Əlaqə Arxiv
news Image
2020.04.08
11:24
| A A A
"Milli Şura"dan cəfəng mövqe
Mais Səfərli: “Bu hərəkətlərindən sonra radikal müxalifət ümumiyyətlə, tarixin zibilinə atılacaq”

Hazırda bütün dünya koronavirusla mübarizə aparmaqdadır. Bu fonda hansı siyasi, iqtisadi və digər istiqamətdə mövqe sərgiləməsindən asılı olmayaraq hər kəs çalışır ki, virusla mübarizəyə özünün əlindən gələn  dəstəyi versin.
Azərbaycan hökuməti də pandemiyaya qarşı mübarizədə mühüm addımlar atıb. Vaxtında karantin rejimi elan edilib. Sonrakı gedişata uyğun olaraq bu rejim vətəndaşların sağlamlığını qorumaq məqsədilə bir qədər də sərtləşdirilib. Bununla bahəm, hökumət virusdan zərər çəkən insanlara, sahibkarlıq subyektlərinə yardım əlini uzadıb. Digər tərəfdən, sahibkarlar vergi güzəştləri əldə ediblər. Yəni Azərbaycan hökuməti virusun qarşısını almaq və ondan zərər çəkmiş insanların marağını təmin etmək üçün böyük işlər görüb və görməkdə davam edir. Bu fonda ölkədəki bəzi siyasi qüvvələr də mübarizə prosesinə dəstək vermək əvəzinə, aparılan mübarizə tədbirlərinə ən müxtəlif cəfəng iddialarla kölgə salmağa çalışırlar. Vətəndaşların sağlamlığına xidmət edən qoyulan qadağaları pozanları radikal qüvvələr az qala sosial şəbəkələrdə qəhrəman kimi təcəssüm etdirirlər. Atılan addımlara da kölgə salaraq, bu addımların guya insan haqlarını pozduğu iddiasını ortaya atırlar. Koronavirusla mübarizəyə  bir qəpik belə ianə etməyən Milli Şura və digər radikal qüvvələr bu istiqamətdə də cəfəng fikirlər səsləndirməklə əhalini çaşdırmağa çalışırlar. Bütün bunlar onu göstərir ki, Azərbaycanda koronavirusa qarşı aparılan mübarizəyə "Milli Şura" dəstək vermək əvəzinə, əksinə  ən müxtəlif cəfəng iddialarla prosesə kölgə salmaq mövqeyini tutub.
Yurddaş Partiyasının sədri Mais Səfərlinin fikrincə, Milli Şuranın ölkədə koronavirus təhlükəsinə qarşı aparılan mübarizəyə kölgə salmaq cəhdləri onların bu ağır durumdan şəxsi və məkrli məqsədlər naminə bəhrələnmələrinə hesablanmış addımlardır: “Bu gün kimliyindən asılı olmayaraq, dünyanın bütün əhalisi koronavirusa qarşı mübarizəyə səfərbər edilib. Bu fonda bütün dünya bu təhlükəli xəstəliklə mübarizə apardığı bir zamanda, yenə də bir sıra qüvvələr həmin faciədən öz şəxsi və məkrli məqsədləri üçün istifadə etməyə çalışır. Azərbaycanda da radikal müxalifət təəssüf ki, analoji mövqeni tutub.  Onlar  mübarizəyə dəstək olmaqla problemin həllinə yönəlik təkliflər vermək əvəzinə, ağızlarına gələni danışır, çalışırlar ki,  cəmiyyətdə panika yaratsınlar. İstər Əli Kərimli, istərsə də Cəmil Həsənli sosial şəbəkələrdə yayımlanan bəzi internet televiziyalarının qəhrəmanına çevriliblər. Bu internet televiziyalar vasitəsilə onlar Azərbaycanda panika, çaşqınlıq  yaratmaq istəyirlər”.
M. Səfərli düşünür ki, radikal müxalifət bu müstəvidə də öz sözlərini demir, xarici sifarişləri yerinə yetirir: “Onlar sadəcə, Qərbdən gələn sifarişləri icra edirlər. Yəni yenə də xaricdəki ağalarının sözü ilə oturub dururlar. Bu da acı təəssüf doğurur. Belə bir çətin vaxtda, təhlükəli virusun insan sağlamlığına zərbə vurduğu, dünya iqtisadiyyatının dağıldığı bir zamanda yaranmış vəziyyətdən öz şəxsi məqsədləri naminə isifadə etmək, ona siyasi don geyindirmək insanlığa sığmayan bir məsələdir. Fikrimcə, onların qiyməti verilməlidir.  İnsanların ağır durumundan öz şəxsi məqsədləri üçün çalışan bu radikallar nəinki xalqın qınağına tuş gəlib, hətta çoxdan cəmiyyət tərəfindən rəcrid olunublar. Cəmiyyətimiz onları çıxdaş edib. Belə dəllalların qiymətini cəmiyyətimiz son seçkilərdə verdi. Bu səbəbdən onlar qorxularından son seçkilərdə iştirak etmədi. Çünki bilirdilər ki, seçicilərimiz onları boykot edəcək. Belə də oldu”.
Partiya sədri bildirdi ki, bu addımları ilə radikal müxalifət insanlığa sığmayan hərəkətlərə yol verdi: “Radikal müxalifətin pandemiyaya qarşı mübarizə aparılan bir vaxtda cəfəng iddiaları gündəmə gətirmələri insanlığa sığmayan bir məsələdir. Onlar hər şeyi siyasətə çevirərək, hər şeydən siyasi divident qazanmağa çalışır.  Burada onların görünür başqa maraqları da var, bu da ölkədə xaos yaratmağa yönəlik maraqdır”. Həmsöhbətimizə görə, belədə, Milli Şura düşmən dəyirmanına su tökməklə məşğuldur:  “Onların bu hərəkəti düşmənimizin dəyirmanına su tökmək deməkdir. Erməni mətbuatına fikir versək, görərik ki, onlar dünya bazarında neftin qiymətinin düşməsindən sevinir.  Radikal müxalifət də həmin sözləri təkrarlayır, cəmiyyətdə ruh düşkünlüyü, kütləvi psixoz yaratmağa çalışırlar.  Düşünürəm ki, Azərbaycan vətəndaşları  onlara bədəlini ödədəcək.  Bu hərəkətlərindən sonra radikal müxalifət ümumiyyətlə, tarixin zibilliyinə atılacaq”.
R. SOLTANOV 

 

 

Sizin Reklam Yeriniz