Bir sıra hallarda hər hansı dövlətdə beynəlxalq təşkilatlar tərəfindən seçkiləri dəyərləndirmək üçün istifadə olunan metodika digər dövlətlərin maraqlarından irəli gələrək tətbiq olunur. Bunu Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çərşənbə axşamı Mərkəzi Seçki Komissiyasında (MSK) Dairə Seçki Komissiyalarının (DSK) sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslarda "Seçki (referendum) prosesində aşkarlıq institutları və KİV-in rolu" mövzusunda mühazirəsi zamanı bildirib.
Ə.Həsənov deyib ki, dünyada 100-dək QHT var ki, onlar ABŞ Konqresinin qərarı ilə yaradılıb və ildə onlara 200 milyard dollaradək maliyyə vəsaiti yönəldilir: "Bu maliyyə vəsaitinin yönəldilməsinin məqsədini bir ABŞ, bir də həmin QHT-lər tərəfindən təyziqə məruz qalan ölkələr bilir. Bəzi hallarda xarici ölkələrə açıq müdaxilələr edilir, onların qanuni seçilmiş prezidenti devrilir, varidatları ələ keçirilir".
PA-nın şöbə müdiri çıxışında qeyd edib ki, ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Konstitusiya islahatları həyata keçirilib və 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası ilə xalqın hakimiyyətin mənbəyi olduğu isbatlanır.
Ə.Həsənov çıxışında Azərbaycanda dövlət quruculuğu strukturu, hakimiyyətin bölgüsü barədə məlumat verib.
Öz mühazirəsində Ə.Həsənov həmçinin dünya dövlətlərinin siyasi rejimləri, həmin ölkələrdə mövcud olan seçki praktikası barədə məlumat verib.
Ə. Həsənov çıxışından sonra jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan dövləti özünün iradəsini Azərbaycan xalqının müəyyən etdiyi yolla həyata keçirir: "Amma bütövlükdə beynəlxalq təşkilatlarla əlaqədə də biz müəyyən beynəlxalq təcrübəni öyrənirik, Azərbaycanda tətbiq edirik, onların ən əhəmiyyətlilərini, Azərbaycan xalqının, dövlətinin inkişafına xidmət edənlərini nəzərə alırıq, həyata keçiririk. Bəzən təəssüflər olsun ki, beynəlxalq aləmdən Azərbaycana təzyiqlər olur. Biz bu təzyiqləri mövcud normalar və Azərbaycanın mövcud maraqları çərçivəsində dəyərləndiririk, təzyiqlər Azərbaycan üçün qəbuledilməzdir, amma onların tövsiyə xarakteri daşıyanlarını nəzərə alırıq".