçıları tərəfindən qanunsuz olaraq götürülürdü, mənimsənilirdi və s. Belə siqnallar ciddi şəkildə araşdırılmışdır. Bu və buna oxşar cinayətləri törədənlərə qarşı çox ciddi cəza tədbirləri tətbiq edildi. Mən bütün yerli icra orqanlarının nümayəndələrinə xəbərdarlıq etmişdim. İndi isə onların bir neçəsi məsuliyyətə cəlb edildi. Keçirilmiş xüsusi əməliyyatlar nəticəsində onların cinayətləri tam sübuta yetirildi. Əlbəttə ki, indi istintaq gedir, məhkəmə prosesi olacaqdır, ancaq videogörüntülər hər şeyi açıq-aydın göstərir. Bu biabırçı kadrlar, biabırçı davranış bizim üçün böyük ləkədir. Mən bu adamlara etibar etmişəm. Mən bu adamları vəzifəyə təyin etmişəm və vəzifəyə təyin edilərkən bir çox tapşırıqlar, tövsiyələr vermişəm. Onların arasında ən vacibi o idi ki, get təmiz işlə, rüşvət alma, vətəndaşlara kobudluq göstərmə, təkəbbürlü olma, vətəndaşlara dayaq ol, arxa ol, kəndləri gəz, bütün vətəndaşlarla ünsiyyətdə ol. Amma nəyi görürük? Onu görürük ki, bütün bu tapşırıqlara rəğmən, bəzi yaramaz icra başçıları həm özlərini, həm bizim iqtidarımızı biabır ediblər. Onların alçaq hərəkətləri ümumi qınaq obyektinə çevrilib. Onların dövlət mülkiyyətini talaması, sahibkarları incitməsi, sahibkarlardan pul alması, hər bir təyinata görə pul alması, məktəb direktorlarından, xəstəxanalardan aylıq haqq alması allahsızlıqdır və onlar bu cinayətlərə görə cavab verəcəklər. Biz işsiz qalan vətəndaşlar üçün şərait yaradırıq ki, onlar evinə çörək pulu aparsın. O da böyük məbləğ deyil, minimum əməkhaqqı səviyyəsindədir. İndi minimum əməkhaqqı artıb, ona görə bu vətəndaşlar daha böyük məbləğ alırlar. Amma bəzi hallarda bu pullar mənimsənilir. Yaxud da Neftçala rayonundakı cinayətkarlıq hadisəsi barədə mənə məlumat verildi ki, ödənişli işlə təmin edilən 73 nəfəri öz təsərrüfatlarında qul kimi, nökər kimi işlədirdi. Bu, nədir? Ağadır, bəydir, xandır? İndi bütün ölkə ona nifrət edir, onun və onun kimilərin biabırçı hərəkətlərinə görə. Hamı bilsin ki, məsələ bununla bitməyəcək. Birinci hadisə oldu eşitmədilər, ikinci hadisə oldu eşitmədilər. Neçəsi həbs olunmalıdır ki, bunlar öz çirkin əməllərindən əl çəksinlər. Bu proses davam etdiriləcək və hamı üçün də dərs olmalıdır. Ona görə bu biabırçı hallarla bağlı daha ciddi addımlar atılacaq.

Mən sizə göstəriş vermişdim ki, sizin nazirlik çox ciddi monitorinq, uçot aparsın. Onu da bilirəm ki, siz bu uçotu tətbiq etməyə başlayanda yerli icra orqanları tərəfindən böyük müqavimətlə rastlaşdınız. Sizə qarşı təxribatlar törədildi, eyni zamanda, mətbuatda çirkin kampaniyalar aparıldı. Biz bu kampaniyanın sifarişçilərini də yaxşı tanıyırıq. Onların bizim aramızda yeri yoxdur. Ona görə nazirlik tərəfindən bütün bu işlər tam nəzarətə götürülməlidir".

Sizin Reklam Yeriniz