Cəbhədə yenə ağır silahlar işə düşür
Akif Nağı: "Düşmən sülhə gəlməyəcəyi təqdirdə, cəbhədə müşahidə edilən bu əlamətlər torpaqlarımızın azad edilməsi istiqamətində real olaraq genişmiqyaslı hərbi əməliyyatlara çevrilə bilər"
Cəbhə bölgəsində atəşkəsin ermənilər tərəfindən mütəmadi olaraq pozulması ilə yanaşı, görünən odur ki, son zamanlar daha ağır çaplı silahlar işə salınır. Belə ki, atəşkəsin son pozulması zamanı yenidən artilleriya işə düşməyə başlayıb.
Azərbaycan Müdafiə Nazirliyinin 29 aprel tarixli məlumatına görə, Ermənistan tərəfinin iddiasının əksinə olaraq gündüz saatlarında düşmən ordusunun bölmələri atəşkəs rejimini kobud şəkildə pozaraq mövqelərimizi atəşə tutub. Azərbaycan Ordusunun bölmələri 82 millimetrlik minaatanlardan istifadə etməklə cavab atəşi ilə düşmənin atəş nöqtələrini susdurub.
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı bildirdi ki, cəbhə xəttində yenidən artilleriyanın işə düşməsi İrəvanın konstruktiv mövqeyə gəlməyəcəyi təqdirdə, torpaqlarımızın azad edilməsi istiqamətində daha böyük hərbi əməliyyatların başlanmasına rəvac verəcək: "Hesab edirəm ki, düşməni yerində otuzdurmaq üçün müharibəyə başlamalıyıq. Son hadisələr də onu göstərir ki, Ermənistan mövqeyindən geri çəkilmir. Əksinə, onlar hər vəchlə çalışırlar ki, mövcud status-kvo saxlanılsın.
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin son onlayn görüşündə də işğalçı ölkənin həmin statusla bağlı olan naziri həyasızcasına bəyan etdi ki, münaqişə ətrafında guya mərhələli həll variantı yoxdur. Belə bir mərhələli plan haqında fikri bilirsiniz ki, bu günlərdə Rusiya xarici işlər naziri Sergey Lavrov diqqətə çatdırmışdı. Ermənistan Rusiyanın təsiri altında və onun himayəsində olsa da, görünən odur ki, İrəvan Moskvaya qarşı da çıxır. Rusiya mətbuatı da Qarabağ məsələsində Ermənistan baş naziri Nikol Paşinyanı yalan danışmaqda ittiham edir. Məntiqli bir sual ortaya çıxır. Mərhələli həll variantı ortalıqda deyilsə, bəs ortalıqda nə var? Nədən onda görüşürlər? Ermənistan bu sualın cavabını verə bilmir.
Ermənistan daxilində də ciddi narazılıq var, bu ölkədə parçalanma daha da dərinləşir. Hətta, kilsə də daxili çəkişmələrə qoşulub. Son günlər məsələ barədə Azərbaycan tərəfindən səslənən bəzi maraqlı mesajları da izlədik. Azərbaycan Xarici İşlər naziri mətbuata müsahibəsində açıq şəkildə göstərdi ki, danışıqların predmeti mərhələli həll variantıdır və ilk mərhələdə Dağlıq Qarabağdan kənarda yerləşən işğal olunmuş ərazilərimiz azad olunacaq. Ardınca, məcburi köçkünlər yerlərinə dönəcək. Nəhayət sonda Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın statusu ilə bağlı referendum keçiriləcək. Yəni danışıqlar prosesində bu məsələlər müzakirə olunur. Digər tərəfdən, başqa bir maraqlı məqam odur ki, Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Dağlıq Qarabağdakı ermənilərin Azərbaycan tərkibinə qayıtmaq istədikləri barədə müraciətlə çıxış etdiklərinə dair ilk baxışdan sensasion görünən açıqlama ilə çıxış etdi. Bu da maraqlı proseslərdən xəbər verir. Hiss olunur ki, hazırlıq gedir. Cəbhə bölgəsində də minamyotlar işə salınıb. Halbuki, keçən ildən başlayaraq artilleriya və minamyotlar demək olar ki, susmuşdu. Deməli, müəyyən əlamətlər var. Amma bu əlamətlərin real hadisəyə çevrilməsini gözləyirik. Düşmən ağıllanmasa, əslində bunu gözləmirik, təmas xəttində artilleriyanın işə düşməsi torpaqlarımızın azad edilməsi istiqamətində real olaraq genişmiqyaslı hərbi əməliyyatlara çevrilə bilər. Çünki düşmən geri otuzdurulmağın başqa yolunu tanımır".
Rüfət NADİROĞLU