İyulun 4-də Fransanın Kann şəhərində "Azərbaycan Kannda" mədəniyyət günlərinə start verilib.
Heydər Əliyev Fondunun və ölkəmizin Fransadakı səfirliyinin təşkilatçılığı ilə baş tutan mədəniyyət günlərinin rəsmi açılışında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Bütün dünyada məşhur beynəlxalq kino festivalı ilə tanınan Kann şəhəri Fransanın şərqində yerləşir. Ölkənin ən böyük kurort və mədəniyyət mərkəzlərindən olan Kannda hər il kinofestivalla yanaşı, Avropanın ən böyük sərgi və konfransları da təşkil olunur. Təkrarolunmaz mənzərəsi və koloriti, o cümlədən şərq-qərb ənənələrini özündə birləşdirməsi bu şəhəri turistlər üçün ilin bütün fəsillərində maraqlı edir. Artıq Fransanın ictimai və mədəni dairələrində kifayət qədər nüfuz qazanan Azərbaycan mədəniyyətinin bu dəfə Kannda tanıdılması ilə bağlı işlər ilk növbədə şəhərin müxtəlif yerlərində ölkəmizin təbliğinə həsr olunan posterlərin və banerlərin vurulması ilə başlayıb. Bununla da Kann ictimaiyyətinin və turistlərin diqqəti şəhərdə onları gözləyən füsunkar mədəniyyət hadisəsinə yönəlib.
İlk tədbir - 4-cü beynəlxalq "Qız Qalası" sərgisinin açılışı ilə Kanın döyünən ürəyi, Lacivərd sahilin ən qaynar məkanı La Kruazetdə baş tutub. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Kann şəhərinin meri deputat Bernar Broşan, o cümlədən BMT baş katibinin müavini, UNITAD-ın rəhbəri Filip Dust-Blazi sərginin açılışında iştirak ediblər.
Mərasimdə çıxış edən Kann şəhərinin meri Bernar Broşan Azərbaycan mədəniyyətinin bu şəhərdə nümayiş etdirilməsindən məmnun olduğunu bildirmiş və tədbirlərdə iştirak etmək üçün Kanna gələn Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı salamlayıb. O, növbəti günlərdə də tədbirlərin uğurla keçəcəyinə əminliyini ifadə edib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva qonaqları salamlayaraq Kann şəhərində başlayan Azərbaycan mədəniyyət günlərində ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti və adət-ənənələrimizin təqdim olunacağını bildirib. Leyla Əliyeva mədəniyyət günlərinə Qız Qalası sərgisi ilə start verildiyini diqqətə çatdırıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva deyib: "Bu, Bakıda, İçərişəhərdə beş il əvvəl başlanmış "Qız Qalası" beynəlxalq sərgisidir. Şəhərimizin rəmzi olan "Qız Qalası" maketinin üzərində rəsmlərini çəkmək üçün dünyanın 50 ölkəsindən rəssamlar bu sərgidə iştirak etmişdirlər. Bu tarixi abidədir və eramızın 9-cu əsrinə təsadüf edir. Eyni zamanda siz burada ceyran heykəlini görürsünüz. Bu, IDEA - Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyasının fəaliyyət istiqamətlərindən biridir. Onun məqsədi ceyran kimi nəsli kəsilmək təhlükəsində olan növlərə diqqəti yönəltməkdir".
Heydər Əliyev Fondunun ölkəmizin bəşəri dəyərə malik abidəsi və UNESCO-nun dünya mədəni irs siyahısına daxil etdiyi Qız Qalasının qlobal miqyasda təbliğinə həsr edilən bu layihəsi ilk dəfə 2010-cu ildə Bakıda baş tutmuşdur və ardıcıl olaraq 3 il tamaşaçıların görüşünə gəlmişdir. İlk dəfə Azərbaycandan kənarda keçirilən 4-cü beynəlxalq festivalda indiyə qədər dünyanın müxtəlif ölkələrindən 40-dan çox rəssam iştirak etmişdir. "Qız Qalası" sərgi-festivalının əsas meyarı tarixi abidənin maketi üzərində müxtəlif ideyaların canlandırılmasıdır. Yerli və xarici rəssamlar öz milli üslublarında qalanın maketini bəzəyərək fərqli mədəniyyət və adət-ənənələrin sintezini və qarşılıqlı mübadiləsini əks etdirirlər. Ona görə də sərginin konseptual xəyal sərhədləri olduqca geniş və əhatəlidir.
Onu da qeyd edək ki, Heydər Əliyev Fondunun bu layihəsi beynəlxalq tarixi irsə və mədəniyyətlərarası dialoqun zənginləşdirilməsinə verilən töhfədir. Bu, həm də Qız Qalasının funksional təyinatını, onun unikal memarlıq görünüşünü bütün dünyada tanıtmağa yönələn mühüm addımdır. Sərginin diqqətə çatdıran məqamlarından biri də Qız Qalasının Kannda tanıdılmasına yeni tematik komponentin əlavə olunması idi. Ətraf mühitin qorunmasına xüsusi diqqət yetirən Heydər Əliyev Fondu Qafqazda nəsli kəsilmək təhlükəsi ilə üzləşən ceyranların maketlərinin bəzədilməsi ilə bağlı həyata keçirdiyi layihəni Kannda da nümayiş etdirib. Ümumilikdə isə sərgidə 26 rəssamın Qız Qalası, 17 rəssamın isə ceyran kompozisiyaları tamaşaçılara təqdim olunub.
