Əlaqə Arxiv
news Image
2020.04.28
08:03
| A A A
İnsanların düşüncəsində əlikərimlilər tam təcrid olunub
Xalqın işi və bildiyi real həyat, öz ölkəsini sevmək və inkişaf etdirmək, düşmənlərə və fəlakətlərə qarşı mübarizədə iqtidarla birgə çalışmaqdır

 

Pandemiyadan əziyyət çəkdiyimiz dövr ölkəmizdə kimin hansı məqsədlər uğrunda çalışdığını bir daha üzə çıxardıb. Xalq və iqtidar ölkənin sabit inkişafı, ümumdünya bəlasına qarşı mübarizədə qalib olmaq üçün birlik nümayiş etdirir, verilən qərarların yerinə yetirilməsi üçün ciddi səylər göstərir. Gözləmək olardı ki, müxalif cəbhə, o cümlədən radikallar da bütün dünyadakı normal siyasi fəaliyyət göstərənlər kimi ümumi işə qoşulacaq, xalqla birlikdə olacaqlar. Amma bu qısa müddətdə də AXCP sədri Əli Kərimlinin başçılığı ilə radikalların fəaliyyəti mövcud situasiyada mənfi paradoksallığı ilə seçilir.

Son vaxtlar bu adam hökuməti şərləmək yolunda yeni kampaniyaya start verib. Gah deyir evimdə internetim işləmir, bunu hökumət qəsdən edir, gah deyir, məni qarabaqara izləyirlər, guya hökumət tərəfindən, gah deyir, telefonum bağlanıb, yenə hökumət günahkardır. Azərbaycan ictimaiyyəti belə böhtanları Əli Kərimlidən az eşitməyib. Məqsəd də aydındır, guya bu adam o dərəcədə güclü şəxsiyyətdir ki, hökumət işin-gücün buraxıb bunun əməlləri ilə məşğuldur. Halbuki Azərbaycanda söz və ifadə azadlığı tam təmin olunub və kimin nə danışdığı rəsmi strukturlar tərəfindən nə nizamlanır, nə də izlənilir. Çünki buna heç bir ehtiyac yoxdur. Dövlətin siyasi rəhbərliyi öz fəaliyyəti ilə xalqın yanındadır və bunu, demək olar ki, hər gün əməli şəkildə sübut edir. Qaldı ki, Əli Kərimliyə, bu adamın müxalifliyi haqda cəmiyyətdə aydın təsəvvürlər mövcuddur. Yəni, ondan böhtandan başqa ayrı nə isə gözləməyinə dəyməz. Bu barədə Milli Məclisin I vitse-spikeri, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli AXCP sədrinin son bəyanatları ilə bağlı dəqiq deyib: “Nəinki xalq arasında, artıq müxalif cəbhədə də sirr deyil ki, siyasi müstəvidə radikallığın əsasını, siyasi dialoqda radikal ünsiyyətin ən böyük nümunəsi Əli Kərimovdur. O, hətta müxalif cəbhədə də həmkarlarına qarşı radikal siyasi basqılardan çəkinmir. Bunu bir sıra müxalifət partiya liderlərinin açıqlamalarında da izləyə bilərsiniz”.

Son vaxtlar iqtidar radikallar da daxil olmaqla müxalifətə əl uzadıb, onları cəmiyyətdə daha fəal olmağa, ölkənin idarə olunmasında iştiraka dəvət edib. Bu təşəbbüs cəmiyyətdə böyük razılıq hissi doğurub və rasional müxalifətin böyük bir qismi təklifə müsbət yanaşıb. Ancaq radikallar mənasız yerə “daş atıb, başlarını tutublıar”. Bu da onu göstərir ki, onlar işləmək yox, dağıtmağa həvəs göstərirlər. “İqtidar-xalq” birliyi bu adamları qıcıqlandırır. Bunu təkcə hakimiyyət yox, sadə vətəndaşlar da görür. Ə. Hüseynli deyib ki, Milli Məclisə keçirilən növbədənkənar seçkilərdə müxalif namizədlərin fəal iştirakı və bir çoxunun qələbəsi, hazırda parlamentdə nəinki komitə sədrləri səviyyəsində, rəhbərlik səviyyəsində müxalifətin təmsil olunması qeyd olunan proseslərə əyani sübutdur: “Bu, AXCP adlı qurumun sədrinin arqumentlərini heçə endirdi. Sadəcə olaraq, onun təlimat aldığı qüvvələrin ona tamam fərqli tapşırıqları var. Bəyanatında açıq-aşkar insanları özünün şəxsi məişət probleminə görə küçələrə, sabitliyi pozmağa çağırır. Özü-özünü təcrid edir və bunu bütün dünyaya elan edərək özünü gülünc vəziyyətə salıb. Hazırda bütün dünyada karantin dövründə internet hər yerdə problemdir, hansı ki, bunu qabartmaq məntiqsizdir. Onu Azərbaycan hakimiyyəti yox, bütövlükdə cəmiyyət, xalq özünün keçmiş siyasi həmfikirləri təcrid edib. İndiki hay-küyü isə ona himayədarlarından növbəti tapşırıqdır ki, Azərbaycanda siyasi dialoqu əngəlləsin, bu çətin günlərdə ictimai mühitdə xaos yaratsın”.

Budur radikalların siyasi fəaliyyəti. Böhtanlarla hara qədər və niyə gedəcəklər, bu, radikalların öz işləridir, özləri bilərlər. Xalqın işi və bildiyi real həyat, öz ölkəsini sevmək və inkişaf etdirmək, düşmənlərə və fəlakətlərə qarşı mübarizədə iqtidarla birgə çalışmaqdır.

N.NOVRUZ

 

Sizin Reklam Yeriniz