Əlaqə Arxiv
news Image
2020.04.23
10:53
| A A A
Qarabağ münaqişəsinin sülh yolu ilə həll imkanları tükənir
Natiq Miri: “Artıq hərbi əməliyyatlara başlamaq zamanıdır”

Ermənistan üçün Qarabağ məsələsinin Azərbaycana ərazi güzəştləri ilə həlli yolverilməzdir. Bunu Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun açıqlamasına cavab olaraq deyib. Lavrov isə BMT Təhlükəsizlik Şurasının Qarabağ nizamlanması ilə bağlı qətnaməsinin həyata keçirilməsində ən vacib addımın, tərəflərin 2019-cu ilin aprelində Moskvada qəbul etdiyi sənədin imzalanması olduğunu söyləyib.
Bu, 2019-cu ilin aprelində Moskvada Rusiya, Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə keçirilən iclasında qəbul edilmiş sənəddir. “Bu sənədlər mərhələli yanaşma əsasında nizamlanmaya doğru irəliləməyi nəzərdə tutur, ilk mərhələdə ən aktual problemlərin həllini, Dağlıq Qarabağ ətrafındakı bir sıra rayonların azad edilməsini, nəqliyyat, iqtisadi və digər əlaqələrin blokadasının aradan qaldırılmasını nəzərdə tutur”.
Amma görünən odur ki, Ermənistan yenə  mərhələli həlldən imtina edir. Onlar hər vəchlə çalışır ki, mövcud status-kvo saxlanılsın. Bu səbəbdəndir ki, danışıqlar prosesinə də vaxt udmaq üçün yanaşırlar. Elə bunun nəticsidir ki,  uzun illərdir danışıqlar aparılsa, müəyyən sənədlər imzalansa da, hələ də Ermənistanın tutduğu təcavüzkar mövqe üzündən münaqişə ölü nöqtədən tərpənməyib. Belə vəziyyət  problemin həllinə nail olmaq üçün savaşdan başqa yolun qalmadığını deməyə əsas verirmi?
Politoloq Natiq Miri bildirdi ki, işğala son qoymaq üçün savaşdan başqa yolun qalmadığı bu acı reallıq çoxdan özünü ortaya quyub: “Gözləntilər var idi ki, inqilabçı Paşinyan hökuməti Qarabağ məsələsində “Qarabağ klanı” ilə müqayisədə fərqli bir siyasət ortaya qoya, daha hüquqi və ədalətli davrana bilər. Ancaq Paşinyan ümidləri doğrultmadı. Bizim üçün erməninin heç bir fərqi olmamalıdır. Çünki bütün ermənilər, böyük və ya kiçik, inqilabçı, demokrat, yaxud da avtoritar olub-olmamasından asılı olmayaraq, bütün ermənilər üçün “böyük Ermənistan” xülyası var ki,  hələ də onlar bu xülya ilə yatıb dururlar”.
Həmsöhbətimiz dedi ki, Nikol Paşinyan hökumətilə  danışıqların aparılması artıq vaxt itirməkdir: “Hətta Dağlıq Qarabağdan kənar işğal edilmiş rayonların qaytarılmasını müzakirə obyekti kimi qəbul etməyən Paşinyan hökumətinin xarici işlər nazirilə hansı məsələni müzakirə etmək olar? Dağlıq Qarabağdakı separatçılar yalnız Dağlıq Qarabağ ərazisini əhatə edən məkanı özləri üçün qondarma dövlət sayırlar. Ətrafdakı işğal olunan 7 rayonu isə bir növ təhlükəsiz bölgə kimi qəbul edirlər. Bu da bilavasitə Ermənistan tərəfdən işğal faktının təsdiqini ortaya qoymaq deməkdir. Buna rəğmən Paşinyan hökuməti hər hansı bir ərazinin geri qaytarılması məsələsinin mümkünsüzlüyündən danışır. Belə olan təqdirdə, İrəvanla absurd danışıqlar aparmağın heç bir mənası yoxdur”.
N. Mirinin fikrincə, İrəvan rəsmilərinin konfliktin həlli istiqamətində sərgilədikləri mövcud sərsəm davranışları torpaqlarımızın azad edilməsi yönündə savaşa başlamağı labüd edir: “Azərbaycanın hərbi qüdrəti dəfələrlə Ermənistandan güclüdür. Ona görə də yaranmış vəziyyətdə Azərbaycan torpaqların azad edilməsi istiqamətində hərəkətə keçməlidir. Artıq Dağlıq Qarabağda da Paşinyanın dəstəklədiyi separatçı qüvvələr hakimiyyətə gəlib.
Belə olan təqdirdə, predmetlər üzrə hansısa danışıqlara Ermənistan hökuməti razı deyilsə, artıq Azərbaycan savaşa başlamaq istiqamətində düşünmək və strateji qərar vermək məcburiyyətindədir. Danışıqlardan imtina edilməli, beynəlxalq tribunadan İrəvanın sülh danışıqlarını istəmədiyi, konkret müzakirələrə razı olmadığını bəyan edərək, BMT nizamnaməsindəki  Azərbaycanın işğaldakı öz torpaqlarını azad etmək hüququ birmənalı şəkildə bəyan edilməlidir. Bundan sonra da Azərbaycan lokal hərbi əməliyyat keçirərək torpaqların azad edilməsinə başlamalıdır. Sualın cavabı budur. Ortada Türkiyənin Suriyada uğurla həyata keçirdiyi Suriya təcrübəsi var. Artıq hərbi əməliyyatlara başlamaq zamanıdır”.
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz