İyulun 18-də Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin səmərə verdiyini bildirib.
Mövqe.az-ın məlumatına görə, prezident bildirib ki, korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin səmərə verdiyini həm ölkə əhalisi hiss edir, eyni zamanda, bu məsələ ilə məşğul olan beynəlxalq qurumlar da bunu qeyd edirlər: "Bu yaxınlarda beynəlxalq təşkilatlar tərəfindən aparılan sorğu da onu göstərir ki, Azərbaycan əhalisi korrupsiyaya qarşı mübarizənin aparılması ilə bağlı atılan addımları alqışlayır. Əhalinin təxminən 70 faizi hesab edir ki, Azərbaycanda bu istiqamətdə çox ciddi və səmərəli mübarizə aparılır. Deyə bilərəm ki, dünya miqyasında bu göstərici təxminən 20 faiz səviyyəsindədir. Azərbaycanda isə 70 faiz səviyyəsindədir. Yəni, budur göstərici və budur gördüyümüz işlərin əsas nəticəsi. Ona görə mən çox şadam ki, bu mübarizə öz səmərəsini verməkdədir. Hesab edirəm ki, biz daha da fəal olmalıyıq. Korrupsiya, rüşvətxorluq üçün mövcud olan meydanı maksimum dərəcədə daraltmalıyıq. Bir daha demək istəyirəm ki, cəza tədbirləri tətbiq olunur və tətbiq olunacaqdır. Eyni zamanda inzibati tədbirlər və sistem xarakterli addımlar atılır və atılacaqdır. Onların içində əlbəttə ki, elektron hökumət, elektron xidmətlər xüsusi yer tutur. "Asan xidmət"in fəaliyyətini mən xüsusi vurğulamaq istəyirəm. Qısa müddət ərzində əhali arasında böyük rəğbət qazanan bu xidmət öz fəaliyyətini genişləndirir. Mənim göstərişimlə orada göstərilən xidmətlərin sayı da artır. Gələcəkdə biz baxmalıyıq ki, orada qısa müddət ərzində toplanan təcrübəni biz başqa sahələrdə də necə tətbiq edə bilək. Biz bunu edəcəyik, bu bizim seçdiyimiz yoldur".
Dövlət başçısı qeyd edib ki, dövlət məmurlarının məsuliyyəti də bu məsələdə öz rolunu oynayır və oynamalıdır: "Hər bir dövlət məmuru korrupsiyaya qarşı çox ciddi mübarizə aparmalıdır. Hər idarə rəhbəri bu prinsipləri əsas tutmalıdır. Çünki Azərbaycanın sürətli inkişafı reallıqdır. Gələcəyimiz çox parlaqdır. Azərbaycan bir daha demək istəyirəm ki, inkişaf etmiş ölkələrin sırasına daxil ediləcəkdir, mütləq bu, olacaqdır. Ona görə də biz bütün xoşagəlməz halları aradan götürməliyik və elə etməliyik ki, bu göstəriciyə görə də Azərbaycan dünyada qabaqcıl yerlərdə olsun".