Günün ikinci yarısında Kannda hər il beynəlxalq kino festivalının keçirildiyi Festivallar sarayında "Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri" sərgisinin açılışı olub.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın və Kann şəhərinin meri Bernar Broşanın iştirak etdiyi sərgidə ölkəmizin qədim və zəngin tarixinə, mədəniyyətinə dair eksponatlar nümayiş etdirilib. Festivallar sarayının nəhəng sərgi salonunda təşkil edilən ekspozisiyada Azərbaycan xalçaçılıq məktəbinin bütün istiqamətləri, yaşı yüz illərlə ölçülən xalça və xalça məmulatlarının geniş çeşidi təqdim olunub. Məhz bu amil qədim və orta əsr mənbələrinin Azərbaycan xalçaları haqqında verdiyi məlumatların bu gün də dünya mədəni irsi üçün son dərəcə dəyərli və özünəməxsus olduğunu təsdiqləyib. Milli geyimlərimiz də məişətimizin zənginliyi barədə dolğun fikir yarada bilib. Qədim misgərlik nümunələrimiz Azərbaycan insanının yaşam tərzi, adət-ənənələri barədə qonaqlarda müfəssəl təəssürat formalaşdırıb. Sərginin qiymətli eksponatlarından olan milli musiqi alətlərimiz də auditoriya tərəfindən son dərəcə maraqla qarşılanıb. Bundan əlavə, sərginin "Hisslər" adlanan bölməsində tanınmış fırça ustalarımız müasir Azərbaycan incəsənətinin nümunələrini təqdim ediblər. Bədii üslubu, fərqli, həm də avanqard ideyaların hakim kəsildiyi bu sənət əsərləri müasir Azərbaycan incəsənətinin özəlliyindən xəbər verir. Orijinal zövqün, maraqlı ideyaların, incə ruhun vəhdət təşkil etdiyi əsərlər qeyri-ənənəvi ifadə texnologiyaları ilə tamaşaçılarda böyük maraq doğurmuşdur. Sərgidə Heydər Əliyev Fondunun ölkəmizin və onun mədəniyyətinin təbliğinə xidmət edən kitab, buklet və digər müxtəlif nəşrləri də təqdim olunub.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva sərginin açılış mərasimində çıxış edib.
Kann şəhərinin meri Bernar Broşan bu sərginin Azərbaycanın dünyəvi dövlət və zəngin mədəniyyətə malik olduğunu bir daha təsdiqlədiyini bildirib. Qeyd edib ki, sərginin Kann şəhərində açılması Qafqazın mirvarisi olan Azərbaycana böyük maraq yaradıb və Fransanın mədəni dairələrində yaxşı tanınan ölkəmizin zəngin mədəniyyətinin olduğunu nümayiş etdirib.
Bu sərgi bir daha təsdiqləyib ki, bütün bunlar mahiyyətində xeyirxahlıq və humanizm olan mədəniyyətimizin özəlliyindən qaynaqlanır. Bir reallıq da aydın olub ki, ölkəmizin beynəlxalq imicinin formalaşdırılması istiqamətində son illərdə həyata keçirilən fəaliyyət proqramı artıq öz uğurlarını qazanıb və bu sərgi də daxil olmaqla bunu təsdiqləyən mühüm amillər kifayət qədərdir.
Axşam Kannda Azərbaycan mədəniyyət günlərinin rəsmi açılışı münasibətilə ziyafət verilib.
Daha sonra hər il Kann şəhərində keçirilən beynəlxalq pirotexnika festivalının rəsmi açılışı olub. Mühüm məqam ondan ibarətdir ki, budəfəki festivalın rəsmi açılışını Azərbaycan edib. Bu münasibətlə təşkil olunmuş möhtəşəm atəşfəşanlıq Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlayıb. Azərbaycan bəstəkarlarının əsərlərinin səslənməsi Kann səmasını bəzəyən əsrarəngiz şouya xüsusi ovqat qatıb. Nəzərə alaq ki, hər il Kann şəhərinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir. Bu il də istisna deyil. Tədbirin əsas özəlliyi ondan ibarətdir ki, hamı Azərbaycan haqqında eşitmiş və möhtəşəm musiqimizi dinləmişdir. Atəşfəşanlıq dahi Müslim Maqomayevin "Azərbaycan" mahnısı ilə başa çatıb.
Bir sözlə, Heydər Əliyev Fondu Azərbaycanın Kanndakı təqdimatına iyulun 20-dək davam edəcək iki möhtəşəm sərginin açılışı ilə start vermiş və bu sərgilərdə yaşanan qələbəlik, sözün əsl mənasında, sonsuz maraq təsdiqləmişdir ki, Azərbaycanın zəngin mədəniyyəti dünyanın istənilən yerində qəbul olunur və s