Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanın münaqişənin mərhələli həlli ilə bağlı parlament komissiyasında səsləndirdiyi fikirlər bir daha düşmənin sülh yolundan uzaq qaçdığını göstərir. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) artıq Mnatsakanyanın Dağlıq Qarabağ münaqişəsinin mərhələli həlli ilə bağlı parlament komissiyasında səsləndirdiyi fikirlərinə münasibət bildirib. XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib ki, ölkəmizin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyi bəllidir və dəyişilməzdir.
“Münaqişə BMT Nizamnaməsinin, Helsinki Yekun Aktının prinsiplərinə və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq həll edilməli, Ermənistanın silahlı qüvvələri Azərbaycanın işğal olunmuş bütün ərazilərindən çıxmalı və bu torpaqlardan didərgin salınmış məcburi köçkünlər öz evlərinə geri qayıtmalıdırlar. Bu məsələdə hər hansı bir əlavə şərhə yer yoxdur”, - deyə XİN rəsmisi vurğulayıb. İndilikdə isə İrəvan hər vəchlə çalışır ki, danışıqlarda hər hansı bir irəliləyiş əldə olunmasın. Bu məqsədlə də proseslə bağlı məqamlar haqqında danışarkən “gah nala, gah da mıxa” vururlar. Bu gedişlə sülh danışıqlarına son qoyula bilərmi?
Politoloq Natiq Miri İrəvanla hansısa razılığa gəlməyin mümkün olmadığını bildirdi: “Əslində, çoxdan bəllidir ki, sülh danışıqları artıq tükənib. Bu yöndə Ermənistanla hansısa razılaşmaya getmək mümkün olmayacaq. Çünki bütün hərbi-siyasi təzyiqlərə rəğmən, danışıqların irəliləməsi istiqamətində konkret siyasi nəticələr əldə edilməyib. İrəvan bütün vasitələrədn istifadə edərək bundan yayınmağa çalışır.
Rusiya xarici işlər naziri Sergey Lavrov bildirmişdi ki, problem yalnız mərhələli həll yolu ilə həll oluna bilər. Ancaq onun bu açıqlaması Ermənistan ictimai-siyasi həyatında süngü ilə qarşılandı. Bu faktın özü də bir daha göstərdi ki, indiki vəziyyətdə Ermənistan hər hansı bir güzəştə getməyə hazır deyil”.
Həmsöhbətimiz Rusiyanın İrəvna təzyiq edəcəyini də gözləmir: “Lavrovun açıqlamasından sonra Ermənistana birbaşa təzyiqlərin olmasını da görmürük. Rusiya Xarici İşlər Nazirliyi konkret olaraq verdiyi bəyanatdan o tərəfə addım atmadı, bu yöndə konkret açıqlamalar vermədi. Həmin faktın özü də göstərdi ki, indiki halda Rusiya Ermənistana ciddi təzyiq etmək fikrində deyil. İndi Rusiyanın başı daha çox özünə qarışıb. Ona görə də hazırda Rusiya daha çox öz problemlərilə məşğuldur.
Doğrudur, Moskva öz geosiyasi marağı çərçivəsində problemin həllində maraqlı ola bilər. Ancaq Kreml Dağlıq Qarabağ ətrafı bir neçə rayonun qaytarılması müqabilində Rusiya qoşunlarının həmin ərazidə yerləşdirilməsini istəyir. Bunu da təbii ki, Azərbaycan qəbul edə bilməz. Çünki Dağlıq Qarabağ və ətraf ərazilərdə hansı ölkənin qoşunları yerləşəcəksə, həmin bölgə bilavasitə bu dövlətin nəzarəti altında olacaq”.
O baxımdan politoloq düşünür ki, Ermənistanla danışıqların heç bir perspektivinin olmadığı artıq birmənalı etiraf olunmalı və bu vəziyyət beynəlxalq tribunadan bütün dünya birlikləri, güclərinə bəyan edilməlidir: “Konkret Ermənistana ultimatum şəklində vaxt verilməlidir. Konkret zaman kəsiyində İrəvan işğal olunmuş ərazilərdən qoşunlarını geri çəkməsə, Azərbaycan BMT nizamnaməsində nəzərdə tutulan öz torpaqlarını azad etmək hüququndan istifadə edəcəyini bəyan etməlidir. Bilirsiniz ki, işğal olunmuş ərazilərimizdə həm erməni, həm də PKK terrorçuları yerləşib. O baxımdan Azərbaycanın antiterror əməliyyatı keçirməyə tam haqqı var. Necə ki, bu hüquqdan öz təhlükəsizliyi üçün Türkiyə istifadə edib, Azərbaycan da belə addım atmalıdır.
Bundan sonra masa arxasında Azərbaycanın hərbi-siyasi mövqeyi güclənəcək və bu fonda İrəvanla danışmaq daha asan olacaq. Ermənistan ipə-sapa yatmayacaqsa, Azərbaycan bu əməliyyatları davam etdirəcək və torpaqları azad edəcək. Bu gün bunun üçün heç bir maneə yoxdur”.
Rüfət NADİROĞLU